İqtisadçı ekspertlərdən yeni bahalaşma xəbərdarlığı

14-09-2015, 08:46   
İqtisadçı ekspertlərdən yeni bahalaşma xəbərdarlığı
Xarici bazardan məhsul və xammal asılılığı, üstəgəl, növbəti devalvasiya tezliklə yeni qiymət artımına gətirəcək...


Bir müddət əvvəl ölkənin ərzaq bazarında başlanan bahalaşma meyilləri ciddi təhlükədən xəbər verir. Ekspertlərin fikrincə, dünya bazarında ərzağın ucuzlaşdığı zamanda Azərbaycanda baş verən bahalaşma tezliklə daha ciddi nəticələrin olacağını söyləməyə əsas verir. Neftin ucuzlaşması və təkrar devalvasiya təhlükəsi qarşısında ərzaq məhsullarının kəskin bahalaşacağı ehtimalları az deyil.

Əksər ekspertlərin fikrincə, ölkədə yenidən devalvasiya olarsa, ərzaq məhsullarının qiyməti yenidən ikirəqəmli artıma məruz qalacaq. Onların sözlərinə görə, ölkənin ərzaq təhlükəsizliyi devalvasiyadan ciddi şəkildə asılıdır. Manat növbəti dəfə ucuzlaşacağı halda qiymət bahalaşması qaçılmazdır. Manatın isə yenidən devalvasiya ehtimalı yüksəlməkdədir.




Ekspert Samir Əliyev məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın ərzaq bazarının idxaldan asılılığı 22 faizdən çoxdur: “Ümumən ölkənin ərzaq təhlükəsizliyinin qorunması hər bir hökumətin vəzifəsidir. Ölkənin idxaldan asılılığı nə qədər az olarsa, bir o qədər həmin ölkənin ərzaq təhlükəsizliyi yüksək səviyyədə olmuş olar. Bizdə son illər artım var, idxaldan asılılığın azalması müşahidə edilir. Bunun əsas səbəbi daxili istehsalın hesabına baş verir. İdxaldan asılılığın az olması o baxımdan vacibdir ki, dünya bazarında qiymət oynamaları, o cümlədən valyutanın dəyərdən düşməsi, devalvasiyaya uğraması nəticəsində daxili bazar az zərər çəkir. Amma baxmayaraq ki, idxaldan asılılıq 22 faizdir, elə məhsullar var onlar idxaldan asılı deyil, sırf daxili istehsal hesabına həll edilir. Bir neçə məhsul var ki, daxili istehsal tam təmin olunur, hətta həmin məhsullar ixrac da olunur. Bu, çox normal, yaxşı haldır. Ancaq burada bir nüans da var.





Məsələn, şəkər daxili istehsal hesabına təmin olunsa da, onun xammalı xaricdən gətirilir. Xammal xaricdən gətirildiyindən, yenə də asılılıq məsələsi gündəmə çıxır. Çünki şəkər istehsalı üçün biz şəkər çuğunduru və yaxud şəkər qamışını xaricdən gətiririk, onun dünya bazarında qiymətinin qalxması mütləq Azərbaycana öz təsirini göstərməlidir.



Təsadüfi deyil ki, hazırda dünya bazarında ərzağın qiymətində ucuzlaşma var. Avqustda dünya bazarında qiymətlər aşağı düşüb, ərzaq qiymətləri indeksi aşağı düşüb. Demək olar, bütün sahələrdə ucuzlaşma olub. Bunun da səbəbi, təbii ki, dünya bazarında enerji daşıyıcılarının ucuzlaşmasıdır.

Belə vəziyyətdə ərzağın ucuzlaşması artıq bizim bazara da təsir göstərməlidir. Ancaq təəssüf ki, avqustda ölkədə qiymət artımı müşahidə etdik. Bunun da səbəbi fevralda baş vermiş devalvasiyanın təsirləri idi. Həmin dövrdə qiymət artımına hökumət imkan vermədi, inzibati yolla qarşısını aldı. İndi də qiymət artımı davam edir. Bizdə Rusiya və Türkiyədən gələn məhsullarda da qiymət ucuzlaşması yoxdur. Ancaq hər iki ölkənin valyutası ucuzlaşır, bizim bazara təsiri yoxdur. Yenə devalvasiya baş versə, qiymət artımı mütləq baş verəcək”.

RÖYA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.