Alyansın bölgəyə gəlişi NATO üzvü Türkiyənin rolunu gücləndirəcək, Qarabağ məsələsində daha əlverişli situasiya yarana bilər, ən qəliz durumda - Ermənistan...
NATO baş katibinin Gürcüstana, Gürcüstan timsalında isə Cənubi Qafqaza ilk rəsmi səfəri yəqin ki, hələ uzun müddət diqqət mərkəzində qalacaq. Xüsusən də şimal qonşumuz Rusiya yəqin ki, bu ziyarəti xeyli müddət unutmayacaq və alyans rəhbəri Yens Stoltenberqin səfərinin region dövlətləri üçün siyasi-təbliğati effektini və nəticələrini aradan qaldırmaq üçün əlindən gələni edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) səfərlə bağlı isterik reaksiyasından aydınca görmək olar. Gözlənildiyi kimi, XİN özünün rəsmi nümayəndəsi Mariya Zaxarovanın dilindən Gürcüstanda NATO təlim-tədris mərkəzinin açılmasını “təxribatçı addım və bölgədə sabitliyi pozacaq ciddi faktor kimi” qiymətləndirdi.
Sitat: “Mərkəzin bazasında təlimlərin və NATO-ya üzv ölkələrin, Gürcüstanın, həmçinin NATO-ya tərəfdaş ölkələrin silahlı qüvvələrinin operativliyinin, uzlaşdırılmış fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. Biz bu addımı alyansın həm də tərəfdaş ölkələrin resurslarından istifadə eləməklə öz geosiyasi təsirini artırmaq üçün təxribatçı siyasətinin davamı kimi qiymətləndiririk”.
XİN yetkilisi əlavə edib ki, Gürcüstanda NATO-nun belə bir hərbi obyektinin yerləşdirilməsi “regionun təhlükəsizliyi üçün ciddi sabitsizlik faktoru olacaq”.
Göründüyü kimi, NATO baş katibi Tiflisdə mərkəzin açılışının hər hansı üçüncü ölkəyə qarşı yönəlmədiyini bəyan eləsə də, Rusiya yenə alyansa qarşı qəzəblidir, çünki faktiki olaraq NATO Qafqazın sərhədini ilk dəfə olaraq keçib və Rusiyanın az qala həyati əhəmiyyətli saydığı, Azərbaycanın da yerləşdiyi bir bölgəyə daxil olub.
Yeri gəlmişkən, təlim mərkəzindən həm də Azərbaycan silahlı qüvvələri təcrübə toplamaq üçün istifadə edəcək və alyans bu yöndə ölkəmizə yardımçı olacaq. Yəni belə bir obyekt Azərbaycan və Gürcüstanın təhlükəsizliyi üçün əlavə güvənlik faktoru deməkdir ki, bu da əlbəttə ki, Moskvanın ürəyincə deyil.
***
Moskvanı qəzəbləndirən sözsüz ki, həm də NATO rəhbərinin Gürcüstanda verdiyi başqa bir açıqlamadır. Stoltenberq demişdi ki, NATO Abxaziya və Sxinvali regionunun (Cənubi Osetiya) müstəqilliyini tanımır. Sitat: “NATO-nun suverenlik və ərazi bütövlüyü ilə bağlı dəstəyi güclüdür. Biz Gürcüstanın regionları olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər olaraq tanımırıq. Söhbət Gürcüstanın ərazi bütövlüyünün pozulmasında getdiyi üçün biz bunu həmişə qınayırıq”.
Başqa sözlə, alyans rəhbəri Rusiyanın bir addımlığında üstəlik, onu işğalçı adlandırıb. Belə bir yanaşma təbii ki, aqressiv separatizmlə üzləşən Azərbaycanın da çıxarlarına uyğundur.
Bu yerdə yada salaq ki, NATO Parlament Assambleyası Azərbaycanın da ərazi bütövlüyünü tanıyan qətnamə qəbul edib. O üzdən rəsmi Bakı açıq şəkildə bacarmasa da, NATO-nun bölgəyə gəlişini alqışlamalı, öz cavab mesajını hansısa formada ona çatdırmalıdır, çünki baş verənlər köklü maraqlarımızla, Qarabağ məsələsindən dolayı gözləntilərimizlə tam uzlaşır, Rusiyanın və onun satelliti Ermənistanın regionda təxribatçı addımlarına qarşı əlavə immunitet yaradır və nəhayət, qardaş Türkiyənin NATO üzvü kimi bölgədə rolunun güclənəcəyini özündə ehtiva edir.
***
NATO-nun Qafqaza girişi ilə bu və başqa səbəblərdən hazırda ən qəliz durumda məhz Ermənistan görünür. Bunu erməni analitikləri də qeyd edir. Onlardan birinin mövqeyi: “Nüfuzlu beynəlxalq KİV-lər Gürcüstanda NATO təlim mərkəzinin açılışını dərhal misli görünməmiş hadisə adlandırdı. Həqiqətən də NATO infrastruktur olaraq, SSRİ-nin çöküşündən 25 il sonra faktiki surətdə Güney Qafqaza daxil olub. Problem ondadır ki, postsovet gerçəkliyində Qafqazın Moskvanın hərbi-siyasi məsuliyyət zonasından çıxarılması həmişə həlledici məsələlərdən olub.
Aydındır ki, təlim mərkəzi hələ hərbi baza deyil, ancaq gün kimi aydındır ki, bu, artıq yeni bir prosesin başlanğıcıdır və zamanında NATO-nun hərbi mövcudluğuna da gətirəcək, Demək, Moskva bu prosesə 100 faiz reaksiya verəcək (artıq verib -müəllif). Problem isə həm də ondadır ki, Rusiya cavab addımı kimi Ermənistan qarşısında yeni tələblər qoya bilər. Bununla da Ermənistan-Gürcüstan, Ermənistan-NATO münasibətləri təhlükə altına düşər. Belə olarsa, rəsmi İrəvan bu tələblərə gedərsə, ölkə, onun milli təhlükəsizliyi olduqca riskli duruma düsəcək”.
***
Beləcə, NATO-nun regiona rəsmən girişi həm də bölgə ölkələri üçün, ələlxüsus da Azərbaycan və Ermənistan üçün ciddi seçimlər yaradıb. Bir şey dəqiqdir ki, Gürcüstanla yanaşı, Azərbaycan üçün də Ermənistandan fərqli olaraq NATO qismində daha bir etibarlı müttəfiq qazanmaq şansı yaranıb. Özü də daha uzağa getməyə lüzum yox - NATO artıq bölgədə, lap yaxınlığımızdadır.
Analitik xidmət//musavat.com