İlham Əliyev: “On milyon dollarlarla vəsait aşkarlanıb…”
“Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib, prezident seçkiləri ərəfəsində sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu”
Azərbaycan prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. APA-nın məlumatına görə, dövlət başçısı müşavirədə çıxış edib.
Prezident bildirib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur.
Dövlət başçısı bildirib ki, bu iqtisadi tənəzzülün müxtəlif obyektiv və subyektiv səbəbləri var, bu səbəbləri ekspertlər araşdırır və araşdıracaqlar: “Bizim vəzifəmiz isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”.
Prezident İlham Əliyev bildirib ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəblərinin təhlilini aparmaq üçün kifayət qədər informasiya var: “Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır. Yaxın Şərqdə son illər yüz minlərlə insan həlak olub. Onlar xarici müdaxilənin, qanlı toqquşmaların qurbanı olublar və bu müharibənin sonu görünmür, əksinə, yeni müharibə ocaqları yaranır, günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, iqtisadi və siyasi böhranlar hökm sürür, qarşıdurma meylləri güclənir. Postsovet məkanı bizim qonşuluğumuzdadır. Biz bunu görürük və ictimaiyyət də yaxşı bilir ki, xarici müdaxilə öz rolunu oynayır. Bundan əziyyət çəkən də yenə günahsız insanlardır”.
Azərbaycan prezidenti daha sonra qeyd edib: “İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa İttifaqı böyük humanitar fəlakət ilə üz-üzədir. Xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş yüz minlərlə insan, sığınacaq tapmaq, öz canını qurtarmaq üçün Avropaya üz tutur və hazırda böyük köç müşahidə olunur. İlk dəfədir ki, İkinci Dünya Müharibəsindən sonra bu mənzərə ilə üzləşirik. Bu, böyük humanitar fəlakətdir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə söyləyib.
Dövlət başçısı deyib ki, bu insanlar artıq bir neçə ildir ki, bu humanitar fəlakətlə üz-üzədirlər: “Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu gün bu insanların bir hissəsi artıq Avropa qitəsinə üz tutub, indi Qərb mediası gecə-gündüz bu görüntüləri yayırlar, sanki o insanlar bu vəziyyətin yaranmasına görə günahkardırlar. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin, xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur, özlərini, ailələrini qorumalıdırlar. Ona görə də bu gün bu humanitar fəlakət ilk növbədə o insanların humanitar fəlakətidir”.
Avropa İttifaqının siyasətinə gəlincə, prezident İlham Əliyev bildirib ki, zaman Aİ-nin bəyan etdiyi dəyərlərə nə qədər sadiq olduğunu göstərəcək: “İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu yazıq insanlara qarşı işgəncələrə yol verilir, onların ləyaqəti alçaldılır. Bu insanlara qarşı geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik”.
Azərbaycan prezidenti İlham Əliyev daha sonra deyib ki, Azərbaycanın bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var və biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət, hörmət qazanmışıq.
Dövlət başçısı bildirib ki, Azərbaycanın mövqeyi bütün məsələlərlə bağlı ədalətlidir: “Ədalətli mövqeyi müdafiə edərək belə işlərlə barışa bilmirik. Bu gün dünya xəritəsində dəyişikliklər baş verir və istisna edilmir ki, gələcəkdə də bu dəyişikliklər davam etsin. Azərbaycana gəlincə, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir, sabitlik möhkəmlənir, beynəlxalq mövqelərimiz daha da güclənir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli və böyük hörmətə malik üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir, xalq siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də iqtisadiyyatımız uğurla inkişaf edir”.
Prezident İlham Əliyev bildirib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda “Maydan hərəkatı” yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər ”.
Dövlət başçısı qeyd edib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha ciddi forma alıb: “Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür də qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi. Çünki Azərbaycan bu gün dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qurmuşuq. Kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə morionetka görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər. Ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox! Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə “yox” dedi. Azərbaycan xalqı Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalqla iqtidar arasında birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər, biz heç kimin qabağında gözü kölgəli deyilik, öz sözümüzü deyirik, deyəcəyik, Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bu siyasətin nəticəsində ölkəmizi böyük bəlalardan qoruya bilirik”.
İlham Əliyev daha sonra deyib: “Baxın, Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada nələr baş verir? O ölkələrin ərazi bütövlüyü demək olar ki, pozulub. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün müsbət meyllər gözə dəyimir”.
Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: “Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə uzanan çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, inamlı inkişafımızı təmin edəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində neftin qiyməti kəskin aşağı düşüb: “Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq, gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələr icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir”.
Prezident İlham Əliyev həmçinin deyib: “Biz xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir, gələn ay biz 9 ayın yekunları ilə bağlı hökumətin iclasında bunu müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, ilin sonuna qədər çox yüksək nəticələrlə ili başa vuracağıq”.
Dövlət başçısı bildirib ki, bu ilin ötən müddəti ərzində Ümumi Daxili Məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı isə 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir, kənd təsərrüfatı məhsullarının istehsalı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz artıb: “Bu, böhranlı illərdə əldə edilən nailiyyətdir. Dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Çünki ilk növbədə bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, bu, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlarla bağlıdır. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir”.
Prezident xatırladıb ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib: “Azərbaycanın 3B səviyyəsində reytinqi var və bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir. Bu, mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdi. Halbuki çox böyük hadisədir. İndi başqa ölkələrin də kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nə üçün? Əvvəllər bədxahlar, paxıllar bizim uğurlarımızı neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasilatı var, ona görə də inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan, islamofob qüvvələr, müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Avropa Oyunları ərəfəsində, Avropa Oyunları zamanı və indi, bu gün də bizə qarşı çirkin kampaniya davam edir. Nə üçün? Çünki biz ölkəmizi qoruyuruq, imkan vermirik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar. İmkan verməyəcəyik də! Bugünkü iqtisadi və siyasi mənzərə bundan ibarətdir”.
Azərbaycan prezidenti daha sonra deyib: “İlin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Gələn il hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də iqtisadiyyatımız artsın”.
Dövlət başçısı bildirib ki, hökumətin bir neçə gün əvvəl keçirilən iclasında gələn ilin büdcə layihəsi müzakirə edilib: “Artıq bununla bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir.
Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. İndi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, daha da sürətli inkişaf getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi.
Bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Lakin burada köklü şəkildə dönüş yaranıb. Sosial-infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaranıb. İnfrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti qeyd olunmalıdır. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.