Ziya Məmmədovu nəyə görə yerindən ata bilərlər?
Son həftə ərzində Ziya Məmmədov ölkədə hakimiyyət mediasının qəzəbinə gəlib. Onun bu gün-sabah işdən atılacağını, yerinə Cavid Qurbanovun təyin ediləcəyini israrla vurğulayırlar… Ziya Məmmədovun nəqliyyat sektorunda xüsusilə iri həcmli korrupsiya əməliyyatlarına görə belə intensiv şəkildə vurulduğunu zənn etmirəm.
Bu əməliyyatlardan Ilham Əliyevin nə qədər xəbəri varsa, onun da o qədər xəbəri var. Üstəlik, ölkədə bu, ən iri həcmli korrupsiya layihələri ilə bağlı söz-söhbətlər o qədər sənədləşdirilib ki, bu sənədlərin də sayı-hesabı yoxdur. “Sənəd” deyərkən, kütləvi informasiya vasitələrində dərc edilən materialları nəzərdə tuturam. O, yəni Ziya Məmmədov korrupsiya əməliyyatları haqqında, hətta kitab belə dərc edilmiş adamdır. Bir vaxtlar onun işdən çıxarıb atdığı dəmiryolu işçiləri Ziya Məmmədovun əməllərini qalın bir kitab halına salıb dərc etdirmişdilər. Sonralar isə, onun bu qabiliyyətləri xüsusi olaraq mükafatlandırıldı və Nəqliyyat naziri vəzifəsinə təyin edildi… Bəlkə də, başqa məziyyətlərinə görə yüksək vəzifəyə təyin edilib, bu barədə hökm verə bilmərəm. Amma fakt budur ki, Nəqliyyat Nazirliyi büdcədən ən böyük vəsaitləri əldə edib heç bir inzibati və ictimai kontrol olmadan başına daş salan ən nəhəng dövlət qurumlarından biri kimi, Ziya Məmmədov isə bu inzibati-təsərrüfat nəhənginin patronu kimi ad çıxarıb. Təkcə aeroport yolunda bir kilometrə 20 neçə milyon manatın (manat manat zamanları idi ha!) əridildiyi barədə faktlar qalın bir cinayət işinin cildinə çevrilə bilərdi.
Amma Ziya Məmmədov həmişə öz arxayınlığı ilə fərqlənib. Niyə? Səbəb nədir:
Bəlkə, kilometrlərlə uzanıb gedən asfalt üçün səpələnən və haralarda dəfn edildiyi bəlli olmayan milyardlarla pulun hesabının soruşulmaması? Məncə, bu hesablar sorulub və verilib… Bəlkə, Nəqliyyat müfəttişlərinin Bakı şəhərində, son zamanlar isə kənd rayonlarında yolları al-qırmızı rəngə boyadığı qanların yaratdığı emosional ləzzətdir onu bu qədər arxayınlaşdıran?
Bəlkə, bizə məlum olmayan başqa səbəblər var?
Bütün hallarda Ziya Məmmədov Azərbaycanın ən arxayın oliqarxlarından biridir. Buradaca zəruri bir haşiyəni qeyd etmək istəyirəm. Sizə elə gəlmirmi ki, Azərbaycan nazirlərini “oliqarx” adlandıranda onlara ləzzət eləyir? Əslində, bir nazirin oliqarx adlandırılması onun məmur ləyaqətinin təhqir edilməsi deməkdir. “Oliqarx” sözü iqtisadi cinayət deməkdir. Bu adamların “oliqarx” adlandırılması isə uyğun olaraq, onlara “cinayətkar” damğası vurmaqla eyni anlama gəlir. Bu, onların hər birinə aiddir. Təkcə Ziya Məmmədova deyil.
Nəqliyyat nazirinin vurulmasının səbəblərindən birini onun Abbas Abbasovla əlaqələrini hələ də qoruyub saxlamasında axtarırlar. Mən bu versiyanı ciddi qəbul etmirəm. Ən azı, buna görə ki, Ziya Məmmədov kimi hədsiz “ehtiyatlı” birisi Ilham Əliyevlə münasibətləri soyuyan Abbas Abbasovla sanksiyalaşdırılmayan münasibətlərə davam edə bilməz. Əgər onun belə münasibətləri qalırsa da, bu, Ilham Əliyevin tövsiyəsi, göstərişi daxilində baş verir.
