ABŞ-dan Azərbaycana qarşı sanksiya çağırışı

9-09-2015, 08:24   

Azərbaycandakı keçmiş səfir Riçard Kozlariç hesab edir ki, Amerika hökuməti narahatlıq bəyanatlarından sanksiyalara keçməlidir

«Məhkəmə sistemilə manipulyasiya edərək açıq danışanları cəzalandıran hökumətə qarşı sanksiyalar ən güclü vasitədir»

Azərbaycanda xüsusən araşdırmaçı jurnalist Xədicə Ismayılovanın barəsində çıxarılan məhkəmə hökmü Qərbdə, o cümlədən ABŞ-da ciddi reaksiyalara səbəb olub. Azərbaycandakı repressiyalara son qoyulması üçün Qərb hökumətlərinə sərt addımlar atmaqla bağlı çağırışlar da artıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də hesab edir ki, narahatlıq ifadə edən bəyanatlarla danışmaq Azərbaycandakı repressiyalara adekvat deyil. Birləşmiş Ştatlar və Avropa Ittifaqı Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirməlidir. Bu barədə “EurasiaNet.org”da “Azərbaycan: sanksiyaların tətbiqi məsələsinə baxmağın vaxtı deyilmi?” başlığıyla dərc olunmuş geniş həcmli məqalədə bildirilir. Məqalənin tərcüməsini təqdim edirik:

***

Bir sıra regional ekspertlər hesab edir ki, Azərbaycan hökumətini insan hüquq və azadlıqlarına hörmət qoymağa məcbur etmək üçün Birləşmiş Ştatlar və Avropa Ittifaqı rəsmi Bakıya qarşı iqtisadi və siyasi sanksiyaların tətbiqi məsələsinə baxmalıdır. Bəzi hüquq müdafiəçiləri bildirir ki, jurnalist Xədicə Ismayılovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair sentyabrın 1-də çıxarılan hökm Azərbaycanla Birləşmiş Ştatlar, eləcə də Avropa Ittifaqı arasında əlaqələrdə sınma nöqtəsi kimi qiymətləndirilməlidir. Ismayılova mənimsəmə, vəzifədən sui-istifadə, qanunsuz sahibkarlıq kimi ittihamlarla mühakimə olundu. Lakin onun tərəfdarları bildirir ki, Ismayılovaya qarşı ittihamlar saxtadır. Məqsəd isə Azərbaycanın yüksək vəzifəli şəxsləri və onların ailə üzvlərinin korrupsiyasını ifşa edən araşdırmalarının qarşısını almaqdır.

ABŞ, Böyük Britaniya və Avropa Ittifaqının diplomatları açıq şəkildə Azərbaycan hökumətini tənqidçilərə qarşı hücumları dayandırmağa, Ismayılovanı azadlığa buraxmağa çağırıb. Azərbaycan hökuməti isə bu cür çağırış və tənqidləri “reallığı təhrif etmək”, “məhkəmə proseslərini siyasiləşdirmək” kimi qiymətləndirərək, onları “qulaqardına” vurub.

Azərbaycan Xarici Işlər Nazirliyinin nümayəndəsi “EurasiaNet.org”un bu haqda suallarını cavablandırmaqdan imtina edib. Xədicə Ismayılovaya hökm oxunan günün ertəsi Azərbaycan hökumətinin vəzifəli şəxsləri xarici dövlətləri “Azərbaycanın daxili işlərinə müdaxiləyə son qoymağa” çağırıb.

Hüquq müdafiəçiləri deyir ki, rəsmi Bakının çağırışlara bu cür cavabı sakit diplomatiya vasitəsilə Azərbaycanda onlarla insanın, o cümlədən Ismayılovanın həbsinə səbəb olmuş repressiyaları dayandırmaq cəhdinin nəticə verməyəcəyini göstərir.

“Azərbaycandakı misli görünməmiş repressiyaları nəzərə alaraq, bu ölkənin beynəlxalq partnyorları ona ənənəvi münasibəti göstərməməlidir. Bu ölkədə baş verənlərə görə sadəcə narahatlıq ifadə etməyin heç bir effekti yoxdur. Xədicə Ismayılova və digərlərinin ədalətsiz həbsinə görə konkret nəticə olmalıdır”, – deyə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Ceyn Byükenen bildirib.

