İlham Əliyevdən oliqarxlara seçki qadağası

1-09-2015, 20:27   

Vahid siyahı ilə bağlı sensasiyalı məlumatlar

Azərbaycan Prezidenti İlham Əliyev son günlər hökumətin bəzi qüdrətli, oliqarxlaşmış üzvləri ilə məsafə saxlayır.

Bəzi nazirlər, generallar Prezidentlə təkbətək görüşə cəhd göstərsələr də, buna nail ola bilmirlər. Prezidentlə görüşmək istəyənlərə dövlət başçısının köməkçiləri və müşavirləri ilə danışmaq məsləhət bilinir.”

Bu məlumat “AzPolitika.info”ya hökumətə yaxın mötəbər mənbədən daxil olub.
Məlumata görə, oliqarx-nazirlərin Prezidentlə görüşə can atmaları parlament seçkiləri, hakim partiyanın namizədlər siyahısı ilə bağlıdır. “Onların hərəsinin əlində bir siyahı var. Hakim partiyanın vahid namizədlər siyahısına öz adamlarının adlarını salmağa çalışırlar. Lakin belə görünür ki, Prezident bu səpgili xahişləri qəbul etmək belə istəmir”, deyə mənbə bildirib.

Məsələ ondadır ki, ənənəvi olaraq hakimiyyət parlament seçkilərinə əvvəlcədən ən yüksək səviyyədə təsdiqlənmiş vahid siyahı ilə gedir. Hansı ki, iqtidar bütün imkanlarını məhz adları bu siyahıda olanların mandat almasına yönəldir. Bu sənədin bir hissəsi ictimaiyyətə YAP-ın siyahısı kimi açıqlansa da, tam şəkildə yalnız kiçik bir cevrəyə məlum olur. Yəni, kiminsə adının YAP-ın siyahısında olması hələ hakimiyyətin onun deputat olmasını istədiyi və ya buna çalışacağı mənasını vermir. Bəzi dairələr hakimiyyətyönlü partiyalara, bitərəflərə və “konstruktiv” müxalifətə “güzəştə” gedilsə də, YAP formal olaraq, həmin dairələrdən də namizədlə çıxış edir. Ona görə də, deputat olmaq şansını artırmaq üçün, əsas məsələ YAP-ın açıqılayacağı deyil, hakimiyyətin müdafiə edəcəyi siyahıya adını saldırmaqdır.

Elə bəzi nazirlər, oliqarx məmurlar da öz adamlarını parlamentin tərkibinə qatmaq üçün, onların adlarını hakimiyyətin siyahısına salmağa çalışırlar. Ötən seçkilərdə buna böyük ölçüdə nail olsalar da, bu dəfə vəziyyət deyəsən bir qədər fərqlidir.

Belə görünür ki, əvvəllər “ƏSAS SİYAHI” ayrı-ayrı nazirlərin, oliqarx məmurların maraqları nəzərə alınmaqla, Prezident Administrasiyasında hazırlanır, təsdiqlənmək üçün Prezidentə təqdim olunurdusa, hazırda bu praktikadan imtina edilib – ayrı-ayrı nazirlərin, qüdrətli dairələrin vahid siyahının formalaşdırılmasına təsir imkanları minimuma endirilib. Bunun dəqiq səbəbi məlum olmasa da, bəzi ehtimallar irəli sürmək olar.

Birincisi, çox böyük ehtimalla, ötən seçkilərdən sonra meydana çıxan xoşagəlməz söhbətlərin, videoların ümumilikdə hakimiyyətin və dövlətin nüfuzuna ciddi zərbə vurduğu nəzərə alınıb.

İkincisi, ayrı-ayrı nazirlərin, oliqarx məmurların müdafiə etdikləri kəmsavad, qabiliyyətsiz insanların deputat seçdirilməsinin parlamentin nüfuzunu necə zədələdiyinin də fərqinə varılıb və bu praktikadan imtina edilib.

Üçüncüsü, hakimiyyətin Qərblə qarşıdurması elə bir səviyyəyə çatıb ki, parlament seçkilərinin açıq saxtakarlıqla keçirilməsi çox pis nəticələr verə bilər. Hətta Azərbaycan parlamentinin legitimliyinin qəbul olunması təhlükəsi də realdır. Bu səbəbdən hakimiyyət seçkiyə elə bir siyahı ilə getməlidir ki, xalqdan həqiqətən də səs ala bilsin və sairə.

