Siyavuş Novruzovun dedikləri təsdiqini tapmadı; partiyada gərginlik davam edir
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov sentyabrın 10-da partiyanın namizədlər siyahısının açıqlanacağını bildirmişdi. “Sentyabrın 10-da siyahıdan məlumatınız olacaq”, – deyə Siyavuş Novruzov bəyan eləmişdi. Lakin YAP funksionerinin dedikləri olmadı, siyahı açıqlanmadı. Beləliklə, YAP daxilində siyahı ilə bağlı gərginliyin olması barədə məlumatların əsassız olmadığı bir daha təsdiqləndi.
“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, uzun illər YAP-da “külüng çalanlar” vəzifə tutan deputatlara və müxalifətdən hökumətə keçənlərə mandat verilməsinin əleyhinədir. Artıq onlar öz zəhmətlərinin də dəyərləndirilməsini israrla tələb edirlər. Bu da hakimiyyəti çətin vəziyyətə salıb.
Bu arada Siyavuş Novruzov YAP Səbail rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayevin və digər partiya funksioneri Eldar Sabiroğlunun ittihamlarına cavab verməklə vəziyyəti daha da qəlizləşdirib.
Siyavuş Novruzov APA-ya açıqlamasında Əli Əlirzayevin parlament seçkiləri ilə bağlı növbəti ittihamlarına bir daha cavab verərək deyib ki, o, iki dəfə YAP-ın siyahısından Milli Məclisə deputat seçilib, partiyanın dəstəyi ilə parlamentdə iqtisadi siyasət komitəsinin sədr müavini olub və ona partiyanın qurucusu kimi hörmət olunur.
Siyavuş Novruzov Əli Əlirzayevin 2005-ci ildə YAP-ın onu yox, Gülər Əhmədovanı dəstəkləməsi fikrini də qəbul etməyib: “Partiya o vaxt Gülər Əhmədovanı rəsmən dəstəkləməyib. Gülər Əhmədova ilə yanaşı, Xətaidəki dairələrdən bir neçə şəxs o cümlədən Əli Əlirzayev də namizədliyini vermişdi, amma seçicilər ona səs vermədilər. Baxmayaraq ki, həmin vaxt partiya Əli Əlirzayevin namizədliyini rəsmi qaydada irəli sürmüşdü və bütün dəstəyi ona vermişdi. Iqbal Ağazadə onun namizəd olduğu dairədən rəqibi idi. Biz 125 dairədən namizəd irəli sürürük, amma bu o demək deyil ki, bu dairələrin hamısından YAP-ın üzvləri seçilir. Əli Əlirzayevə də YAP hər cür dəstəyi verdi, amma seçicilər onu seçmədi. Partiya ona ancaq dəstək verir, təbliğatını, təşviqatını aparır. Daha gedib seçicinin əvəzindən onun xeyrinə bülleten atası deyil ki? Bir daha təkrar edirəm. Kiminsə alimlik, professorluq titulu ola bilər, amma bu titulu əlində bayraq edib arxayın olmamalıdır ki, seçicilər mütləq onu dəstəkləyəcəklər. Bu, çox səhv düşüncədir. Onda belə çıxır ki, ABŞ-da bütün Nobel laureatları olan alimlər Konqresin üzvü olmalıdır…”.
Maraqlıdır ki, icra katibinin müavini Eldar Sabiroğlunun ittihamlarına qeyri-müəyyən cavab verib. Siyavuş Novruzov deyib ki, hər kəsin fikir və söz azadlığı var, öz sözünü deyə bilər. “Amma əgər onların YAP-da kiminləsə bağlı konkret fikirləri, sözləri varsa, ad çəksinlər, ümumi danışmasınlar. Konkretləşdirsinlər, ittiham etdikləri şəxs də onların iradlarına, suallarına özü cavab versin. Kim kimə maneçilik törədib, kim kimə imkan verməyib, bütün bunları konkretləşdirib demək lazımdır, ümumi danışmaq yox”.
Siyavuş Novruzov onu da əlavə edib ki, YAP hər bir üzvünün fikrinə hörmətlə yanaşır: “Amma hər bir partiya üzvü də nizamnamə tələblərinə riayət etməlidir. Kimin kimdən xoşu gəlmirsə, bunun partiya siyasətinə aidiyyəti yoxdur. Münasibətlərini başqa yerdə ayırd etsinlər”, – deyə YAP-ın icra katibinin müavini əlavə edib.