Əgər söhbətin məğzində Rusiya istiqaməti olan hansısa ehtimallar varsa, bu, yalnız ondan ibarət ola bilər ki, Nəqliyyat nazirinin Moskvada və bütünlükdə Rusiyada sanksiyalaşdırılmamış biznesi var. Ziya Məmmədova qarşı irəli sürülən virtual ittihamlardan biri də budur ki, guya o, Putinlə müstəqim siyasi kontaktlar yaratmaq istəyirmiş. Heç zaman siyasi proseslərdə oyunçu kimi tanınmayan, başını yalnız ona ayrılan büdcə vəsaitləri ilə qarışdıran Nəqliyyat nazirinin Putinə “xod” axtarmaq eşqinə düşməsi qətiyyən ağlabatan deyil.
Nəqliyyat nazirinin vurulması üçün səbəblər sırasında onun oğlunun və qohumlarının adlarının hallandığı dəhşətli olaylar da ola bilməz. Məsələn, günün birində köhnə cangüdənlərinin Türkiyə məhkəmələrində verdikləri ifadələrdən belə bəlli olmuşdu ki, Anar Məmmədov hansısa şübhəli maliyyə əməliyyatları ilə məşğuldur və bu dolaşıq işlərin düyün saldığı kələfin içində onun köhnə cangüdənləri bir-birinə güllə atıb yaralamışdı. Yaxud oğul Məmmədovun Amerikadakı milyonluq banketlərinin xüsusi bir səmərəsi olmadığına görə heç kim onu israfçılıqda ittiham etməzdi.
Yəni Ziya Məmmədovun vurulması haqqında versiyaları sayarkən ortalığa atılan bütün ciddi siyasi versiyaları istisna etmək və səbəbləri başqa yerlərdə axtarmaq lazımdır.
Məsələn, bu baxımdan, “azpolitika.info”-da gedən bir təhlil xüsusilə maraqlı sayıla bilər. (http://azpolitika.info/?p=151533). Çünki, azpolitika.info səbəbi doğru istiqamətdə şərh edir. Bu, “qara kassalar” söhbətidir. Azərbaycanda nəhəng bir qara kassa var və bütün dövlət məmurlarının “dövlətçiliyə sədaqəti” bu qara kassaya münasibəti ilə ölçülür. O kassaya kimsə xəyanət edə bilməz. Kassaya xəyanət dövlətçiliyə xəyanət sayılır və bağışlanılmır. Təəssüf ki, indi Azərbaycanın mənafeyi həmin qara kassanın içinə atılıb.
Ziya Məmmədovun isə həmin kassaya qarşı səhlənkar münasibət bəsləməsi üçün başqalarından daha artıq variantları var. O, bir neçə gəlirli sahəyə nəzarət edir. Bu sahələrin hər birində xüsusilə külli miqdarda vəsaitlər dövr edir. Necə deyərlər, “infrastruktur çoxşaxəlidir” və bu şaxələrin hər hansı biri dövlətçilikdən kənara əyilməsə, Ziya Məmmədova qarşı bu kampaniya təşkil edilməzdi.
Bütün zamanlarda belə olur. Birinci mərhələdə diktatorlar kimlərisə öz yaxın çevrələrinə daxil edirlər, sonra isə həmin çevrəni məhdudlaşdırmağa başlayırlar. Bunun üçün təbii səbəblər də olur. Diktatorun ən yaxın çevrəsinə daxil edilmiş adamlar gücləndikcə bu gücün hansı səbəblərdən əldə edildiyini unutmağa başlayırlar. Bu cür adamlar “mənimki və onunku” arasındakı sərhədi şəffaflaşdırmağa başlayanda, daha pisi, bu sərhədi itirəndə, onların taleyi kəndirə keçir.
Ziya Məmmədov nəhəng oliqarxdır. Nəqliyyat nazirliyi və onun böyür-başında olan bütün xidmət sahələri, az qala, ölkənin dörddə biri qədər böyük bir sistemdir. Bu qədər nəhəng sistem isə Ziya Məmmədovun soyadını daşıyanların hesabına yaradılan klanın sərəncamına verilib. Üstəlik, Məmmədovun oğlunun Türkiyədən, Amerikadan üzü Azərbaycana qədər olan böyük bir coğrafiyada adının milyonluq məclislərdə hallanması cənab Məmmədovun kənkiyini azdıra bilərdi. Mən mətbuatın bu istiqamətdəki təsbitlərini doğru sayıram. Əgər Ziya Məmmədov vurulmaq üçün hazırlanıbsa, deməli, onun “dövlətçiliyə”, yəni həmin o qara kassaya, qara vergi sisteminə sadiq olmadığını sübut edən dəlillər tapılıb. Indi durum bir qədər fərqlidir. Əvvəlki illərdə olduğu kimi, israfçılığa yol verilməməlidir. Ziya Məmmədov isə görünür, sözün yumşaq mənasında “israfçılıq”lara, birbaşa mənasında isə mənimsəməyə yol verib və bu yoldan o tərəfə komandadan kənara atılmaq gəlir.
Azad Akifoğlu