Parlament seçkilərinə inanılmaz beynəlxalq maraq

2-09-2015, 09:13   
Parlament seçkilərinə inanılmaz beynəlxalq maraq
ATƏT DTİHB 30 uzunmüddətli, 350 isə qısamüddətli müşahidəçi göndərir; AŞ PA-da seçkilərə dair qərar verdi...
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində işlər davam edir.

Məntəqə seçki komissiyaları seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını sentyabrın 27-dək təqdim etməlidir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər.

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən qaydada təsdiq edildikdən sonra seçici siyahıları Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdiriləcək.
MSK isə noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxıb.

Qeyd edək ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5250000 (beş milyon iki yüz əlli min) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

Dünən isə məlum olub ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.

APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, müşahidə missiyası Azərbaycanın 1 noyabr tarixində keçiriləcək seçkiləri müşahidə etməklə bağlı rəsmi dəvətinə və 12-14 avqust tarixlərində Azərbaycanda olan ehtiyacların qiymətləndirilməsi missiyasının səfərinin yekunları və araşdırmalarına əsasən göndərilir. Bunun üçün 15 proqramlı vəzifə üçün yer ayrılıb və onlar fəaliyyətlərinə 14 sentyabrdan başlayacaqlar. İnzibati vəzifələr üçün 14 yer ayrılıb və onların vəzifələrinin başlama tarixi 5 sentyabrdır. Daha 16 vəzifə isə regionlardakı ofislərə ayrılıb və onlar 22 sentyabr tarixindən işə başlayacaqlar. ATƏT DTİHB bu vəzifələrin tutulması ilə bağlı vakansiya elan edib. Qurum noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli müşahidəçi, 350 qısamüddətli müşahidəçi göndərəcək. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər.



Avqustun 31-də isə Avropa Şurası Parlament Assambleyasının Büro iclasında noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyasının göndərilməsinə dair qərar qəbul edilib. Müşahidə missiyasına 13 deputat daxil ediləcək.

Qeyd edək ki, bir müddət öncə bəzi beynəlxalq təşkilatlar parlament seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini bəyan etmişdilər. Məsələn, Avropa Parlamenti Bakı ilə münasibətlərinin soyuqlaşmasından sonra belə bir mövqeni bəyan edib.

İndi isə belə görünür ki, beynəlxalq təşkilatlar getdikcə mövqelərində dəyişiklik etməyə başlayıblar, Azərbaycandakı seçkiləri daha ciddi şəkildə müşahidə etmək, nəzarətə götürmək xətti tutublar.



“Beynəlxalq təşkilatların seçkini müşahidə eləməsi, yoxsa hakimiyyətlə münasibətlərin pisləşməsi səbəbindən müşahidəçilikdən imtina etmələri demokratiyanın xeyrinədir” sualı ilə müraciət etdiyimiz Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, beynəlxalq qurumların, o cümlədən dünya birliyi dövlətlərinin Azərbaycanda demokratiyanın inkişafı istiqamətində fəaliyyətini durdurması Azərbaycanın maraqlarına uyğun deyil: “Nümunə üçün ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən iki institutunun Azərbaycandan çıxarılması məsələsini diqqətə çatdırmaq istəyirəm. Biz burada həm Beynəlxalq Respublikaçılar İnstitutunun, eyni zamanda Beynəlxalq Demokratlar İnstitutunun fəaliyyətindən tam şəkildə razı deyildik. Ancaq müəyyən fəallıq var idi, siyasi partiyalar arasında müzakirələrin aparılması, seçki kampaniyası dövründə müəyyən tədbirlər həyata keçirilməsi, hər halda, ölkədə az da olsa demokratiya cücərtilərinin yaranmasına xidmət edirdi. Hazırda həmin institutlar Azərbaycanı tərk edib və hesab etmirəm ki, bununla Azərbaycanda demokratiyanın vəziyyəti daha da yaxşılaşıb. Eləcə də beynəlxalq qurumlar seçkiləri müşahidə etməsə, beynəlxalq müşahidəçilər gəlməsə, seçki prosesi diqqət mərkəzində saxlanmasa, hesab etmirəm ki, bu, avtomatik olaraq Azərbaycanda vəziyyətin dəyişməsi ilə nəticələnəcək”.
/musavat.com/
Etibar SEYİDAĞA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.