Moskvada Azərbaycansız kritik müharibə müzakirələri

9-09-2015, 09:55   
Moskvada Azərbaycansız kritik müharibə müzakirələri

Qarabağ münaqişəsi zonasında durum Putin-Sərkisyan görüşündə diqqət mərkəzinə gəldi; “vəziyyət ağırlaşıb” deyən düşmən ölkənin başçısı Kremlə Azərbaycandan şikayətləndi; Putin öz vassalına nə təklif edib?

Qarabağ münaqişəsi zonasında və Ermənistanla sərhəddə hərbi eskalasiya davam edir. Situasiyanın atəşkəsə real təhlükə vəd edən budəfəki kəskinləşməsinin əsas özəlliyi şübhə yox ki, tərəflərin uzun zamandan sonra təkcə ağır silahlardan deyil, həm də artilleriyadan istifadə etməyə başlamasıdır. Söz yox ki, qat-qat yaxşı silahlanmış və hazırlıqlı Azərbaycan ordusu düşmən təxribatlarının layiqli cavabını verməkdə və onu daha böyük itikilərə məruz qoymaqdadır.

Bu və digər yeni gerçəklikləri, həmçinin vasitəçilərin sülh prosesində tam fəaliyyətsizliyini ciddiyə alan hərbi və siyasi analitiklər müharibə ehtimalının xeyli artdığı barədə xəbərdarlıqlar etməkdədirlər. Yeni müharibə isə təhlilçilərin də proqnoz etdikləri kimi, qat-qat dağıdıcı olmaqla bərabər, ilk növbədə iqtisadiyyatı koma vəziyyətində olan və getdikcə orduya çağırışçı tapmaqda çətinlik çəkən işğalçı Ermənistana baha başa gələcək. Bunu kim bilməsə də təkcə son həftələrdə onlarla əsgər-zabitini, o cümlədən muzdlu hərbçisini itirən düşmən ölkədə yaxşı bilirlər.

***
Müharibə xəbərdarlıqları, atəşkəs rejiminə təhlükələr və müharibənin mümkün nəticələrinin təsəvvür edilməsi fonunda da Ermənistan prezidenti Serj Sərksiyan dünən Moskvada, Novo-Oqaryovada - Rusiya prezidenti Vladimir Putinin bağ evində onunla görüşüb.

Şübhəsiz ki, təmas xəttindəki durumdan Kreml Sərkisyansız da xəbərdardır. Xarici sərhədlərini belə rus hərbçilərinin qoruduğu Ermənistan və separatçı bölgə çoxdan Rusiya hərbi kəşfiyyatının, QRU generallarının nəzarətindədirsə, separatçı rejimin başçısı Bako Saakyanın özü ştatlı KQB agentidirsə, Sərkisyan Putinə vəziyyətlə bağlı hansı əlavə qiymətli bilgini çatdıra bilər ki?

Odur ki, daha doğru olar belə yazaq ki, Kreml başçısı öz erməni vassalını Qarabağ münaqişəsi ətrafında durumu öyrənmək üçün deyil, ehtimal ki, hansısı çıxış yolunu, palanı müzakirə eləmək üçün Moskvaya çağırıb.

Gözlənildiyi kimi, Dağlıq Qarabağ ixtilafı, müharibə mövzusu Putin-Sərksiyan görüşündə bağlı qapılar arxasında diqqət mərkəzinə gələn əsas məsələlərdən biri olub. Rusiya KİV-nə sızan məlumata görə, işğalçı ölkənin başçısı Putinlə salamlaşar-salamlaşmaz Azərbaycandan ona şikayətlənib.

Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, görüş zamanı Sərkisyan öncə Dağlıq Qarabağ konfliktinin həll yollarını axtardığına görə Putinə minnətdarlıq edib. “Sizə, Rusiya dövlətinə problemin həll yolu axtarışına görə təşəkkür eləmək istəyirəm. Son iki həftədə sərhəddə çox gərgin vəziyyət yaranıb” - deyib Sərkisyan. Ardınca isə o, “Azərbaycan tərəfinin iri çaplı odlu silahlarla yanaşı, artilleriyadan da istifadə eləməsindən” şikayətlənib.

Sitat: “Əlbəttə ki, biz də cavab verməli oluruq. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbə toplantısında ətraflı danışacağam” - bildirib Ermənistan prezidenti. Yəni bir daha təsdiqlənir ki, təcavüzkar ölkənin rəhbəri cəbhə xəttindəki son durumdan dolayı dərin təlaş içindədir və Kremldən, hətta KTMT-dən dəstək gözləyir.



***
Rusiya prezidentinin Sərkisyanın şikayətlərinə hansı reaksiya verdiyi hələlik bəlli deyil. Ancaq prosesləri daha yaxından - Moskvadan izləyən rusiyalı politoloqların qapalı görüşlə bağlı fikirləri bəzi “i”lərin üzərinə nöqtə qoya bilər. Məsələn, Lomonosov adına Moskva Dövlət Universitetinin (MQU) informasiya-analitik mərkəzinin direktor müavini Andrey Petrov əmindir ki, hətta prezidentlərin bəyanatları olmasa belə, Qarabağ məsələsi danışıqların əsas predmeti olub.

