Prezident İlham Əliyev Binəqədi rayonunda 283 saylı orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olarkən bir məqam diqqətdən qaçmadı. Söhbət Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun prezidentin yanında görünməməsindən gedir. Halbuki Xaləddin İsgəndərov da orada olmalı idi.
İstiqlal.az saytına daxil olan məlumata görə, icra başçısının prezidentin yanında görünməməsi təsadüf deyil. Bildirilir ki, Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra Xaləddin İsgəndərov prezidentin yanında etimadını itirib. Hətta yaxın qohumu, vergilər naziri Fazil Məmmədov belə onu vəziyyətdən çıxara bilməyib. Məlumatda deyilir ki, parlament seçkilərindən sonra Xaləddin İsgəndərov vəzifəsindən uzaqlaşdırıla bilər. Artıq onun fəaliyyəti ilə bağlı geniş araşdırmalara başlanılıb.
İstiqlal.az bir neçə gün əvvəl məlumat yaymışdı ki, Xaləddin İsgəndərovun şəxsi obyektlərində də audit yoxlamaları aparılır. Məlumatda bildirilir ki, artıq yoxlamalar nəticəsində maliyyə maxinasiyaları ilə bağlı xeyli fakt aşkar edilib. Məlumata görə, yoxlamaların nəticələri Baş Prokurorluğa göndəriləcək. Bu isə Xaləddin İsgəndərovun təkcə vəzifədən çıxarılmas deyil, həbs planının olduğunu deməyə əsas verir.