Azərbaycan parlamentində qəzəbli çıxışlar ; Milli Məclisin növbədənkənar sessiyasında Azərbaycan deputatları Avropa Parlamentini topa tutdular; savaş qərarı kimi elan: “Avronest”də fəaliyyəti dayandırırıq; “Biz hakimiyyəti yox, Azərbaycanın Suriyaya, Liviyaya çevrilməməsini dəstəkləyirik”; “Axı sən kimsən, cənab Şults?!”
Sentyabrın 14-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar xüsusi plenar iclası keçirildi. Dövlət himninin oxunmasından sonra spiker dedi ki, Konstitusiyaya uyğun olaraq parlamentin 49 deputatı ona müraciət ünvanlayıb, növbədənkənar iclasın keçirilməsini təklif ediblər. Gündəlikdəki yeganə məsələ (“Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı”nın müzakirəsi) təsdiqləndikdən sonra iclas davam etdi.
Spiker O.Əsədov giriş nitqində dedi ki, Azərbaycan parlamenti dəfələrlə Avropa Parlamentinin qərəzli münasibətinin şahidi olub: “Bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib, tərbiyəsizcəsinə Azərbaycan siyasi hakimiyyətinə şər atılıb. Biz gördük ki, parlamentin nə qədər deputatı Azərbaycana qarşı qərəzli mövqe tuturlar”. Spiker dedi ki, adətən belə məsələlərdə 40-50, 60 deputat iştirak edib: “Ancaq bu dəfə Azərbaycanın məsələsini ”təxirəsalınmaz" adı altında müzakirəyə çıxarıblar. Çox az halda olub ki, Avropa Parlamentində 635 deputat iştirak etsin, bu dəfə o qədər deputat iştirak edib". Spiker dedi ki, Azərbaycan heç bir qurumun əlaltısı olmayacaq.
Sonra müzakirələrə keçildi.
“Bu qətnamə yalnız Azərbaycan hakimiyyətinin tənqidi deyil. Bu qətnamə bütövlükdə xalqa qarşı qoyulub və xalqın təhdididir. Bu qətnamə xalq üçün qəbul olunan qanunlara ziddir. Heç kim demir ki, Azərbaycanda problem yoxdur. Ancaq bu problemi təhdid kimi istifadə etmək doğru deyil. Burada erməni lobbisinin və türk-islam birliyinə qarşı xristian həmrəylinin hücum cəhdləri var”, - deputat Sabir Rüstəmxanlı çıxışında dedi.
Siyavuş Novruzov Avropa Parlamentinin son 2 ildə Azərbaycana qarşı 3 qətnamə qəbul etdiyini söylədi: “Azərbaycanda gedən inkişafı gözü götürməyən qüvvələrə, o cümlədən Avropa strukturlarına bir daha bəyan edirik ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Azərbaycan əleyhinə qəbul edilən qərarlarda iştirak edən şəxslərin bir çoxu bəzi antimilli qüvvələrə qrantların ayrılmasında rolları olub”. S. Novruzov Avropa təşkilatlarının seçkiləri müşahidə etməkdən imtinasına “xoruz banlamırdı, səhər açılmırdı” - deyə, reaksiya verdi.
Qüdrət Həsənquliyev bildirdi ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əslində Azərbaycanla Avropa Parlamenti arasında münasibətləri pozmağa yönələn sənəddir və bu, erməni lobbisindən maliyyələşən dairələrin əməlidir.
Deputat qeyd etdi ki, ölkədəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazırdırlar: “Bu gün Azərbaycanda milli satqınlar şurası adlandırılan bir şura var. Amma Avropa da bunların satqın olduğunu bilir”. Q.Həsənquliyev qətnamədə Azərbaycan qaçqınları barədə bir kəlmə yazılmadığını xatırlatdı: “Azərbaycana qarşı sanksiya tələb olunur. Bəs 1 milyon insanı didərgin salan, 20 min insanı qətlə yetirən, 20 faiz ərazini işğal edən ölkəyə qarşı niyə sanksiya tələbi yoxdur?!”
Vahid Əhmədov Avropa Parlamentinin son on ildə, xüsusilə də “Eurovision” və Avropa Oyunları ərəfəsində qəbul etdiyi qərarların milli maraqlarımıza zidd olduğunu xatırlatdı. Xüsusilə də qarşıdan gələn parlament seçkiləri ərəfəsində belə bir sənədin qəbuluna etirazını bildirdi. Deputat dedi ki, qətnamə faktiki olaraq Ermənistanın işğalına haqq qazandırır, güc yolu ilə torpaqlarımızı azad etməyimizə imkan vermir. V.Əhmədov dedi ki, Avropa qurumlarındakı deputatlarımız, diaspor təşkilatları, XİN ölkəmizə qarşı səs verən deputatlarla işləməlidir: “Biz qətnaməyə qarşı çıxan 202 deputatın da mövqeyini nəzərə almalıyıq. Mən Avropa Parlamentinin qətnaməsini pisləyirəm. Amma Avropa Parlamenti ilə işləmək lazımdır. Biz Avropadan təcrid olunmamalıyıq, Avropa Parlamenti Avropa dövlətləri demək deyil. Çünki Azərbaycanın Avropa dövlətləri ilə çox sıx əlaqələri var”.
