Bakının balans siyasətində ən kritik məqam; Qərblə münasibətlərin qırılma həddinə çatması Azərbaycanı öz orbitinə çəkmək istəyən Kremlə əlverişli fürsətlər açıb...
Rəsmi Bakı ilə Avropa və ABŞ arasında yenidən soyuq ruzigarlar əsməyə başlayıb. Budəfəki gərginləşmə, heç şübhəsiz, ABŞ Dövlət Departamentinin iki azərbaycanlı xanım siyasi məhbus - Leyla Yunus və Xədicə İsmayılı “Dünyadakı 20 məhbus qadın jurnalist” siyahısına salaraq onların azadlığı üçün ABŞ-ın müvafiq hökumətlərə təzyiq edəcəyi barədə bəyanatından başladı, Fransanın “Fransa 2" dövlət telekanalının hakimiyyəti sərt tənqid edən verilişi ilə dərinləşdi və nəhayət, ötən həftənin sonlarında Avropa Parlamentinin Azərbaycan iqtidarı əleyhinə kəskin bəyanat qəbul etməsi ilə zirvəsinə çatdı.
Gözlənildiyi kimi, Qərbin müstəsna olaraq insan haqları ilə bağlı olan bu təzyiq-xəbərdarlıqları Bakıda dərhal güclü qıcıq doğurdu, ölkə prezidenti istisna olmaqla, ali icra hakimiyyətinin ən yüksək çinli məmurları, habelə iqtidaryönlü tanınmış simalar Avropa Birliyini və onun əsas qurumunu, faktiki seçkiləri boykota çağıran Avroparlamenti “ağ yuyub qara sərdilər”.
Bu gün isə Milli Məclisin eyni mövzu ilə bağlı fövqəladə toplantısı gözlənilir. Onun nəticəsini təxmin eləmək çətin deyil. Söz yox ki, bu dəfə ali qanunverici orqan səviyyəsində Qərbə “öz yeri göstəriləcək”. Parlamentin bütünlüklə Prezident Administrasiyasından asılı olduğu gerçəyini nəzərə alsaq, aydın olar ki, bütün anti-Avropa, anti-ABŞ ritorikasının arxasında məhz ali icra hakimiyyətinin iradəsi dayanır.
***
Hər şeydən göründüyü kimi, Bakı-Qərb münasibətlərində daha bir kritik və qalmaqallı həftə start götürüb. Azərbaycan hakimiyyətinin bu həftəni hücum ovqatında keçirəcəyi şübhə doğurmur. Artıq əlamətlər, iqtidar və ona yaxın dairələrin dilindən səslənən anonslar ortadadır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda 1 noyabr seçkilərini müşahidə eləməkdən imtina eləməsi isə gərgin həftənin başqa bir ciddi xəbərçisi hesab oluna bilər.
Təcrübə göstərir ki, seçkilərlə bağlı bir qayda olaraq, Avropa Şurası, Avropa Parlamenti və ABŞ da ATƏT-lə təxminən eyni mövqe sərgiləyir. Bu üzdən təhlükə var ki, 1 noyabr seçkilərinin legitimliyi tanınmasın. Hər halda Milli Məclisdəki bugünkü ritorikadan çox şey asılı olacaq.
Bəzi analitiklərə görə, münasibətlərin qırılma nöqtəsinə gəlməsi ən əvvəl Azərbaycan parlamentinə can atan qərbyönlü qüvvələrə yaxşı bir şey vəd eləmir, o üzdən həmin qüvvələrin təmsilçiləri arasında müəyyən ruh düşkünlüyünün, boykot ovqatının yaranacağı istisna olunmur.