“Əvvəla, Sərkisyan üçün Sergey Lavrovun son Bakı səfəri də daxil, Kremlin Qarabağla bağlı cari planlarının nədən ibarət olmasını öyrənmək çox vacib idi. İstisna deyil ki, Serj Sərkisyan bu və ya başqa arqumentlərlə münaqişənin həllində irəliləyiş əldə edilməsinin təxirə salınmasına çalışıb, çünki bu dəqiqə Qarabağ məsələsində istənilən güzəşt, hansısa rayonların azad edilməsi Sərkisyan hakimiyyətinin dayaqlarını ciddi şəkildə laxladacaq və yaranmış vəziyyətdən həm müxalifət, həm də Robert Köçəryan istifadə edəcək. Qarabağ məsələsində status-kvonun kəskin dəyişməsi ona əl vermir” - deyib politoloq.



Lakin onun qənaətincə, bundan da vacibi hansı səbəblərin Qarabağ məsələsini Rusiyanın, Putinin diqqətinə gətirməsidir: “Zənnimcə, Moskva Qarabağ nizamlanmasında aktiv vasitəçi roluna qayıtmaqdadır. İqtisadi çətinliklər, Qərblə gərginlik üzündən bu missiya bir ara zəifləmişdi. Bugünlərdə isə Putin bəyan elədi ki, Rusiya artıq yeni reallıqlara adaptasiya olunub. Buradan da qənaət hasil olur ki, Moskva yarımçıq qalmış əsas xarici siyasət problemlərinin həllinə qayıdacaq - hansıların ki arasında Dağlıq Qarabağ konflikti də var”.

Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya üçün ilk növbədə etibarlı iqtisadi tərəfdardır: “Rusiyaya öz strateji müttəfiqi Ermənistan tərəfdən münaqişədə olmaq əlverişsizdir. Bundan əlavə, həll olunmamış konflikt Rusiya-Ermənistan iqtisadi təmaslarını boğur. Halbuki Rusiyadan yüklər Ermənistana Azərbaycan vasitəsilə də çatdırıla bilər. Yəni bu dəqiqə Kremlə həm təhlükəsiz Azərbaycan, həm də təhlükəsiz Ermənistan lazımdır. Bunun yolu isə Qarabağ münaqişəsini nizamlamaqdan keçir. Həll Ermənistanın özünə də lazımdır. Di gəl, Sərkisyanın hakimiyyətdən yapışıb qalmaq ehtiyacı prosesi tormozlayır. Düşünürəm ki, məhz bu ziddiyyətli maraqlar fonunda da danışıqlar gedib. Əlavə edim ki, müharibə bu dəqiqə heç bir tərəfə gərək deyil, çünki İrəvan o halda siyasi gələcəyini risk altına qoyacaq, Bakı da özünün strateji iqtisadi layihələrinin təhlükəyə atmaq istəməz, Moskva isə öz sərhədi yaxınlığında daha bir konflikt, həm də strateji tərəfdaşı ilə müttəfiqi arasında konflikt arzulamaz ”.



***
Yerli ekspertlərin də məsələ ilə bağlı rəyi maraqlıdır. “Moskva artıq hiss edir ki, İrəvana təsir göstərməyin vaxtı çatıb və buna görə də son vaxtlar Sərkisyanın komandasına mesajlar verilir”. Bu sözləri axar.az-a Sərkisyanın qəfil Moskva səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, İrəvan can atır ki, status-kvo dəyişilməz qalsın və vasitəçilər Azərbaycanı müvəqqəti sülhün müharibədən yaxşı olduğuna inandırsınlar: “Lakin hamı anlayır ki, rəsmi Bakı İrəvanın primitiv gedişlərinə aldanmayacaq. Deməli, nə isə etmək lazımdır ki, siyasi müstəvidə tərpəniş baş versin. Bu işdə isə Moskva daha çox maraqlıdır. Çünki Ermənistanın daxilindəki qeyri-stabillik, Sərkisyan hakimiyyətinin axsaması, postsovet məkanında daha bir gərginlik ocağının peyda olması Rusiya diplomatiyasını problemli ölkə olan Ermənistanla yaxından məşğul olmağa sövq edir. Ermənilər öz vəziyyətlərinin kövrək olmasını hamıdan yaxşı anlayırlar. Lakin təşvişlərini büruzə verməməyə çalışsalar da, ağır durumun təfərrüatları üzə çıxır”.

Politoloqa görə, Rusiya üçün Azərbaycanın önəmi Ermənistandan qat-qat üstündür: “Kreml çalışır ki, problemin həllində hər iki tərəf razı qalsın. Ermənistan rəhbərliyi isə birinci addımı atmaqdan nəinki çəkinir, həm də qorxur. Çünki ölkənin geosiyasi və sosial-iqtisadi durumu ağırdır, müharibə kampaniyasına hazır deyil. Odur ki, vaxtı ötürməklə çalışır ki, özü üçün imtiyazlı şərait formalaşdırsın”. T. Abbasovun sözlərinə görə, Rusiyanın Sərkisyana variantlar təklif etdiyi istisna deyil.

***
Beləliklə, ekspertlərin təhlillərindən də aydın olur ki, düşmən ölkənin başçısı Novo-Oqaryovadan çox məyus qayıdıb. Həm də o səbəbə ki, öz sələfləri kimi, Sərkisyan da Kremlin maraqları yolunda hədəf deyil, sadəcə, növbəti vasitədir.
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.