Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənovun YAP-ın budəfəki siyahısında yer almayacağı barədə xəbərlər ciddiləşir.
redaksiyamıza daxil olan məlumata görə, beş ilə yaxındır deputat seçilsə də, indiyə qədər hər hansı fəaliyyətinə rast gəlinməyən biznesmen-deputat seçiciləri ilə də görüşmür. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır. Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır və bundan qürrələnərək istifadə edir.
“Hacı” kimi tanınan M.Həsənovla bağlı narazılığın olduğunu YAP-ın dairələrdə seçkiöncəsi apardıqları araşdırma da təsdiqləyib. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir və bu məsələdə təbii ki, komitə sədri olan qardaşına güvənir. Sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin ölkədən getməsi Malik Həsənovun rahat nəfəs almasına imkan versə də, məlumata görə, deputatın rayona gedəndə camaat üzünə çıxa bilməməsinin bir səbəbi də Əliyev qardaşlarına etdikləridir. İddia var ki, M.Həsənov hətta xarici səfərlərə tək getməkdən ehtiyat edir və bunu “Fərhadgildən nə desən çıxar” deyə izah edir.
mənbə bildirir ki, Malik Həsənov bu gün YAP-ın siyahısını böyük nifarançılıqla gözləyənlərdən biridir: "Hətta adı siyahıda olsa belə, bu, onunla bağlı qərarın 100 faiz olması anlamına gəlmir. Yəni hansısa digər namizədə yenilə də bilər. Çünki YAP əlini onun kürəyindən çəkib"...