Artıq bir neçə müddətdir ki, redaksiyamıza Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair məlumatlar ardıcıl olaraq daxil olmaqdadır. Həmin məlumatlarda son vaxtlar ümumiyyətlə Sumqayıt şəhər səhiyyə sisteminin olduqca ağır duruma düşdüyü bildirilsə də, mənbələr bu sahədə ən zəif nöqtələrdən birinin də məhz 1 saylı Doğum Evi olduğunu xüsusi vurğulayırlar.
İlk növbədə məlumatlarda bilıdirilir ki, müəssisənin baş həkimi Sevda İsgəndərli burada doğuşların qəbulunu əsil biznes fəaliyyətinə çevirib.Əldə etdiyimiz məlumatlarda 1 saylı Doğum Evinin bir çox məqamlarda məhz özəl tibb müəssisləri kimi fəaliyyət göstərdiyi vurğulanır. Məsələn, bildirilir ki, bu müəssisənin qəbul şöbəsində doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur. Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir. Belə ki, şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır.
Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş təxminən 700-800 manata qədər başa gəlir. Həmçinin aldığımız məlumatlara görə, Sevda İsgəndərli burada dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, doğum evinin hər bir işçisindən də aylıq haqq tələb edir. Həm də bu haqq ay ərzində müəssisənin xidmətlərindən istifadə etmiş insanların sayından asılı olaraq dəyişmir. Belə ki, müəssisənin sanitar və texniki personalı hər ay 5 manat, tibb bacıları 10 manat və həkimlər isə 20 manat olmaqla “fond pulu” ödəmək məcburiyyətindədirlər.
Mövzuya dair dərc etdiyimiz son materialda biz göstərmişdik ki, aldığımız açıqlamalara görə, baş həkim Sevda İsgəndərlinin rəhbərlik etdiyi Sumqayıt şəhər 1 saylı Doğum Evində bu müəssisənin fəaliyyətində müşahidə olunan neqativ hallara dair məlumatları mətbuata təqdim edən mənbənin müəyyənləşdirilib cəzalandırılması yönümündə təcili tədbirlər planlaşdırılır. Bu yönümdə daha çox fəallığı ilə seçilən şəxslərdən biri kimi isə, Doğum Evinin Həmkarlar təşkilatının sədri, cərrahiyə şöbəsinin müdiri Sənan Rəhimovun adı çəkilmişdi. Mənbə belə bir ehtimal da irəli sürmüşdü ki, Sənan həkim qəzetimizdə təqdim edilən növbəti məlumatlarda 1 saylı Doğum Evində şəxsən onun iştirakı ilə həyata keçirilən bir sıra qanun pozuntularına da toxunulacağından ehtiyat edir.
Ötən materialda artıq qeyd olunmuşdu ki, Sənan Rəhimovun öz həyat yoldaşı Sevda Rəhimovanı 5000 manat müqabilində doğum şöbəsinə baş tibb bacısı kimi işə düzəltməyi, onun həmkarlar təşkilatının xətti ilə paylanan göndəriş vərəqələri və hətta yeni il münasibətilə uşaqlar üçün keçirilən bayram şənliklərinə dəvətnamələrlə törətdiyi maxinasiyalar onun yol verdiyi qanun pozuntularından ən “yüngülləri” kimi qiymətləndirilə bilər.Bu günlərdə isə, redaksiyamıza Sumqayıt şəhər 1 saylı Doğum Evinin əməkdaşlarından biri, yeni doğulan uşaqlara qulluq üzrə tibb bacısı vəzifəsində çalışan Samirə Babayeva gəlmişdir. Söhbət əsnasında məlum oldu ki, Samirə xanım qəzetimizdə bu xüsusda gedən materialları diqqətlə izləyir.
Diqqətəlayiq haldır ki, Samirə Babayeva həm də dərc etdiyimiz materiallarda təqdim olunan faktların hamısını bir daha təsdiqlədi. Bundan başqa isə, tibb bacısı müxtəlif vaxtlarda 1 saylı Doğum Evinin fəaliyyətində yer almış qanun pozuntularına dair Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Səhiyyə Nazirliyinə və digər əlaqədar qurumlara ünvanladığı şikayət ərizələrinin surətlərini də bizə təqdim etdi. Qeyd etməliyik ki, həmin ərizələrdə də qəzetimizdə təqdim olunan halların əksəriyyəti öz əksini tapmışdı. Sonda Samirə xanım bunu da bildirdi ki, səhhətində olan problemlə bağlı o, bir müddət işə çıxmamışdır.
Hal-hazırda isə, artıq sağalmaq üzrə olduğundan, Samirə Babayeva ayın 8-dən etibarən yenidən işə çıxmağa hazırlaşır. Bu arada isə, doğum evindən aldığı məlumata görə, baş həkim Sevda İsgəndərli tibb bacısına “sürpriz” hazırlayıb. Belə ki, Samirə xanım bülletendən sonra ilk iş günündə reanimasiya şöbəsinə növbətçi təyin edilib. Baş həkim doğum evinin personalına deyib ki, müşahidə kameraları vasitəsilə Samirə Babayevanın hər hansı bir “çp”-sini tutub, bununla da onu işdən qovacaq. Məsələ bundadır ki, Samirə xanım göndərdiyi şikayət ərizələri səbəbindən artıq iki dəfə töhmət almışdır. Buna görə də baş həkim Sevda İsgəndərli ümid edir ki, artıq üçüncü töhmətdən sonra bu arzuolunmaz tibb bacısından yaxa qurtarmaq üçün “qanuni” əsası olacaq…
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.