O, hesab edir ki, Avropa Ittifaqı Azərbaycan hökumətilə strateji tərəfdaşlıq razılaşmasına dair danışıqları dayandırmalı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ dondurulmalıdır.

“Bakı belə addımlar atmamışdan əvvəl bunların onun üçün hansı nəticə verəcəyini əvvəlcədən hesablayır”, – deyə Byükenen qeyd edib.

“Əgər ABŞ və Avropa Ittifaqı Azərbaycan hökumətinin öz vətəndaşlarına münasibətdə dözümlü yanaşmasını, insan hüquq və azadlıqlarının təmin olunmasını istəyirsə, Qərb liderləri bu ölkədə insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı səfər və maliyyə sanksiyalarının tətbiqi məsələsinə baxmalıdır” – bunu isə 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş, hazırda isə Riçard Kozlariç deyir.

Keçmiş səfirin sözlərinə görə, Azərbaycan hökuməti sakit diplomatiyanı, bəyanatları üstüörtülü razılıq kimi dəyərləndirir: “Məhkəmə sistemilə manipulyasiya edərək açıq danışanları cəzalandıran hökumətə qarşı sanksiyalar ən güclü vasitədir”.

Hələ ki, ABŞ Konqresi Azərbaycanın vəzifəli şəxslərinə qarşı sanksiya tətbiqini nəzərdən keçirmir. Amma ABŞ Dövlət Departamentinin ədalətsiz məhkum olunmuş qadın məhbuslardan ibarət 20 nəfərlik siyahısında Xədicə Ismayılovanın da adı var. Bu adamların işi ABŞ diplomatlarının xüsusi diqqətindədir.

Son illiklərdə Qərbin Azərbaycanda insan hüquqlarına münasibətdə susqun mövqe tutmasının iki başlıca səbəbi var. Bunlardan biri Azərbaycanın böyük neft-qaz ixracatçısı olması; ikincisi isə Əfqanıstana yük daşınmasında, həmçinin Iranın nüvə ambisiyalarının dayandırılmasında Bakının roludur. 2014-cü ildən başlayaraq, hər iki faktor əhəmiyyətli dərəcədə azalıb. Məsələn, dünya bazarında neftin ucuzlaşması, həmçinin Iranla razılaşmadan sonra bu ölkənin neft-qaz satışında potensial iştirakı Qərbin gözündə enerji ixracatçısı kimi Azərbaycanın əhəmiyyətini xeyli azaldıb.

“Xədicə Ismayılova barədə hökm göstərir ki, rəsmi Bakı Qərblə əlaqələri əvvəlki kimi qiymətləndirmir. Dünyada tanınmış jurnalist, eləcə də ABŞ dövləti tərəfindən maliyyələşən bir radionun əməkdaşı olan bir qadının həbsxanaya salınması, ABŞ dövlət katibi Con Kerrinin dekabrın 21-də Azərbaycan prezidentilə bu məsələ ilə əlaqədar telefon danışığından sonra baş verənlər Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlığın hansı səviyyədə olduğunu göstərir”, – deyə uzun illərdir ki, Qafqaz üzrə araşdırmaçı olan Tomas de Vaal bildirib.

Rusiya ilə Qərb arasında antoqonist münasibətlərin daha da dərinləşməsi ABŞ və Avropa Ittifaqını rəsmi Bakıya qarşı sərt addımlar atmaqdan güman ki, çəkindirəcək. Görünür, Azərbaycan hökuməti də yaranmış belə bir vəziyyətdən istifadə edir. Həqiqətən, Qərb dövlətlərinin təmsilçiləri Ismayılova barədə hökmü pislədiyi bir vaxtda prezident Ilham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərək, Moskva ilə əlaqələri gücləndirməyin yolları haqda danışırdı.

Tomas de Vaal Azərbaycan hökumətinin xarici siyasətində kəskin dəyişiklik gözləmir. Onun fikrincə, Azərbaycan Qərblə münasibətlərin səviyyəsini azalda bilər, amma o, birmənalı şəkildə Moskvanın yanında olmayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.