Rusiya Azərbaycanın sifariş etdiyi BMP-3 piyada döyüş maşınlarının sonuncu partiyasını - 50 maşını yola salmağa hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiyanın TASS rəsmi xəbər agentliyi hərbi-texniki əməkdaşlıq sferasındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbə bu barədə Nijni Tagildə işə başlayan “Arms Expo-2015” hərbi sərgisi zamanı danışıb.
“Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq. Hazırda təxminən 50 maşından ibarət olan sonuncu partiyanın yola salınmasına hazırlıq gedir”-mənbə deyib.
Agentlik xatırladır ki, Rusiya Azərbaycanın sifariş etdiyi T-90S tanklarının çatdırılmasını da yekunlaşdırmaq üzrədir.
“Rosoboroneksport”dan bildiriblər ki, Rusiya Azərbaycanın 2010-cu ildə sifariş etdiyi hərbi texnikanın və silahların çatdırılmasını 2017-ci ilədək tam yekunlaşdıracaq.
KİV-lərin məlumatına görə, həmin müqaviləyə 3 batalyonu silahlandırmağa bəs edəcək T-90S tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.
Bu müqavilənin davamı olaraq Azərbaycan Rusiyadan daha 100 T-90S tankı sifariş verib. Bunlar dünyanın ən güclü tankı hesab olunur. Həmçinin “Rosoboroneksport”dakı mənbələr deyiblər ki, bu gün başlayan hərbi sərgi çərçivəsində Azərbaycan Rusiyadan yeni T-90S, tankları, reaktiv yaylım atəşi sistemləri və digər hərbi texnikanın alınmasına dair təkliflərini verib.
Ermənistan da Rusiyadan yeni silahlar alır və bunu Kremlin ayırdığı 200 milyon dollarlıq güzəştli kredit hesabına edir.
Rusiya müdafiə sənayesindəki mənbələrə görə, Ermənistana modernizə olunmuş T-73B3 tankları , tank əleyhinə raket sistemləri, BMP-2 döyüş maşınları üçün modullar göndəriləcək.
Müqayisə üçün qeyd edək ki, Ermənistana güzəştli qiymətə veriləcək silahlar Azərbaycanın son illərdə Rusiyadan aldığı və yeni sifariş etdiyi silahlarla müqayisədə həm döyüş imkanlarına, həm miqdarına görə müqayisə oluna bilməz.
Azərbaycan Rusiyadan yeni tanklar, reaktiv sistemlər və digər hücum silahları sifariş verməklə Ermənistan üzərində əldə etdiyi əzici hərbi üstünlüyü qoruyub saxlamaq istəyir.
Virtualaz.org