Birinci vitse-spiker Ziyafət Əsgərov: “Bu qətnamə tamamilə saxta, böhtan, yalan, əsası olmayan kağız parçasıdır”, - söylədi. Z.Əsgərov dedi ki, 2014-cü ilin sentyabrında da yeni parlament toplaşan kimi, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi: “Çünki bizim ölkədə sabitliyin olması bunların maraqlarına uyğun deyil”. Jurnalistlərlə bağlı Avropa Parlamentinin tələblərinə gəldikdə, Z.Əsgərov parlament jurnalistlərinə xitab etdi: “Sizə nə vaxt təzyiq olub ki, bunu belə yazmayın, başqa cür yazın? Biz heç məhkəməyə müraciət etmirik. Çünki ulu öndər bir dəfə dedi ki, mən məhkəməyə müraciət etməyə ehtiyac görmürəm, vicdanı var, düz yazsın”.
Vitse-spiker Avropa Parlamentinin Azərbaycana qarşı paxıllıq etdiyini söylədi: “Çünki bunlarda lider yoxdur, Azərbaycanda var. Bu, sənin problemindir, mənim yox. Siz nə bilirsiniz Azərbaycanda seçkilər necə olacaq? Cənab Şults, sən nə haqla Azərbaycan xalqının əvəzinə seçkilərin taleyini həll edirsən? Axı sən kimsən?! Getdiniz Misiri dağıtdınız, Suriyanı, Liviyanı bombaladınız, Əfqanıstanı pis günə qoydunuz. Bu ölkələri dağıdanda bilmirdinmi humanitar fəlakət olacaq. Bəs ev-eşiyi olmayan insan hara getməlidir? İndi sənin yanına gəlir, qəbul edin onları. Siz Aralıq dənizində 10 minlərlə insanı batırdınız, məhv etdiniz. Açılacaq bütün bunlar. Bu, nə vəhşilik, nə insanlıq, nə demokratiyadır? İndi siz gəlib Azərbaycana ağıl öyrədirsiniz?”
“Sən demə, qədim qitəni heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmirmiş, əks təqdirdə, öz mövqelərini ortaya qoyardılar”- deyə, vitse-spiker Bahar Muradova öz çıxışında bildirdi. Xanım vitse-spiker dedi ki, bu cür sənədlərin verə biləcəyi nəticələr ilk növbədə Avropa insanlarının taleyinə mənfi təsir göstərəcək: “Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildiklərinizlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir”.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dedi ki, Avropa Parlamenti Azərbaycandakı seçkilər ərəfəsində tez- tələsik böhtan dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər.
Azay Quliyev Azərbaycanın Avropa qurumlarının qərəzli münasibətlərinin qarşılığında sərt mövqedən çıxış etməsini zəruri saydı. Deputat bildirdi ki, bu qətnamədə o qədər absurd ifadələr var ki, onu ciddiyə almamalıyıq: “Bizim Avropa İttifaqı ilə münasibətlərimiz şəffaf şəkildədir. Biz ”Avronest" lə də əməkdaşlıq etdik. Amma onlar müqabilində bizə riyakarlıq, ikiüzlülük göstərdilər. Avropa İttifaqının yüksək çinli rəsmilərinin səfəri təxirə salınıb. Bu siyasət davam etməlidir".
Asim Mollazadə dedi ki, Avropa Parlamentində qəbul olunan sənəd Azərbaycana qarşı informasiya müharibəsinin, ideoloji mübarizənin təzahürüdür. A. Mollazadə də bu təzyiqlərin arxasında konkret layihələrin dayandığını bildirdi: “Biz Azərbaycan və Türkiyə diasporu olaraq öz etirazlarımızı Avropa Parlamentinin qarşısında bildirməliyik. Biz müstəqil dövlət kimi ”böyük qardaşlar"dan imtina etmişik. Bundan sonra da müstəqilliyimizin ətrafında birləşərək bizə böyüklük etmək istəyənlərə “yox” deməliyik".
Milli Məclisin ağsaqqal deputatı Fəttah Heydərov çıxışı zamanı bildirdi ki, mənbəyi və mənşəyi bilinən qrupun qəbul etdiyi qətnamələrin müzakirəsini təqdir edir: “Bu qətnamə demoqogiyadan, antisülh, antibəşəri xarakter daşıyan cızmaqaradan başqa bir şey deyil. Burda göstərilən faktların heç biri reallığa uyğun deyil. Azərbaycan regionda nümunəvi dövlətdir, bunu ölkəmizə gələnlər də etiraf edir. Avropa Parlamenti ölkəmizə qarşı sanksiya tələb edir. Azərbaycan prezidentinin apardığı siyasət region və dünya üçün nümunəvi siyasətdir. Bu günədək 1 milyon qaçqın-köçkünümüzün haqlarının bərpa olunmasını tələb etməyən qüvvələr Azərbaycanın nailiyyətlərinə, inkişafına paxıllıq hissindən irəli gələrək ortaya belə bir sənəd qoyublar. Bu sənəd bir tərəfdən bizi ayıqlığa səsləyir, eyni zamanda biz bu qətnamədən çox da narahat olmağa ehtiyac yoxdur. Biz bu cür sənədlərə qətiyyətlə cavab verməliyik”.