***
Son baş verənlər, Bakının Qərbdən artan incikliyi isə, şəksiz ki, yalnız bir dövlətin marağındadır. Bu da daim “bulanıq suda balıq tutmağı xoşlayan” Rusiyadır. Şimal qonşumuz özü də bu yöndə daima səy göstərir, öz “cəzbediciliyini” gücləndirməyə çalışır. Ən önəmlisi, konkret olaraq Azərbaycanı öz tərəfinə çəkmək üçün tutaq ki, Qarabağ məsələsində sanballı heç bir şey təklif eləmədən buna nail olmaq istəyir. Niyə də nəsə təklif eləsin, əgər antiqərbçi rejimlər avtomatik Rusiyaya yaxınlaşmaq, onun müttəfiqinə çevrilmək zorundadırsa?..
Rusiya isə bu arada sanki duyuq düşübmüş kimi, “Yaxın qonşuları”na qarşı, üstəlik, ənənəvi təhdid siyasətini də gücləndirməyə başlayıb. Hədəf bu ölkələrin Qərbə boylanmaq əzmini birdəfəlik öldürməkdir, təbii ki. Bu xüsusda Azərbaycan Ukraynadan sonra Moskva üçün xüsusi önəm daşıyır.
Təsadüfi deyil ki, Moskva Azərbaycan ətrafında - Xəzər dənizində, Ermənistanda, işğal altındakı ərazilərimizdə, Abxaziyada mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlər həyata keçirir. Məsələn, ötən həftə Rusiya Xəzər dənizinə minlərlə desant çıxarmışdı, ilk növbədə Bakıya “əzələ nümayiş” etdirmişdi, halbuki bu təlimlərdən cəmi 10 gün qabaq Xəzərdə analoji manevrlər həyata keçirilmişdi.
***
Bu gün, sentyabrın 14-də isə Rusiya öz tarixində misli görünməmiş “Mərkəz - 2015" strateji hərbi təlimlərinə başlayır. Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, təlimlərin ilk hazırlıq mərhələsi Mərkəzi Hərbi Dairə (MHD) qoşunlarının döyüş hazırlığının sentyabrın 7-də prezident Vladimir Putinin elan elədiyi əmrlə başlanan qəfil yoxlaması hesab edilir. Davam edən bu təlimlərə maksimum sayda - 95 min əsgər, 7 min texnika vahidi və 170 təyyarə cəlb edilib. Təlimlər sentyabrın 12-dək davam edəcək.
Yeni manevrlərdə MHD-nin 5, Qazaxıstanın isə 2 poliqonundan istifadə ediləcək. Təlimlərin hədəfi hələ ki, məxfi saxlanılır.
Manevrlər 8 gün çəkəcək və MHD-nin on minlərlə hərbçisini, silahlı qüvvələrin, digər nazirliklərin və idarələrin bütün növ dəstələrini vahid komandanlıq altında birləşdirəcək. Təlimləri prezident Vladimir Putin şəxsən müşahidə edəcək.
Bu da hamısı deyil. Bu gün - sentyabrın 14-də Düşənbədə “Rusiya NATO-su” hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fövqəladə toplantısı öz işinə başlayacaq. Orada Ermənistan prezidenti Serj Sərkisyanın cəbhə xəttindəki son vəziyyətlə bağlı Azərbaycan əleyhinə sərt çıxış edəcəyi gözlənilir. Yəni faktiki şəkildə Putin onun dili ilə Azərbaycanı bir daha hədələyəcək.
***
Yaranmış mürəkkəb, eyni zamanda, Azərbaycan üçün təhlükəli geosiyasi şəraitdə məntiq diktə edir ki, rəsmi Bakı ənənəvi balans siyasətini saxlamaq və “Rusiyanın yemi”nə çevrilməmək, Kremlə əleyhimizə təhlükəli fürsətlər tanımamaq üçün Vaşinqton və Brüssellə kəskin konfrontasiyadan yayınsın, “qırmızı xətləri” gözləsin.
Gözləyəcəkmi, yoxsa hakimiyyət döngədə, seçki ilində hər halda “atları” dəyişmək qərarı verəcək?
Önümüzdəki günlərdə yəqin ki, bu suallara cavablar tapılacaq.
/musavat.com/Analitik xidmət