Dövlət başçısının bu qərarı, təbii olaraq hakimiyyət daxilində də ciddi narahatçılığa səbəb olub. Hökumət dəhlizlərində, hakimiyyətə yaxın çevrələrdə Prezidentin bu qərarı birmənalı olaraq, onun parlamentin tərkibində əsaslı dəyişikliklər etmək niyyəti ilə bağlanır. Bunun səbəbi haqda konkret fikir söyləmək çətin olsa da, bəzi mülahizələr irəli sürmək olar.

Əvvala ordan başlayaq ki, verilən qərar Prezidentin oliqarxları seçki prosesindən kənarda saxlamaq niyyətini açıq şəkildə ortaya qoyur. Bunun da arxasında həm xarici, həm də daxili faktorlar dayana bilər.
Xarici faktorlardan biri kimi, oliqarxların təmsilçilərinin yenidən parlamenti “işğal etməsinin” Qərbdə kəskin reaksiya doğura biləcəyini söyləmək olar. Məlumdur ki, Azərbaycan hakimiyyəti ilə Qərb ölkələri, beynəlxalq təşkilatlar arasında münasibətlər heç vaxt olmadığı qədər soyuqlaşıb. Belə bir vaxtda seçkilərə diqqət həddindən artıq ciddi olacaq. Hətta ATƏT-in Müşahidə Missiyasının rəyi Qərbin parlament seçkilərinin nəticələrini tanıyıb-tanımayacağı məsələsini gündəmə gətirə bilər.

Ona görə də, namizədlərin verilməsi məsələsinə hakimiyyətin xüsusi həssaslıqla yanaşması vacibdir. İctimaiyyət arasında tanınmayan, və yaxud mənfi imicə malik şəxsi hansısa oliqarxın adamıdır deyə açıq saxtakarlıqla parlamentə soxmaq ağır nəticələr verə, hətta parlamentin legitimliyi tanınmaya bilər.

Bu baxımdan Prezidentin qərarını həm də Azərbaycanın seçkidən sonra ciddi beynəlxalq təzyiqlərlə üzləşməsinin qarşısını almaq üçün həyata keçirilən proflaktik tədbir kimi xaraterizə etmək olar. Hər halda dövlət başçısının hakimiyyətin namizədi kimi çıxış edəcək şəxsləri şəxsən müəyyən etməsi oliqarxların total saxtakarlıqla olsa belə biznes layihələrinin başında duran təsadüfi adamları parlamentə yerləşdirmələrinin qarşısını alar. Eyni zamanda hakimiyyətin cəmiyyətdə müəyyən nüfuza malik, siyasi savadı, ictimai fəallığı olan namizədlərlə seçkiyə getməsinə səbəb olar ki, bu da seçkilərin demokratik şəkildə keçməsinə imkan verər.

Oliqarxların parlament seçkilərindən kənarda saxlanılmasını şərtləndirən daxili faktor kimi isə, onlara olan əvvəlki inamın itməsini göstərmək olar. Buna səbəb xüsusilə neftin qiymətinin düşməsi və Avropa oyunları ilə əlaqədar meydana çıxan maliyyə problemi, həmçinin devalvasiya öncəsi oliqarxların hərəkətləri olub.

Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, həmin vaxtlar Prezidentin Vergilər Nazirliyinə büdcəni doldurmaq üçün xüsusi səlahiyyətlər verməsi təsadüfi olmayıb. Bir çox oliqarxın iri şirkətləri Avropa oyunları ilə əlaqədar nəinki könüllü maliyə yardımları edib, əksinə, büdcə qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınıblar. Bir çoxlarının isə “maliyyə xəyanətinə” yol verdiyi məlum olub. Belələrindən biri – Beynəlxalq Bankın İdarə Heyətini sədri Cahangir Hacıyev artıq vəzifəsindən götürülüb, həbs olunacağı gözlənilir. Onun “vurulmasının” arxasında yalnız milyardlarla krediti girovsuz paylaması deyil (bu vəsaitlər ayrı- ayrı oliqarxların təminatı ilə verilib-red.), həm də və əsasən «devalvasiya möhtəkirliyinə» yol verməsinin durduğ bildirilir. Belə ki, hökumətin devalvasiya qərarından öncədən xəbərdar olan C. Hacıyevin iri kapital sahiblərilə əlaqəyə girərək, onların 100 milyonlarla, ümumilikdə bir necə milyard manat vəsaitini dövlətin sərəncamında olan dollarlarla dəyişdiyi bildirilir. Hətta bəzi iddialara görə, devalvasiyadan öncə C. Hacıyev özünə yaxın bəzi iş adamlarına manatla külli miqdarda kredit buraxıb, sonra onu dollara çevirib. Yəni, hakimiyyəti ağır vəziyyətdə qoymaq hesabına olsa belə gizlincə 100 milyonlarla vəsait qazanmağa çalışıb. Ancaq üstü açılıb…

Ancaq maliyyə xayanətinə yol verən, gizli əməllərinin üstü açılan yalnız o, olmayıb. “AzPolitika.info”nun əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin apardığı araşdırmalar isə daha ciddi nüansları ortaya çıxarıb. Məlum olub ki, hakimiyyətə özünü ən sədaqətli şəxs kimi təqdim edən qüdrətli nazirlər belə büdcəni talamaqla kifayətlənməyib, həm də qeyri rəsmi büdcədən gizlincə böyük vəsaitlər yayındırıblar. Oliqarxlar hər nə qədər bunun məsuliyyətini tabeçiliyindəkilərin üzərinə atmağa çalışsalar da, onlara inam sarsılıb. Bu başqa mövzu olduğundan, indi üzərində çox dayanmırıq. Ancaq oliqarxların parlamentdən, ümumiyyətlə siyasi proseslərdən tamamlə kənarda saxlanmasına qərar verilməsinin arxasında bu amilin də ciddi rolunun olduğu şübhə doğurmur.

Oliqarxların siyahıları kənarda saxlanıldığından Prezidentin hakimiyyətin namizədlərini hansı kriteriyaar əsasında müəyyənləşdirəcəyi, əlbəttə, maraq doğurur. Bununla bağlı iki fikir mövcuddur.

Birinci fikir odur ki, Prezident hakimiyyətin müdafiə edəcəyi namizədlərin siyahısını böyük ölçüdə YAP rəhbərliyinin təqdimatı əsasında müəyyən edəcək.

İkinci fikir odur ki, Prezident hakimiyyətin müdafiə edəcəyi namizədlərin siyahısını ətrafında özünün daha çox inandığı bir neçə şəxsin və hakimiyyətdaxili qruplar içərisində ona daha yaxını olan Bakı qruplaşmasının rəyi əsasında müəyyən edəcək. Bu variant daha inandırıcı hesab olunur.

Əlbəttə, başqa variantların olması da istisna deyil. Ancaq istənilən variantda parlamentin tərkibində ciddi dəyişikliklərin olacağını gözləmək olar. Ən azı oliqarxlara bağlı, siyasi savadı olmayan, alverci psixologiyalı şəxslərin bu dəfə hakimiyyətin namizədləri arasında omayacağını gözləmək olar. Hər halda yaxın günlərdə buna aydınlıq gələcək.

P.S. Ötən seçkilərdə nazirlərin, yüksək vəzifəli şəxslərin istəyi ilə palamentə düşən biznes adamlarına misal olaraq, Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin baş direktoru, “AzNUR” şirkətinin təsisçisi Xanlar Fətiyevi, «Karat» dəyirman holdinqin rəhbəri Əsabil Qasımovu, «European Tobacco-Baku» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr Rüfət Quliyevi, “Nur” MMC-nin sədri Nəriman Əliyevi, «Kaspian yıldız» şirkətinin baş direktoru İqbal Məmmədovu, «Azərkimya» İstehsalat Birliyinin rəhbəri Muxtar Babayevi, “XXI ƏSR” şirkətinin rəhbəri Elton Məmmədovu, «Azinko» tikinti şirkətinə başçılıq edən Malik Həsənovu, «Avromed» şirkətinin direktoru Cavanşir Feyziyevi və başqalarını göstərmək olar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.