Beynəlxalq Bankın keçmiş rəhbəri haqda müdhiş xəbərlər ; Beynəlxalq Bankın əsas maxinasiyalarının həyata keçirildiyi Lüksenburq filialının müdiri Ali Məhkəmənin sədrinin oğludur; Moskva filialında da çirkli pulların yuyulduğu haqda ciddi xəbərlər var; ABB-nin batacağı haqda 4-5 il öncə nələr yazmışdıq?
Azərbaycan Beynəlxalq Bankın (ABB) sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı mətbuatda vaxtaşırı xəbərlər yayılır. Adı dövlətin 6 milyard manat (bəzi mənbələr bu məbləğin 10 milyard olduğunu iddia edir-red.) vəsaitini yeyib dağıtmaqda hallanan sabiq ABB rəhbəri neçə illərdir medianın diqqətindədir. İnternetdə onun barəsində axtarış verdikdə məlum olur ki, Beynəlxalq Bank və onun sabiq rəhbəri haqda neçə illərdir yazılır. Bu yazılanlara bu gün nəzər saldıqda C.Hacıyevin Beynəlxalq Bankı sanki bilərəkdən çökdürdüyünə inanmamaq olmur.
Demək, 4-5 il öncəki yazılarda beynəlxalq maliyyə qurumlarının ABB ilə bağlı bədbin proqnozları boşuna deyilmiş. İllər öncə Cahangir Hacıyevin dövlətin milyardlarla dollar vəsaitini dağıtdığı deyilirdi, yazılırdı. Amma həmin dövrdə nə beynəlxalq reytinq şirkətlərinin açıqlamalarına fikir verilirdi, nə də yerli medianın yazılarına. Çünki o zaman büdcə neft milyardları hesabına şişmişdi. Neftin qiymətinin sürətlə düşməsi Beynəlxalq Bankda yoxa çıxan, yeyilən və “yuyulan” milyardları yada saldı...
Bu yazını hazırlayarkən google axtarış sisteminə müraciət edib bəzi məlumatları dəqiqləşdirmək istədik. Qarşımıza xeyli maraqlı məqalələr çıxdı. Həmin məqalələr Beynəlxalq Bankın çətin durumundan, C.Hacıyevin qara əməllərindən bəhs edir. Məsələn, 16 dekabr, 2011-ci ildə “Yeni Müsavat”da “Cahangir Hacıyev Beynəlxalq Bankı batırır” başlıqlı yazı dərc olunub. Təxminən 4 il öncə yazılan bu məqalədə bildirilir: “Azərbaycanın ən iri və vaxtilə ən nüfuzlu banklarından biri olan Beynəlxalq Bankın vəziyyətinin riskli olduğu barədə daha bir beynəlxalq reytinq agentliyi öz qiymətini açıqlayıb. ”Fitch" reytinq agentliyi Azərbaycanın Beynəlxalq Bankının (ABB) uzun müddətli və qısa müddətli, fərdi və dayaq reytinqlərini aşağı salıb. Uzunmüddətli reytinq əvvəl “BBB-” idisə, indi “BB+”-dur. Agentliyin açıqlamasında deyilir ki, ABB-nin reytinqlərinin endirilməsinə səbəb bankın rekapitalizasiyasının , yəni borclarının səhmlərinə nisbətinin qaydaya salınmasının ləngidilməsi, bankın tənzimləmə qaydalarına riayət etməməsidir. “Fitch” hesab edir ki, ABB-nin vaxtlı-vaxtında kapital dayağı yoxdur, ona görə bankın reytinqi investisiya səviyyəsində qala bilməz".
Həmin məqalədə yazılıb ki, ABB 2010-cu ildə görünməmiş həcmdə - 111 milyon 124 min manat ziyana düşüb. Sitat: “Deloitte & Touche" şirkəti bu haqda 82 səhifəlik şərti auditor rəyi verib. O, ABB-nin saytında yerləşdirilib (www.ibar.az). 2011-ci ilin fevralında ABB Azərbaycanda təkcə bank xidmətlərindən 48,8 mln manat xalis mənfəət əldə etdiyini bildirilmişdi. Qrupun ziyanı 2009-2010-cu illərdə Moskvada bir neçə tikinti şirkətinə 377 mln manat məbləğində uzunmüddətli kreditlərin dəyərsizləşməsi üzrə itkilər üçün ehtiyat yaradılması nəticəsində baş verib. Bu, məcmu kapitalın 362,6 mln manatdan (31 dekabr 2009-cu il) 251,5 mln manatadək azalmasına səbəb olub. Bankın nizamnamə kapitalı isə 240 mln manatdır. ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ona gətirib çıxarıb ki, bank iki ildir dalbadal AMB-nin səhmdar (6%) və məcmu (12%) kapitalın adekvatlığı tələbini ödəyə bilmir. Əgər 2009-cu ildə bu göstərici müvafiq olaraq 7,97% və 11,27% idisə, 2010-cu ildə 5,1% və 8,25% olub. Demək, AMB istənilən vaxt maliyyə sanksiyası tətbiq edə, hətta ABB-nin lisenziyasını ləğv edə bilər .Auditor hesablayıb ki, səhmdarlara məxsus kapital 2009-cu ildən 108,3 mln manat azalıb və 31 dekabr 2010-cu il üçün 229,7 mln manat olub". Məqaləni aşağıda verdiyimiz linkə daxil olmaqla oxumaq mümkündür.
