Arif Məmmədov: “Bu prosesin davamı olacaq...”; Elmar Məmmədyarov ilk dəfə hökumət səviyyəsində “vuruldu”
Xarici İşlər Nazirliyinin diplomatik korpusunda baş verən qalmaqallar gündəmin əsas mövzusu olaraq qalır. İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi nümayəndəsi Arif Məmmədovla başlamış skandal daha sonra “diplomatik qiyam”a çevrilib, Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov və Niderlanddakı səfirliyin konsulluq əməkdaşı Nahid Cəfərov Azərbaycana qayıtmaqdan imtina ediblər. Hər üç diplomat vəzifədən uzaqlaşdırılsa da, onlar Bakıya qayıtmayıblar və bunu həbs olunma ehtimalı ilə izah ediblər.
Qeyd edək ki, ötən ay Arif Məmmədov barəsində həbsli axtarış qərarı çıxarılıb. O, qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Digər iki diplomata gəlincə, XİN onların yaşayış yerini seçmək hüququ olduğunu qeyd edərək, ölkəyə qayıtmaq istəməmələrinə əlavə şərh verməyib.
Mayda Bakıda yaşayış binasının yanmasından sonra facebookda yazdığı tənqidi statusla gündəmə gələn və vəzifəsini itirən keçmiş səfir BBC-nin Azərbaycan xidmətinə müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.
O, XİN-in xaricdəki bəzi əməkdaşlarının ölkəyə dönməkdən imtina edərək siyasi sığınacaq istəməsi haqda danışıb, habelə öz siyasi iddialarını ortaya qoyub.
Hazırda Brüsseldə olan Arif Məmmədov deyib ki, onun müxalifətçi mövqeyi yeni məsələ deyil və hələ məlum yanğından “daha əvvəl başlayıb”.
“Bilirsiniz, mən nə polisəm, nə də icra başçısıyam. Mən hökuməti təmsil etmişəm, amma insaflı diplomat ilk növbədə öz xalqının yanında olmalıdır” - deyən A.Məmmədov iddia edib ki, Bakıda “ona qarşı işləyən qüvvələr, ayağının altını qazanlar olub”.
A.Məmmədov müxbirin “sizdən sonra bir neçə diplomat da hökumətə etiraz elədi. Bunlar sizinləmi bağlıdır? Sizmi ruhlandırmısınız onları” sualına belə cavab verib: “Onların bir hissəsinin mənimlə hər hansı bağlantısı yoxdur. Digərləri faktiki olaraq mənim tanıdığım diplomatlardır, ya da mənim statusumu bəyəndiklərinə görə işdən uzaqlaşdırıblar. Digərləri də mənimlə yaxınlıqda olduqları üçün işdən kənarlaşdırdılar”.
Sabiq səfir Azərbaycanın Niderlanddakı səfirliyinin keçmiş əməkdaşı, bu ölkədən siyasi sığınacaq istəmiş Nahid Cəfərov barədə də danışıb: "Mən Strasburqda, Avropa Şurasında vəzifəmdən dönəndən sonra təxminən bir ilə yaxın XİN-də işlədim. Nahidi bir bacarıqlı işçi kimi özümə faktiki olaraq köməkçi kimi götürmüşdüm. Mənim əksər görüşlərimdə Nahid də iştirak edirdi, o cümlədən Avropa İttifaqı səfirləri ilə “Chatham House qaydaları” əsasında (“Chatham House” qaydaları danışıqları və ya müzakirənin ictimaiyyət üçün açıqlanmadığı görüş şərtləridir-red.) görüşlərində iştirak edib. Nahidi sıxışdırmağa başladılar və bu da mənə elə gəlir ki, əsas səbəb idi".
A.Məmmədov iddia edib ki, diplomatların yeni üsyan dalğası gözlənilir: “Məndə olan xəbərlərə görə, bu prosesin davam olacaq”.
Sabiq səfir onun “Qərbin layihəsi” adlandırılmasına da münasibət bildirib: “Müxtəlif mülahizələr yazırlar. Amma məni tanıyırlar, Qərbdə də tanıyırlar, kontinental Avropada da tanıyırlar, Şimali Avropada da tanıyırlar. Və məni demokratik düşüncəli insan kimi tanıyırlar. Rəyimi nəzərə alırlar. Məni 20 ildən artıq tanıyırlar və portretimi hazırlayıblar... Mənə müxtəlif qüvvələrin marağını artırırlar”.
A.Məmmədov “sosial bazanız kifayət qədər güclənəcəkmi ki, siz prezidentliyə namizədliyinizi verə biləsiniz? Ümumiyyətlə, belə bir planınız varmı” sualına cavabında bildirib ki, bu mərhələdən sonra onun fərqli həyatı başlayır: “Mən artıq siyasətə girmişəm. Burada müxtəlif inkişaflar ola bilər və mən növbəti prezident seçkilərində namizədliyimi irəli sürməyimi istisna etmirəm”.
Sabiq səfir ona gizli dəstək verildiyini də etiraf edib: “Mən üç aydır səhnəyə girmişəm, məni o qədər tanımırlar. Amma açıq olmasa da bilirəm ki, gizli dəstək çoxdur... İşlər gedir”.
Baş verənlərlə bağlı xarici işlər naziri Elmar Məmmədyarova qınaqlar artır. Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsindən sonra baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov xaricdəki diplomatik korpusun fəaliyyətini kəskin tənqid edib. “Əleyhimizə olan qətnamənin qəbuluna səs verən ölkələrə baxanda sual yaranır ki, Azərbaycanın bu ölkələrdəki səfirləri hansı işlərlə məşğuldur, səfirliklərə ayrılan vəsaitlər hara sərf olunur? Bu ölkələrdəki səfirlərimiz nə edir, nə işlə məşğuldurlar? Səfirlərimiz illərlə orada oturub, nə iş görürlər? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 2-3 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiridir. Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətlə məşğuluq. Diplomatik korpusla bağlı ciddi iş görülməlidir” deyə, Ə.Həsənov bildirib. Bu, diplomatik qalmaqaldan sonra hökumət səviyyəsində XİN-lə bağlı ilk ciddi tənqiddir. A.Məmmədovun “diplomatların yeni üsyan dalğası gözlənilir” barədə xəbərdarlığı da XİN üçün ciddi siqnal ola bilər.
“Yeni Müsavat”