Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısının hazırlanması ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Xatırladaq ki, YAP namizədlər siyahısını sentyabrın 15-də açıqlayıb. Siyahıda əhəmiyyətli dəyişiklik edilməyib. Yəni, köhnə deputatların əksəriyyəti saxlanılıb.
Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, ilkin siyahı açıqlanan siyahıdan xeyli fərqli olub. Ilkin siyahıda namizədlərin böyük əksəriyyəti gənclərdən ibarət imiş. Lakin sonradan YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun təkidilə onların və əslən Naxçıvandan olan namizədlərin adları çıxarılıb. Məlumatda bildirilir ki, mövcud siyahını 3 nəfər hazırlayıb: Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, PA-nın ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev və Əli Əhmədov.
Məlumatlara görə, Əli Əhmədovun təkidilə “Iki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin də adı siyahıdan çıxarılıb.
Məlumatlarda bildirilir ki, mövcud siyahı partiyada ciddi gərginliyə səbəb olub.
Bu arada Turan agentliyi məlumat yayıb ki, parlament seçkilərinə qatılan bəzi partiya sədrlərilə PA-da söhbətlər aparılır. Məlumata görə, bu görüşlərə sentybarın 17-dən start verilib.
Belə görüşlər Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimovla keçirilib. Məlumatda qeyd olunur ki, partiya sədrlərini PA-nın rəhbəri Ramiz Mehdiyev şəxsən özü qəbul edib. Partiya sədrlərinə deputat seçildikdən sonrakı “davranışları” ilə bağlı təlimatlar verildiyi iddia edilir.
YAP-ın siyahısı bir çox hökumətyönlü deputatları çaş-baş qoyub. Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı qərar vermədiyini deyib. Elton Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu həftənin sonunadək namizəd olub-olmayacağı ilə bağlı qərarını açıqlayacaq: “Indiyədək 3 çağırış Milli Məclisin deputatı olmuşam, budəfəki seçkilərlə bağlı isə hələlik qərar verməmişəm. Mən müstəqil insanam və həftənin sonunadək öz qərarımı verəcəyəm. Ola bilər ki, namizəd olmayım və öz elmi-pedoqoji fəaliyyətimə davam edim. Hər halda bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar verəcəyəm”.
Bundan başqa məlum olub ki, deputat Fuad Muradov dairəsini dəyişib. AzNews.az xəbər verir ki, Fuad Muradov bu ilki seçkidə bitərəf olaraq 34 saylı Xətai ikinci Seçki Dairəsindən namizədliyini verəcək.
Fuad Muradov 2010-cu ildə Milli Məclisə keçirilən seçkiyə bitərəf olaraq 29 saylı Səbail seçki dairəsindən qatılıb. Həmin dairədən bu il YAP Şəmsəddin Hacıyevin namizədliyini irəli sürüb.
Bir müddət əvvəl parlament seçkilərinə qatılacağını deyən Rauf Arifoğlu da tərəddüd içindədir. Rauf Arifoğlu əvvəlcə bəyan etmişdi ki, namizədliyini 106 saylı Tovuz seçki dairəsindən irəli sürəcək. 2010-cu ildə bu dairədən Ilyas Ismayılov namizəd olub. O, bu dəfə də 106 saylı Tovuz seçki dairəsindən mübarizə aparmaq niyyətindədir.
Rauf Arifoğlu daha sonra bildirdi ki, o, 34 saylı Xətai seçki dairəsi üzərində düşünür: “Düşüncəmdə Tovuzdan daha çox, 34 saylı Xətai seçki dairəsi var. Doğulduğum torpaqlardan böyük səs üstünlüyü ilə keçmə ehtimalım yüksəkdir; ümumiyyətlə əminəm ki, Azərbaycanın hər hansı bir guşəsindən rahatlıqla deputat seçilə bilərəm. Lakin hər gün işləyən redaktor kimi, Bakıdan namizədliyimi vermək, kampaniyamı buradan aparmaq mənə daha rahatdır. Hətta ortam uyğun olmasa, ümumiyyətlə namizədliyimi verməyəcəm. Bu, məndən heç nəyi əskiltməz”.
Lakin deyəsən Fuad Muradovun bu dairəyə gəlməsi Rauf Arifoğlunu geri çəkilməyə məcbur edib. Çünki baş redaktor artıq seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı tərəddüdlü durumda olduğunu deyir. O, bu barədə “Facebook” səhifəsində yazıb: “Seçkilərdə iştirak edib-etməyəcəyimlə bağlı hələ də tərəddüdlü durumum qalır. Bakı dairələrindən birinin üzərində dayanmışam. Ilkin hazırlıqlar da aparılıb. Lakin qəti qərarı verməmişəm. Seçki mühiti, ortam, şərtlər uyğun olsa və inansam ki, mənim qələbəm keçən dəfələrdə (2005-2010) olduğu kimi, dəyişdirilməyəcək, namizədliyimi verəcəm”. Rauf Arifoğlu bildirib ki, bunlardan hər hansı biri olmasa, boşuna zaman və pul xərcləmək fikri yoxdur: “Rayonlara gedib, seçki kampaniyası keçirtmək isə, əvvəldən də dediyim kimi, istisna olunur. ”Yeni Müsavat”ın işinə, həyatımızın ritminə mənfi təsir edəcək, heç uyğun deyil”.