Beynəlxalq Bank və onun sabiq rəhbəri haqda daha bir yazı 20 Dekabr 2011-ci ildə “Yeni Müsavat”da dərc olunub. Həmin yazıda C.Hacıyevin Moskvada supermarketlər şəbəkəsi açmağa hazırlaşmasından bəhs edilir. Həmin yazıdan sitat: “Son günlər bir-birinin ardınca iki nüfuzlu beynəlxalq reytinq agentliyi tərəfindən kredit reytinqi aşağı salınan, xarici auditor tərəfindən ötən ili rekord həcmdə ziyanla başa vurduğu üzə çıxarılan Azərbaycan Beynəlxalq Bankı ilə bağlı yeni xəbər var. Rusiya KİV-ləri xəbər verir ki, bankın Moskva filialı bu ölkənin iri şəhərlərində onlarla böyük supermarketlər şəbəkəsi qurmaq üçün azərbaycanlı iş adamlarına kifayət qədər ciddi məbləğdə kredit verib.
“Kommersant” qəzetinin xəbərinə görə, ABB-Moskva bankı tərəfindən maliyyələşdirilən kredit layihəsi çərçivəsində iki il ərzində Rusiyanın iri şəhərlərində “Setka” adlı supermarketlər şəbəkəsi yaradılacaq".
Yazıda bildirilir ki, bu layihəyə Beynəlxalq Bankın Moskva filialı vasitəsilə 100 milyon dollar yatırılıb.
Yeri gəlmişkən, son günlər redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, C.Hacıyev qara əməliyyatları əsasən Beynəlxalq Bankın Moskva və Lüksemburq filialları vasitəsi ilə həyata keçirib. Yuxarıda sitat verdiyimiz yazılardan da görünür ki, ABB Rusiyada ən müxtəlif layihələrə küllü miqdarda vəsait yatırdıb. C.Hacıyev hətta Abxaziyada separatçılarla da bəzi biznes layihələri həyata keçirib. Bu haqda “Yeni Müsavat”ın 3 mart 2012-ci il tarixli sayında “Cahangir Hacıyev separatçılarla iş birliyində” başlıqlı məqalədə ətraflı yazılıb.
Həmin yazıdan bir hissəni oxucuların diqqətinə çatdırırıq: “Qaynağın bilgisinə görə, C.Hacıyevin şübhəli əməlləri təkcə Abxaziya sərhədləri ilə məhdudlaşmır. O, Beynəlxalq Bankın özəlləşdirməsində iştirak edəcək konsultant şirkətlərin tenderində özünə yaxın şirkətin seçilməsinə nail olub. Bunun üçün ona lobbiçilik edən təşkilat və şəxslərə böyük məbləğli yatırımlar edib.
Mənbənin iddiasına görə, Beynəlxalq Bank çirkli pulların yuyulması ilə də məşğuldur. C.Hacıyev bank vasitəsi ilə çirkli pulları depozit və kredit kimi rəsmiləşdirir və bundan sonra leqal pul kimi Avropadakı bank hesablarına köçürür. Bu pullar hazırda əsasən İran və Yaxın Şərq ölkələrindən gətirilir. Onun, xarici ölkələrdə yaratdığı şirkətlər vasitəsi ilə çirkli pulların yuyulması əməliyyatları artıq ABŞ, Avropa və İsrailin xüsusi orqanlarının diqqətini cəlb etmişdir.
Qısa desək, C.Hacıyev Azərbaycanı çirkli pulların yuyulmasında tranzit ölkə kimi tanıtmaq üçün əlindən gələni edir. Bu əməliyyatlar bankın Moskva filialı vasitəsi ilə gerçəkləşir. Məsələn, bu sahədə C.Hacıyevin Azərbaycanda fəaliyyət göstərən “Evsen Group” şirkətinin qurucusu olan Əli Evsen ilə sıx “işgüzar” əlaqələri olub. Əli Evsen adı indiyədək bir çox qalmaqallarda hallanıb. Onunla bağlı sonuncu qalmaqal İspaniyada baş vermişdi. Yada salaq ki, Ə.Evsenin Madriddə həbsinə səbəb keçmiş Misir prezidenti Hüsnü Mübarəkin pullarının leqallaşdırılmasında rol alması olmuşdu.
Əli Evsen Hüsnü Mübarəkin xəzinədarı sayılan keçmiş ordu generalı Hüseyn Salemlə birlikdə həbs olunub və onlara qarşı çirkli pulların yuyulması üzrə ittiham irəli sürülüb". Yazı ilə ətraflı bu link vasitəsi ilə tanış olaq mümkündür. Xatırladaq ki, ABB-nin Moskva filialında artıq 3-4 aydır ki, yoxlamalar başlayıb.
ABB-nin çirkli pulları yuyulduğu, qaranlıq əməliyyatların aparıldığı ünvanlardan biri də yuxarıda qeyd etdiyimiz kimi, Lüksemburq filialıdır. Bu filialın müdiri Ali Məhkəmənin sədri Ramiz Rzayevin oğludur. Qeyd edək ki, Lüksemburq ofşor zonadır. Bütün ofşor hesablar da bu filialdadır.
Ofşor bölgələrdə yerləşən banklar vergi ödəmir, bu da onlara maksimal faiz dərəcəsi ilə depozit cəlb etmək imkanı verir. Ofşor bank depozitorun rezidenti olduğu ölkədən kənarda yerləşməklə bir sıra vergi və hüquqi üstünlüklərə malik olur. Buraya etibarlı bank sirri, aşağı səviyyəli və ya ümumiyyətlə olmayan vergiqoyma, depozitlərin çox asan qəbulu, yerli siyasi və maliyyə dayanıqsızlığına qarşı müdafiə daxildir. Vergidən yayınma və çirkli pulların yuyulması ilə əlaqədar ofşor bankçılıq bəzən “kölgə iqtisadiyyatı” və mütəşəkkil cinayətkarlıqla əlaqələndirilir.
Aydın ABBAS