Xədicə İsmayıla 7 il 6 ay həbs cəzası verildi VİDEO

1-09-2015, 18:43   
Xədicə İsmayıla 7 il 6 ay həbs cəzası verildi VİDEO
Jurnalist hökmü gülüşlə qarşılayıb; Əli Kərimli: "Ümidləri özünü doğrultmadı"

Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi başa çatıb. Sentyabrın 1-də Bakı Ağr Cinayətlər Məhkəməsində məhkəmə jurnalistə hökm oxuyub. Məhkəmənin hökmü ilə Xədicə İsmayıla 7 il 6 ay həbs cəzası verilib.

Hökm X.İsmayılın ittiham olunduğu maddələrdən 125-ci maddə istisna olunmaqla, qalan 4 maddə üzrə verilib. 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə isə X.İsmayıla bəraət verilib.


“Xədicəni həbs etməklə bəslədikləri ümid özünü doğrultmadı”

AXCP sədri Əli Kərimli jurnalist Xədicə İsmayıla oxunan hökmə münasibət bildirib. O, facebook səhifəsində yazıb:

“Gözlənilən sifarişli hökm elan edildi. Xədicə İsmayıl 7 il yarım müddətinə azadlıqdan məhrum edildi.

Xədicə İsmayılı həbs etdilər ki, həm ondan indiyə qədər apardığı junalist araşdırmalarının qisasını alsınlar, həm də bundan sonra da yeni-yeni araşdırmaları ilə onların korrupsiya əməllərini ifşa etməsinə imkan verməsinlər. Amma yenə də hesabları səhv çıxdı.

Əvvəla, Xədicə xanımın yarımçıq qalmış korrupsiya araşdırmalarını hazırda beynəlxalq araşdırmaşı jurnalistlər davam etdirirlər. Xədicə xanımın həbsindən sonra da 5-6 çox sanballı, rejimi yerdən-yerə vuran korrupsiya araşdırmaları ictimaiyyətə təqdim olunub. Heç şübhəsiz ki, beynəlxalq səviyyədə korrupsiya ifşaları bundan sonra da davam edəcək. Deməli, rejim başçılarının Xədicə İsmayılı həbs etdirməklə hələ də ifşa olunmamış korrupsiya əməllərinin gizli qalacağına olan ümüdləri özünü doğrultmadı.

İkincisi, Xədicə İsmayıl dünyada tanınan jurnalistdir. Məhz onun və Leyla Yunusun həbsi hökumətə qarşı beynəlxalq basqıları daha da artırıb. Bu cəsur xanımların həbsdə saxlandığı hər gün hakimiyyəti bir az da sarsıdır. Hökumət anlamalıdır ki, bu xanımlar hazırda həbsxana şəraitində onlar üçün daha böyük təhlükədir, nəinki nisbi azadlıqda. Hökumət humanizm nöqteyi-nəzərindən yox (mən bunlardan humanizm gözləmirəm), sivil dünyadan tamamilə qopmamaq üçün bu mübariz xanımları dərhal azad etməlidir. Ölkədə çox nadir situasiyalardan biri yaranıb ki, bizim cəmiyyət olaraq istək və tələbimiz hökumətin özünün də maraqlarına zidd deyil. Siyasi məhbuslar, ilk növbədə Xədicə xanım və Leyla xanım tezliklə azad edilməlidir. Azacıq ağıl və məntiqlə fikirləşsələr, iqtidardakılar da başa düşər ki, onları azad etmək hökumətin də maraqlarına zidd deyil. Tərslik edəcəkləri, qisasçılığı davam etdirəcəkləri təqdirdə isə həm ölkə daxilindən, həm də beynəlxalq aləmdən təzyiqlərin yeni dalğasını qəbul etməyə hazırlaşsınlar".

"Xədicənin qələmi dayanmacaq!"

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən jurnalistin anası deyib ki, Xədicə hökmü gülərək qarşılayıb:



Beynəlxalq birlikdən ilk reaksiyalar

Xədicə İsmayıl barəsində çıxarılan hökmə artıq beynəlxalq birlikdən də reaksiyalar gəlməkdədir.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib ki, bu hökm Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı olan və ciddi narahatlıq doğuran neqativ tendensiyanın tərkib hissəsidir. Bu, ölkədə insan haqları və ifadə azadlığına çox pis təsir göstərəcək addımdır.

Human Rights Wathc təşkilatı isə bəyan edib ki, hakimiyyət uzun müddət Xədicə İsmayıla qarşı qara piar kampaniyası aparıb, onu təqib edib. Təşkilat jurnalistə qarşı məhkəməni və çıxarılan hökmü siyasi motivli adlandırıb və hökmün ləğv olunmasına çağırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.