Hikmət Hacızadə: «Gürcüstan birmənalı Qərbyönümlü kurs seçdiyindən Rusiya Azərbaycan uğrunda mübarizəyə başlayıb»
Lavrovun səfərinin təsadüf etdiyi zaman və bu səfər ərəfəsində baş verənlər maraq doğurur. Lavrov Bakıya gəlməmişdən öncə rusiyalı qalmaqallı milyarder German Sterliqovla bağlı yaşananlar, onun saxlanılması, Abbas Abbasovun “Azərros”dan istefası maraq doğurur. Eyni zamanda cəbhədə baş verən olaylar da diqqətdən kənarda qalmamalıdır. Belə ki, ermənilərin toy çadırını gülləbaran etməsi təsadüfi sayılmır.
Bundan başqa, Lavrovun mətbuat konfransında verdiyi bir sıra bəyanatlar da maraq doğurur. Belə ki, ABŞ-Rusiya münasibətlərinə, mümkün dialoquna toxunan Lavrov belə bir danışığın yalnız bərabər əsasda mümkün ola biləcəyini söyləyib. Lavrov eyni zamanda vurğulayıb ki, dialoqun mümkün olması üçün ABŞ Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmalıdır. Lavrovun avtoritar rejimlərə dəstək bəyanatını da Bakıdan səsləndirməsi təsadüfi sayılmır. O bildirib ki, Rusiya Əsəd rejimini bundan sonra da dəstəkləyəcək və Suriya hakimiyyəti Səddam, Qəzzafi hökumətləri kimi tam legitimdir.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Lavrovun səfəri ərəfəsində cəbhədə baş verənlər və başqa olaylar sıradan hadisələrdir. Onların Lavrovun səfərinə aidiyyəti yoxdur: “Lavrovun səfəri təkcə Qarabağla bağlı deyildi. Rusiya Qərblə mübarizəsi üçün ümumi dəstək axtarır. Rusiya Azərbaycanı öz tərəfinə çəkmək istəyir. Gürcüstan birmənalı Qərbyönümlü kurs seçdiyindən Rusiya Azərbaycan uğrunda mübarizəyə başlayıb”.
Lavrovun Qərbə ünvanladığı mesajlara, diktator rejimlərinə birmənalı dəstək verməsinə gəlincə, H.Hacızadə bildirdi ki, bu bir daha sübut edir ki, Putin seçdiyi aqressiv kursdan imtina etmək niyyətində deyil: “Putin öz mövqeyində qalır, Qərbi eşitmir. Rusiya birmənalı şəkildə bəyan edir ki, aqressiv siyasətini davam etdirəcək. ABŞ və Qərb Rusiyanın işlərinə qarışmır. Biz bunun şahidi olmamışıq. Lavrovun ona görə bu istiqamətdə dedikləri reallıqdan uzaqdır. Amma Rusiya Gürcüstanın, Ukraynanın, Azərbaycanın işlərinə qarışır. Qərb məhz bu məqama etiraz edir. Lavrovun çıxışı ona işarədir ki, Rusiyanın xarici siyasətində dünya üçün yeni bir şey yoxdur”.