Prezidentdən yeni hökumət anonsu –kimlər yola salınır...

10-09-2015, 08:45   
Prezidentdən yeni hökumət anonsu –kimlər yola salınır...

Zahid Oruc: “Məmurlarla yeni formatda müzakirə prezidentin parlament seçkilərindən sonra həyata keçirəcəyi daha böyük struktur dəyişikliklərinin anonsu kimi qəbul olundu”


Prezident İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədəki çıxışı islahatlar anonsu kimi dəyərləndirilir. Hesab olunur ki, çox yaxın dönəmdə ölkədə idarəçilik sahəsində ciddi yeniliklər baş verəcək və dövlət qurumlarının səlahiyyətlərinin ASAN xidmətə keçidi sahəsində yeniliklərin şahidi olacağıq.

Xüsusilə də prezidentin MİS-dəki özbaşınalıqlardan danışması, nəqliyyat sektorundan bəhs edərkən “nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər” deməsi, ardınca “gələcəkdə də hər sahədə ”ASAN xidmət"in standartları olmalıdır" söyləməsi böyük ümidlər yaradıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat”a bildirdi ki, əslində 8 sentyabr toplantısı prezidentin iqtisadi siyasətə məsul olan rəhbər şəxslərlə görüşü idi: “Bu görüşü heç də 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə kimi təqdim etmək düzgün deyil. Əvvəla, görüş kiçik bir qrupun iştirakı ilə keçirilirdi. Doğrusu, bu formatda görüşün son dəfə nə zaman olduğunu xatırlamıram. İkincisi, görüşdə 2016-cı ilin büdcəsinin konturları yenə də açıqlanmadı. Bu isə o deməkdir ki, büdcə hələ də müzakirəyə hazır deyil.

Amma görüşdə səslənən bəzi mesajları önəmli hesab etmək olar. Xüsusilə də növbəti ilin büdcəsində sosial xərclərin, sosial infrastruktur layihələrinin ixtisar olunmayacağı və lazımsız xərclərə yol verilməyəcəyi barədə deyilənlər nəzərə alınarsa, gələn il üçün bəzi problemlərdən qaçmaq mümkün olar”.



Q.İbadoğlu hesab edir ki, bəzi nazirliklərin funksiyalarının da «ASAN»a verilməsi təqdir olunmaldıır: “Amma bu halda da haqlı suallar çıxır, əgər bir çox funksiyaları və xidmətləri «ASAN» yerinə yetirəcəksə, onda həmin nazirliklər nəyə lazımdır? Düşünürəm ki, prezident ”idarəetmə sahəsində islahatlar dərinləşməlidir" deməklə həm də iqtisadi orqanlara növbəti ilin büdcəsində idarəetmə xərclərini rasionallaşdırmaq tapşırığı da verdi. Bu istiqamətdə nəqliyyat və mənzil-kommunal sahəsində dövlət siyasətini həyata keçirən sahə orqanlarının xüsusi qeyd olunması idarəetmə xərclərində ixtisarların yerini də bəlli elədi".



İqtisadçı alim bu müzakirələrdə razılaşmadığı məqamların da çox olduğunu vurğuladı: “İlk növbədə ”dünyada dərin iqtisadi və maliyyə böhranı var" fikri ilə razılaşmıram. Çünki belə bir böhran yalnız iqtisadiyyatı neftdən asılı olan - Norveç istisna olmaqla - ölkələrdə müşahidə olunur. ABŞ-da iqtisadi artım, işsizlik səviyyəsi və inflyasiya ilə bağlı göstəricilər əvvəlki illərlə müqayisədə daha pozitivdir. Avropa İttifaqı ölkələrinin böyük əksəriyyətində durğunluqdan sonra canlanma müşahidə olunmaqdadır. Bu isə artıq dünya iqtisadiyyatının yarısından çoxu deməkdir. Hesab edirəm ki, dünya iqtisadiyyatının 15 faizinə malik olan Çində də böhrandan danışmaq tezdir. Ona görə də Azərbaycandakı vəziyyəti dünya böhranı ilə əlaqələndirmək düzgün deyil. İkincisi, Azərbaycanın hazırkı makroiqtisadi durumu o qədər də yaxşı deyil ki, ölkəmizin bugünkü vəziyyətini tərifləyək. Bu ilin 6 ayının yekunları üzrə xarici ticarət və büdcə saldosu gerçək vəziyyəti əks etdirməklə heç də yaxşı perspektiv təqdim etmir. Odur ki, ilk növbədə vəziyyəti düzgün dəyərləndirməliyik ki, problemləri görə bilək və onun həlli yollarını tapaq. Çünki sonradan daha da böyüyən problemlərin gətirdiyi iqtisadi böhranın dəf edilməsi çətin ola və bu gün “təhlükəsizlik yastığı” hesab etdiyimiz valyuta ehtiyatları sabah əriyib tükənə bilər".