Musa Quliyev dedi ki, bu qətnaməni qəbul etmək istəyənlər Azərbaycanı sözəbaxan, marionet dövlət kimi görmək istəyirlər: “Bunu görməyəcəklər! Əslində Avropa Parlamenti bir xristian klubudur, ilk gündən Azərbaycana qarşı mövqe ortaya qoyurlar. Əslində Avropa Parlamenti müstəqil deyil, bir kukla teatrıdır, oradakılar da maskalı aktyorlardır”. Deputat “Avronest”lə bütün əlaqələri kəsməyə çağırdı.
Fazil Mustafa xatırlatdı ki, əvvəlki illərlə müqayisədə son dövrlər ən barışmaz müxalif qüvvələrdə belə Avropa qurumları ilə bağlı fərqli münasibət formalaşıb: “Bu gün yeni bir situasiya yaranıb. Son illərdə Avropa İttifaqı balansın Ermənistanın xeyrinə dəyişməsi üçün Azərbaycana qarşı siyasi təzyiqlərə üstünlük verir. Biz hakimiyyəti yox, Azərbaycanın Suriyaya, Liviyaya çevrilməməsini dəstəkləyirik. Biz bu seçimi mütləq o formada etməliyik ki... Əks təqdirdə, ölkəmiz Ukraynaya çevrilə bilər, daha böyük fəlakəti yaşaya bilər”.
Zahid Oruc bildirdi ki, 20 ildir Azərbaycan cəmiyyətində “erməni kimi tanınan” bir şəxsin fəaliyyətinə nəhayət son qoyuldu: “Söhbət Leyla Yunusdan gedir. İndi siz təsəvvür edin ki, biz Saakyanı, Qukasyanı cəzalandırsaq, Azərbaycana qarşı hansı münasibət olar”? Z. Oruc həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycanda ingilis dilli bir telekanal yaratmağa çağırdı. Deputat seçkilərlə bağlı təzyiqləri də xatırlatdı: “Qərb açıq şəkildə deyir ki, parlamentdə mənim maraqlarımdan çıxış edən insanlar olmalıdır”.
Çingiz Qənizadə: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə riyakarlıqdan başqa bir şey deyil”, söylədi. Deputat Leyla Yunusun davranışlarını xatırlatdı: “Sanki bu adama tutulmaq, təzyiq altında qalmaq lazım idi ki, gələcəkdə hardasa sığınacaq tapsın. Rasim Əliyev isə məişət zəminində qətlə yetirilib, buna görə 6 nəfər həbs edilib və məsələ prezidentin nəzarətindədir”.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov parlamentdəki bugünkü çıxışı zamanı dedi ki, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr əslində 2003-cü ildə prezident seçilən İlham Əliyevin 6, maksimum 11 aydan sonra hakimiyyətdən gedəcəyini proqnozlaşdırırmış. Amma onlar bu hakimiyyətin uzun illər davam etməsini sinirə bilmədikləri üçün ölkəmizə qarşı təzyiqlərə start veriblər. Deputat Avropa Parlamentini “Xristian klubun vazgenlər şurası” adlandırdı. Y. Abramov həmkarlarını xaricdə sözlərini deməyə çağırdı: “Çoxları bu mikrofon qarşısında qəhrəman olur. Ancaq xaricdə danışmaq lazımdır. Düşməni evində boğmaq lazımdır. Mən bu kampaniyaya qoşulan yəhudilərə də müraciət edirəm, bizim 6 milyon soydaşımızı Avropa məhv edib”.
Fəzail Ağamalı Avropa Parlamentinin hələ 1988-ci ildən Azərbaycana qarşı qərəzli olmasını faktlarla xatırlatdı, qurumun erməniləri müdafiə etməsindən bəhs etdi. Elman Məmmədov da ermənipərəst avopalılarla sərt dillə danışmağı zəruri saydı.
Müzakirələrin yekununda vitse-spiker, Avropa İttifaqı Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov sədrlik etdiyi redaksiya komissiyasının hazırladığı qərarı oxudu. Sənəddə Avropa Parlamentindən Azərbaycana qarşı qərəzli münasibətə son qoymaq tələb olunub.
“Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisin qərarı” adlı sənəddə AP-dan tələb olunur:
- Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulsun;
- Avropa Parlamenti nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".
Qərar səsə qoyularaq qəbul edildi. Spiker deputatlara seçkidə uğurlar arzuladı və himnin oxunuşu ilə sessiya bağlı elan olundu.
Elşad PAŞASOY://musavat.com/