Təhsil sistemini nazirin özümü idarə edir? - Məsələn, Gədəbəydə yox...

10-09-2015, 09:45   
 Təhsil sistemini nazirin özümü idarə edir? - Məsələn, Gədəbəydə yox...


Gədəbəy rayonunun bir çox sahələrində durğunluq və hətta tənəzzül aşkar müşahidə olunmaqdadır. Yerli mənbələrdən aldığımız məlumatlarda isə xüsusi olaraq vurğulanır ki, rayon ictimaiyyətini daha çox narahat edən məqamlardan biri də məhz Gədəbəyin təhsil sisteminin acınacaqlı durumu ilə bağlıdır. Həmin məlumatlarda bir daha təsdiq olunur ki, bu gün Gədəbəy rayonunun demək olar ki, bütün məktəblərində dözülməz vəziyyət bərqərar olub. Ramiz Yediyarov icra başçısı təyin edildiyi vaxtdan bəri Gədəbəy məktəblərində rüşvətxorluq və korrupsiya son həddə çatıb. Bütün məktəb direktorları təhsil qanunlarına uyğun deyil, yalnız Ramiz Yediyarovun qaydalarına uyğun məktəbi idarə edirlər. Hətta Gədəbəy rayonunun əksər kəndlərində olan məktəblərin qapısı aylarla açılmır. Şagirdlər isə başqa-başqa yerlərdə öz günlərini keçirirlər. Eyni zamanda da Gədəbəy şəhər 1 nömrəli orta məktəbində yer almış özbaşınalıqlar, bu təhsil müəssisəsinə bilavasitə Ramiz Yediyarovun səyləri nəticəsində direktor təyin edilmiş Sevda Musayevanın yol verdiyi qanun pozuntuları açıqlamalarda xüsusi olaraq diqqət mərkəzinə çəkilir. Yeni aldığımız məlumatlarda bildirilir ki, 2013-2014-cü tədris ilində Gədəbəy şəhər 1 saylı orta məktəb üzrə dərslərə davamiyyətin göstəricisi 50%-dən də aşağı olub. Hətta dəfələrlə məktəbdə belə hallar da müşahidə olunub ki, bu və ya digər fənn müəllimi tamamilə boş sinif otağında 45 dəqiqə vaxtını keçirməli olub. Yeri gəlmişkən, mənbə bildirir ki, bir müddət əvvəl belə vəziyyətlərdən bir neçəsini məktəbin fiziki tərbiyə müəllimi Abbas Məmmədov telefon vasitəsilə qeydə alıb. İşlədiyi təhsil müəssisəsində yer almış özbaşınalıqlardan hiddətlənən müəllim bildirib ki, qeydə aldığı görüntüləri Təhsil Nazirliyinə təqdim edəcək. Bir müddət sonra isə, Abbas müəllim Gədəbəy Rayon Məhkəməsindən bildiriş vərəqəsi alıb. Məlum olub ki, Sevda Musayeva bir neçə müəllimənin adından məhkəməyə müraciət edərək, onların guya ki, Abbas Məmmədov tərəfindən təhqir olunduqları barədə iddia qaldırıb. Çox maraqlıdır ki, bu müəllimələrin bəziləri həmin iddiadan hətta cavabdehin özündənm belə sonra xəbər tutublar. Belə ki, “tədbirli” tərpənən direktor, məlumatları Təhsil Nazirliyinin bazasına təqdim etmək bəhanəsilə müəllimlərdən şəxsiyyət vəsiqələrini alıb. Bundan sonra isə, həmin vəsiqələrin seriya nömrələrini göstərməklə məhkəməyə ərizə yazıb. Ərizələrə atılan imzalara gəlincə isə, mənbə hətta bildirir ki, “şikayətçi” müəllimələrdən biri, Fəridə Qasımova ümumiyyətlə xəstəlik səbəbilə həmin ərəfədə məktəbə gəlməyib. Amma buna baxmayaraq, onun da imzası ərizədə öz əksini tapıb...Daha sonra təqdim olunan açıqlamalarda, yeni tədris ili ərəfəsində Sevda Musayevanın məktəbin müəllimləri arasında dərs saatlarının bölgüsünü necə apardığından bəhs edilir. İlk növbədə bildirilir ki, direktor bu prosesi tamamilə özbaşına həyata keçirir. Bu zaman hər müəllim üçün müəyyən olunmuş 12 saatlıq dərs yükündən artıq yazılan hər bir saata görə, Sevda Musayeva müəllimlərdən illik 50 manat pul tələb edir. Bundan başqa isə, direktorun qazancı məktəbin ştat cədvəlində saxlanılan “ölü canlar”ın və əvəzçilik dərsləri ilə törədilən maxinasiyaların da hesabına təmin olunur. Məsələn, mənbə bildirir ki, ötən tədris ili ərzində adı 1 saylı məktəbin ştat cədvəlində gedən, özü isə Bakıda yaşayan müəllimə Arifə Vəliyevanı məktəbdə ümumiyyətlə görən olmayıb. Onun maaşını isə, təbii ki, yenə də Sevda Musayeva alır. Ən son aldığımız məlumatda isə bildirilir ki, yenə də dərs bölgüsü xüsusunda, dünən məktəbin dil-ədəbiyyat müəllimi Sahib Camalla direktor arasında xoşagəlməz insident yaşanıb. Açıqlamaya görə, Sevda Musayeva Sahib müəllimdən onun adına əlavə dərs saatlarının yazılmasına razılıq verməsini xahiş edib. Bu şərtlə ki, həmin saatların pulunu direktor özü götürəcək. Müəllim bu saxrakarlıqdan imtina etdikdə isə, tərəflər arasında münaqişə yaranıb. Həm də bu xoşagəlməz insidenr çoxsaylı şahidlərin gözü qarşısında baş verib. Mənbə bildirir ki, əgər Abbas Məmmədovla bağlı təcrübəsinə və əlbəttə ki, icra başçısının hərtərəfli dəstəyinə güvənən Sevda Musayeva bu yaxınlarda Gədəbəy Rayon Məhkəməsində Sahib müəllimə qarşı da bir iddia qaldırarsa, buna heç kim təəccüblənməz...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.