Məhəmməd Talıblı: «Avropa ölkələri ilə həm ixrac, həm də idxal əməliyyatlarının kəsilməsi ticarət dövriyyəsinin kəskin azalmasına səbəb ola bilər»
Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə kəskin reaksiya verib. Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin sərt tənqid edildiyi qətnamədə fəalların siyasi motivlərlə təqib olunmasında əli olan siyasətçilərə və hakimlərə qarşı ünvanlı sanksiyaların tətbiqinin mümkünlüyü məsələsi qoyulur.
“Avropaya ünvanlanan ittiham yağışı”
Ilk açıqlama Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevdən gəlib. O, AI Bakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşündə bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycan əleyhinə qüvvələrin növbəti təxribat addımıdır. Bu barədə cümə axşamı bildirib.
Ş.Mustafayev qeyd edib ki, “Avropa Parlamentinin belə qərəzli addımı cavabsız qalmayacaq”.
Dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid edib.
O, AzərTac Dövlət Agentliyinə bildirib ki, Azərbaycan Avropa Ittifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil.
Ə.Həsənov bildirib ki, bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib.
Açıqlamalarda eyni zamanda onun da altı cızılıb ki, münasibətlərin korlanmasından daha çox itirən tərəf Azərbaycan deyil, Avropa olacaq.
“Xarici ticarətdə Avropadan asılılıq”
Amma hakimiyyət təmsilçiləri nədənsə Avropa Ittifaqına daxil olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində tutduğu mövqeyi unudurlar. Statistik rəqəmlərə diqqət yetirək.
Yanvar-iyunda Azərbaycanın xarici ticarət dövriyyəsi 13 mlrd 891,6 mln dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən $4 mlrd azdır. Geriləməyə səbəb ölkənin neft ixracının azalmasıdır. Ixrac həcmi $9 mlrd 193 mln, idxal $4 mlrd 494,4 mln olub. Dövlətstatkoma görə, əməliyyatlarda 138 ölkədən hüquqi və fiziki şəxslər iştirak edib. 88 ölkəyə ixrac, 123 ölkəyə idxal əməliyyatları olub. Əməliyyatlarda Avropadan 45, Asiyadan 41, Yeni Dünyadan 25 dövlət iştirak edib. Ixracda neft, neft məhsulları və qaz üstünlük təşkil edir. Ardınca kənd təsərrüfatı məhsulları, alümimium, plastmass və s. gəlir. Idxalda ərzaq, qara metal, maşın, mexanizmlər, elektrik avadanlığı, nəqliyyat vasitələri üstünlük təşkil edir.
“Azərbaycana ən çox sərmayə qoyan da Avropadır”
Hakimiyyətin təbliğatını ifşa edən daha bir statistik rəqəm. Rəsmi statistikaya əsasən xarici və birgə müəssisələrdə 95 min nəfər vətəndaş işləyir ki, bu da iqtisadiyyat üzrə ümumi məşğulluğun təxminən 2 faizinə bərabərdir. Ölkədə cəmi 1140 belə müəssisə mövcuddur. Bu müəssisələr əsasən ticarət (315 müəssisə), sənaye (233), tikinti (157) sektorlarında fəaliyyət göstərir. Lakin bunların ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmi xeyli böyükdür, yəni iqtisadiyyat üzrə sərmayə qoyuluşlarının 40 faizinə qədəri bu mənbənin payına düşür. Mərkəzi Bankın tədiyyə balansı üzrə məlumatına əsasən, 2014-cü ildə birbaşa investisiyalar formasında xarici sərmayələrin həcmi 8 milyard dollar olub. Həmin vəsaitin təxminən 1.3 milyard dolları neft sektorunun, yerdə qalan hissəsi isə neft sahəsinə yönəldilib. Parlamentə təqdim edilən büdcə sənədlərində bütün vergi növləri üzrə rezidentlərin və qeyri-rezidentlərin büdcə ödənişləri ilə bağlı detallı məlumat verilməsə də, Vergilər Nazirliyinin bütün büdcə öhdəliklərinin 75 faizini və ya 5.3 milyard manatını təşkil edən 3 tədiyyə növü – ƏDV, mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə həmin informasiyaları izləmək mümkündür”.
“Azərbaycan Avropa Ittifaqı üçün hansı boşluğu yarada bilər?!”
mehemmed-talibli
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanın xarici ticarət tərəfdaşları arasında xüsusilə Avropa ölkələrinin payı böyükdür. Xüsusilə neft məhsullarının satışında Avropa ölkələrinin mühüm payının olduğunu deyən M.Talıblı vurğuladı ki, Azərbaycan gündəlik istehlak olunan məhsulları da Avropadan idxal edir: “Bu isə o deməkdir ki, Avropa ölkələri ilə həm ixrac, həm də idxal əməliyyatlarının kəsilməsi ticarət dövriyyəsinin kəskin azalmasına səbəb ola bilər. Bu isə o deməkdir ki, Azərbaycan dövlət büdcəsinə rüsum və vergilərdən daxilolmalar kəskin azalacaq. Eyni zamanda xarici ticarət dövriyyəsinin azalması üzündən bizneslə məşğul olan şəxslərin də gəlirləri azalacaq”.
Azərbaycanın Avropa Ittifaqı ölkələrinə qarşı sanksiyalar tətbiq etməsinin gülünc olduğunu deyən M.Talıblı vurğuladı ki, Bzejinski bu cür addım atmaq istəyən dövlətlərlə bağlı maraqlı fikir söyləyib: “Bzejinskinin gözəl bir sözü var. O, deyirdi ki, əgər əvvəllər ABŞ hər hansı ölkəni hədələyəndə ”gəlib səni məhv edərəm” deyirdisə, indi ABŞ “çıxıb gedərəm, məhv olarsan” bəyanatını verir. Sistem elə qrulur ki, mühüm aktyorun olmaması ümumi sistemdə ciddi boşluq yarada bilər. Amma Azərbaycanın Avropa üçün hansı boşluğu yarada biləcəyi sual doğurur. Avropanın ən kiçik ölkəsi Lüksemburqda adambaşına düşən ÜDM 75-80 min dollardır. Azərbaycanda isə bu göstərici heç on min dollar da deyil”.
M.Talıblının sözlərinə görə, Azərbaycanın xarici ticarətində əsas tərəfdaşların məhz Avropa ölkələri olduğu birmənalıdır. Əgər Azərbaycan bu dövlətlərdən imtina edərsə, kiminlə ticarət aparacaq?
Xəyal