Deputat Elmira Axundova və oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına dair yeni məlumatlar ortaya çıxıb.
Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır. “İstiqlal.az”a müraciət edən Elvin Vəliyev da deyir ki, Həbib Axundovun dostu Elnur İbrahimovla yaratmış olduqları maliyyə fırıldağı onu və onlarla başqa şəxsi aldadaraq külli miqdarda vəsait mənimsəyib. Nəticədə onun 202 min, Ziya Vəliyevin 205 min, Sabir Ağayevin 115 min, Şahin Məhərrəmovun 70 min, Fərman Məmmədovun isə 575 min məbləğində pulları əllərindən çıxıb.
E.Vəliyev saytımıza müraciətində yazır ki, onlar əvvəlcədən ciddi şəkildə, hər bir xırda detalına qədər planlaşdırılan dələduzluq cinayəti ilə üz- üzə qalıblar. E.Vəliyev məhz Həbib Axundovun vasitəsi və zəmanəti ilə birbaşa onun özünə və hazırda CM-nin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnur İbrahimova pul verdiklərini iddia edirlər: “Mən Vəliyev Elvin Elşad oğlu, millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun yaxın dostu və şəriki Elnur İbrahimov tərəfindən aldadılan şəxslərdən biriyəm. Mən heç kimə şər və böhtan atmıram, sadəcə olaraq istintaqdan obyektiv araşdırma istəyirəm. Elnur İbrahimov öz havadarlarına arxalanaraq mənə və onlarla şəxsə külli miqdarda zərər vurub. Elnur İbrahimov Cinayyət Məcələsinin 178.3.2 maddəsiylə axtarışda olsa da hələ də onun barəsində beynəlxalq axtarış verilməyib. Hüquq mühafizə orqanları onun ölkə xaricinə, yəni Rusiyaya qaçdığını bildikləri halda bu barədə heç bir tədbir görmürlər. Hələ Elnur İbrahimov ölkədə olan zaman mən Elnurla görüşüb pullarımı tələb etmək istəyəndə, Həbib Axundov Elnurun mənimlə görüşməsinə imkan yaratmırdı”.
E.Vəliyevin sözlərinə görə, E.Axundovanın oğlu H.Axundov özünün də 900 min manat zərər etdiyini bildirsə də, sonradan ortaya çıxan bir sıra faktlar fərqli mənzərə yaradıb: “Zaman keçdikcə mən Həbibin dəyəri yüz minlərlə ölçülən bahalı avtomobil kolleksiyasını, Axundovların bu yaxınlarda Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanında tikdirdiyi və dəyəri 5 milyon manatdan çox olan 6 mərtəbəli qeyri yaşayış obyektinin, Nərimanov rayonu Aşıq Alı küç 45 ünvanda yerləşən dəyəri 10 milyon manat civarında olan 5 mərtəbəli qeyri yaşayış obektini gördükdən sonra belə qənaətə gəldim ki, 3-4 il ərzində bunları necə əldə etmək olar? Deputat maaşıyla və gömrükdə işləyərək alınan 480 manat məvacibləmi? Son bir aya qədər Həbib Axundov gömrük orqanlarında işləyirdi. Onu da qeyd edim ki, hazırda bu işlə bağlı məsələ BŞBPİ də araşdırılır və mən də həmin iş üzrə zərərçəkmiş kimi tanınıram”.
E.Vəliyev deputat oglunun obyektlərinin fotolarını da redaksiyamıza təqdim edib.