“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri Qadir İbrahimli bildirdi ki, postneft dövrünü iqtisadi və idarəetmə sahəsində islahatlar olmadan yaşamaq mümkün deyil, ona görə də islahatları real sayır: “Həm komandaya etimadsızlıq, həm də böyük məbləğli dövlət xərclərinin optimallaşdırılması zərurəti komandanın yeniləşməsi, oliqarxların texnokratlarla, menecerlərlə əvəzlənməsi zərurətini yaradır. İndiki komandanın əsas prioriteti neft pullarını xərcləmək idisə, yeniləşmiş komandanın mandatı dövlətin maliyyə-iqtisadi resurslarından maksimum səmərəli istifadə etmək və büdcəni doldurmaqdan ibarət olmalıdır. Obrazlı desək, pul xərcləyən hökuməti pul qazanan hökumət əvəzləməlidir”. İqtisadçı ekspert islahatlarla bağlı xeyli vaxtdır dolaşan məlumatları da xatırlatdı: “Bu yaxınlarda prezidentin kursunun qatı müdafiəçisi kimi tanınan deputat Zahid Oruc da seçkidən sonra 6-8 nazirlik və dövlət komitəsinin birləşdirilərək yenidən təşkil olunacağının anonsunu verib. Xərclərin optimallaşdırılması, paralel strukturların ləğv edilməsi, idarəetmənin sadələşdirməsi hazırda hökumətin əsas prioritetlərindən biridir. Neft dövrünün nəhəng idarəetmə aparatı artıq ölkənin inkişafında problemə çevrilib. Postneft dövründə sadələşmiş, ancaq çevik, qlobal və yerli tendensiyalara adekvat cavab verən hökumətə ehtiyac var”.



Deputat Zahid Oruc isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ölkə başçısının keçirdiyi son müşavirədə hökumət fərqli bir formatda iştirak edirdi: “Ənənəvi olaraq, belə tədbirlərdə Nazirlər Kabinetini tam tərkibdə görməyə öyrənmiş hər kəs üçün bu yenilik təkcə müzakirə olunan məsələlərin xarakteri ilə əlaqələndirilmədi, eyni zamanda prezidentin parlament seçkilərindən sonra həyata keçirəcəyi daha böyük struktur dəyişikliklərinin anonsu kimi qəbul olundu”.

Z.Oruc onu da vurğuladı ki, bu haqda dəqiq bir fikir söyləmək çətindir. Lakin onun sözlərinə görə, hökumətin çevik bir struktur kimi fəaliyyət göstərməsi ideyasının qabardılması, həmçinin «ASAN xidmət» standartlarının hər bir nazirliyə gətirilməsi çağırışı göstərir ki, qarşıda bizi köklü keyfiyyət dəyişiklikləri gözləyir: “Hətta dünyadakı qanlı savaşlardan danışarkən də İlham Əliyev daxildə hər hansı milli problemin üstündən sükutla keçmək, yaxud ölkəmizdə inqilabi ssenarilərə böyük investisiya qoyanlara görə islahatlardan imtina etmək mövqeyi tutulmadı. Əksinə, vətəndaşların incidilməsinin yolverilməzliyinin dilə gətirilməsi, ucuz neft erasında şəffaf və qənaətli rejimdə çalışılması, büdcə gəlirlərinin azalmasının sosial proqramlarının dayandırılmasına səbəb olmayacağı və sair məsələlər istənilən ictimai zəlzələlərin qarşısının alınmasında mühüm bir yol kimi ortaya qoyuldu.

Ona görə də parlament seçkiləri qarşısında hökumətdə xüsusi silkələnmələrə getmədən daha fərqli bir kursun seçildiyini görə bilərik. Xalqın etibarını tam itirmiş hər hansı komanda üzvünə qarşı sərt cəza sanksiyalarını tətbiq etmək, yaxud onları istefaya göndərməkdənsə, struktur dəyişiklikləri və yeni tələblər əsasında işləməyin standartlarını müəyyənləşdirmək daha effektlidir. Bir də nəzərə alın ki, İlham Əliyev müasir Azərbaycan tarixində ilk dəfədir ki, seçkilərin xarici müdaxilələrin neytrallaşdırıldığı şəraitdə keçiriləcəyini yaxşı bilir, bunu çox böyük ustalıqla təmin edib və hər hansı kəskin qərarla daxildə böyük siyasi cəbhələrin, mərkəzdənqaçma tendensiyalarının getməsinə yol verməyəcək. Onun liderlik qabiliyyəti də bundadır. Unutmayın ki, hakimiyyətin siyasi rəqibləri maddi olaraq tam iflasa uğrayıblar və onlar yalnız ”vurulmuş məmur"ların kriminal pulları ilə dirçələ bilərlər. Çünki xalq müxalifətin siyasi hakimiyyət planına investisiya qoymur. Ona görə dövlət başçısı zaman seçimini hamıdan yaxşı bilir".

E.PAŞASOY/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.