Avropada biznesi, əmlakı və pulları olan məmurlar hakimiyyətin aqressiv addımlarını dəstəkləmir
Avropa Parlamentinin Azərbaycan hakimiyyətinə sanksiyaları nəzərdə tutan qətnaməsi iqtidar daxilində ciddi təlaş yaradıb. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hakimiyyət daxilində bu qətnaməyə görə Avropa strukturlarına aqressiv reaksiya verilməsi, hətta Avropa ilə əməkdaşlığın kəsilməsini istəyənlərlə yanaşı əks mövqedə olanlar da var.
Məlumata görə, əks mövqedə olanlar əsasən Avropada daşınmaz əmlak, biznes sahibi olan, Avropa banklarına pul yatıran oliqarxlardır. Həmin oliqarxlar Avropa ilə konfrantasiya nəticəsində bizneslərini, pullarını itirəcəyindən ehtiyat edirlər. Bu baxımdan Avropa ilə qarşıdurmaya gedilməsinin əleyhinə çıxırlar. Bu məsələ ilə bağlı hakimiyyət daxilində fikir ayrılıqlarının olması hökumətyönlü şəxslərin verdiyi açıqlamalardan da görünür. Məsələn, deputat Qüdrət Həsənquliyev moderator.az-a müsahibəsində bildirib ki, Azərbaycan hökuməti emosiyalardan uzaq, daha ölçülü-biçili qərarlar qəbul etməlidir. Qüdrət Həsənquliyev həmçinin deyib ki, Avropa ilə qarşıdurmaya gedilməsi Rusiya və Ermənistanın maraqlarına uyğundur. “Azərbaycan rəsmilərinin, həm Əli Həsənovun, həm də Fuad Ələsgərovun müsahibələrini oxuduqdan sonra məndə belə bir fikir formalaşıb ki, Azərbaycan iqtidarı Avropa Parlamentinə qarşı qəti addımlar atacaq. Hesab edirəm ki, bu qətnəmənin qəbul olunmasında ermənipərəst siyasətçilərin, parlamentarilərin də məqsədi bu idi ki, Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri kəsilsin. Bundan başqa mən hər zaman qeyd etmişəm ki, onlar bu məsələləri Azərbaycanla bağlı qapı arxasında müzakirə etmədən gündəmə gətirəndə, Azərbaycanın da bu məsələdə addım atmasını çətinləşdirirlər. Yəni insanlar düşünə bilər ki, Avropa təzyiq göstərdyi üçün bu addımları atdılar. Yəni indiki halda problemlərin kəskin şəkildə ifadə olunması onların həllinə gətirib çıxarmır, əksinə daha çiddi ziddiyyətlərə yol açır”.