Strasburqda AŞPA prezidenti Enn Brassör, Avropa Parlamentinin rəhbəri Martin Şults və AI-nin Genişlənmə üzrə Komissarı Yohannes Hanın görüşü keçirilib. Dünən keçirilən görüşdə hər iki parlament qurumunun siyasi qrup liderləri iştirak ediblər.
AŞPA mətbuat xidmətinin məlumatında deyilir ki, görüş iştirakçıları Türkiyədəki vəziyyəti, miqrantlar problemini, Ukraynadakı münaqişəni, habelə Azərbaycan və Rusiya ilə münasibətləri müzakirə ediblər.
Müxtəlif siyasi qrupların siyasi liderləri ortaq həllər tapmaq üçün müzakirəini və əməkdaşlığı davam etdirməyə razılaşıblar.
Mətbuat xidmətinin məlumatına görə, Enn Brassör görüşün yekunlarına dair “hökumətlər öz öhdəliklərinə görə cavab verməlidirlər”, – deyə bildirib(contact.az).
Azərbaycanda son bir il ərzində aparılan repressiyalar Qərb dünyasında çox ciddi narahatlığa səbəb olub. Bütün bu müddət ərzində Azərbaycan hakimiyyətini repressiyaları dayandırmağa və siyasi məhbusları azad etməyə olan çağırışlar heç bir nəticə vermədi. Yaranmış vəziyyət Avropa strukturlarını Azərbaycandakı problemlərə daha ciddi münasibət göstərməyə vadar etdi. Avropa Şurasının Parlament Assambleyasında iyun ayında Azərbaycan hakimiyyətini ciddi şəkildə tənqid edən qətnamə qəbul edildi. Bu qətnamə belə Azərbaycan hakimiyyətini mövqeyini dəyişməyə vadar edə bilmədi. Avropa Ittifaqının qətnaməsi Azərbaycan hakimiyyətinə qarşı qəbul olunmuş ən sərt xarakterli sənəd kimi qiymətləndirilməlidir. Qətnamənin qəbulundan sonra Azərbaycan hakimiyyətinin davranışı göstərir ki, hakim komanda ilə Avropa Birliyi ilə qarşıdurma kursu seçir. Avropa liderlərinin qətnamə qəbulundan sonrakı vəziyyəti müzakirə etməsi onların problemi ən ciddi şəkildə saxlamalarının göstəricisidir. Son günlər baş vermiş hadisələr göstərir ki, Avropa Ittifaqı bundan sonra da Azərbaycandakı repressiyalarla bağlı qətiyyətli mövqedə dayanmaqda davam edəcək.