Əgər əhali kiçik borcları ödəyə bilmirsə...

1-09-2015, 08:31   
Əgər əhali kiçik borcları ödəyə bilmirsə...
Böyük məbləğlərin ödənişində yaranmış problemi təsəvvür etmək çətin deyil

Ölkədə sosial-iqtisadi vəziyyət hər gün daha da kəskinləşir. Bu haqda mütəmadi yazılsa da, statistik rəqəmlər fəlakətin anonsunu versə də, ekspertlər həyəcan təbili çalsa da, hakimiyyət heç bir əməli addım atmır. Əksinə, çıxış yolu kimi xırda sahibkarlara əlavə “haqq” tətbiq etməyi, vətəndaşı daha artıq sıxmağı seçiblər. Bu isə avtomatik olaraq sosial partlayışa zəmin hazırlayır və prosesi qarşısıalınmaz mərhələyə yuvarlayır.

Statistik rəqəmlər göstərir ki, problemli mikrokreditlərin həcmi dəfələrlə artıb. Fins.az xəbər verir ki, 2015-ci ilin ilk yarısının yekunlarına görə, ölkədəki mikrokredit təşkilatlarının kredit portfelində problemli kreditlərin həcmi 4 dəfədən çox yüksəlib. Beləliklə, 2014-ci ilin ilk yarısının nəticələrinə görə, problemli mikrokreditlərin həcmi 12 507 810 dollar idisə, 2015-ci ilin ilk yarısının nəticələri bu rəqəmin 4.1 dəfə artaraq 51 774 032 dollar olduğunu göstərir. Mikrokrelit portfelində problemli kreditlərin həcmi 1,5 faizdən 7,6 faizə qalxıb. Ayrı-ayrı təşkilatlarda isə problemli kreditlərin həcmində daha böyük, hətta 10 dəfələrlə artım baş verib. Problemli kreditlərin artımı mikrokreditləşmə ilə məşğul olan, demək olar, bütün təşkilatlarda baş verib. Azərbaycanda hazırda mikrokreditləşmə ilə 8 bank məşğul olur. Ekspertlər bildirir ki, mikrokreditlərdə problemli kreditlərin fantastik artımı iri məbləğli kreditlərlə bağlı vəziyyətin daha acınacaqlı olduğunu deməyə əsas verir.

Bu rəqəmlərdən də görünür ki, əhalinin ödəmə qabiliyyəti 10 dəfə azalıb. AzTV-lər gecə-gündüz ölkənin çiçəkləndiyini söyləsə də, statistik rəqəmlər bütün çiçəklərin solduğundan xəbər verir. Faktiki olaraq mikrokreditlərin ödənişində tormozlanma yaranıb. Deməli, makrokreditlərin ödənişində vəziyyət daha acınacaqlıdır. Ayda 100-150 manat ödəniş etməli olanlar “ağ bayraq” qaldırıbsa, ayda 500-1000 manat ödəməli olanların vəziyyətini təsəvvür etmək çətin deyil.


Artıq vəziyyət o qədər şəffafdır ki, “inkişafımızı gözləri götürmür”, “müxalifət qərəzlidir” kimi arqumentlər ikrah doğurur. Insanlar minimal borcunu ödəyə bilmədiyi üçün intihar edir, ailənin gündəlik tələbatını ödəyə bilməyənlər cinayət etməyə məcbur qalırlar. Faktiki olaraq 5-3 faiz ölkənin sərvətlərindən bəhrələnir, qalan əhali isə yaşamaq üçün mübarizə aparır. Eyni zamanda məlum olur ki, 20 ildən artıq müddətdə iqtisadiyyatın inkişafı üçün heç bir addım atılmayıb. Sadəcə olaraq neftin yüksək qiyməti bütün problemləri ört-basdır etməyə, süni inkişaf görüntüsü yaratmağa imkan verib.

Gedişat onu göstərir ki, yaxın gələcəkdə milyonlarla insan kredit borclarını ödəməkdən açıq şəkildə imtina edəcək. Çünki, bu şərtlər daxilində həm yaşayıb, həm də ağır faizləri ödəmək mümkünsüz olub.

Belə bir şəraitdə nə monopoliyalar ləğv olunur, nə sahibkarlığa imkan yaradılır, nə Qərblə münasibətlərin normallaşdırılmasına cəhd edilir, nə də süni qiymət artımlarının qarşısı alınır. Əksinə, hakimiyyət bu neqativ tendensiyasını daha da sürətləndirmək yolunu tutub.

Nəticə bundan ibarətdir ki, ölkə vətəndaşı altına girdiyi yükü qaldıra bilmir.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.