Şəhid ailəsi Elmar veliyevdən Bəylər Əyyubova şikayət etdi

19-09-2015, 10:50   
Şəhid ailəsi Elmar veliyevdən Bəylər Əyyubova şikayət etdi
Nahib Hüseynov: «Son ümidimiz sizədir, bizə kömək edin, ailəmizi aclıq çəkməyə qoymayın…»

Gəncə sakini Nahib Hüseynovun başına gətirilənlər barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişdik. Üstündən xeyli keçib, amma şəhid ailəsinin problemi hələ də həllini tapmayıb. Nahib Hüseynov bunun da səbəbini belə izah edir ki, Gəncədə heç bir vəkil və hakim icra hakimiyyətinə qarşı gedə bilmir: “Bu səbəbdən də mən məhkəməyə müraciət edə bilmirəm”.

Nahib Hüseynov başına gətirilənlər barədə Prezident Administrasiyasından tutmuş, hüquq-mühafihə orqanlarına qədər bir çox dövlət strukturlarına şikayət edib. Təsəvvür edin ki, o, Bakıda Prezident Administrasiyasında qəbulda olarkən Gəncədə Dədə Qorqud küçəsi 36 ünvanındakı binanın yaxınlığında yerləşən şəxsi mağazasını ağır texnika vasitəsilə yerlə-yeksan ediblər. Onun sözlərinə görə, bu, icra başçısının göstərişilə baş verib: “Şəhid ailəsinə verilən və şəxsi vəsaitim hesabına tikilən, çıxarışı və texniki pasportu olan, icra hakimiyyətinin sərəncamıyla verilən bu obyekti heç bir əsas olmadan darmadağın ediblər. Bu ərəfədə Gəncəyə 6 dəfə getmişəm. Axırıncı dəfə mənə üçüncü dərəcəli bir yer göstərdilər ki, orada da mağaza tikintisindən söhbət gedə bilməz. Avqustun 17-dən bizimlə heç kim maraqlanmır ki, bu dörd nəfərlik ailə nə yeyib, nə içir. Özüm xəstəyəm, dərmanlarımı alıb içə bilmirəm. Məktəb yaşlı övladlarım da məktəbə gedə bilmir. Həyat yoldaşımla birlikdə sentyabrın 14-də Prezident Administrasiyasında Prezident Administrasiyasında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavininin qəbulunda olduq. Qəbul heç 5 dəqiqə çəkmədi, ərizə yazıb, ona baxılacağını dedilər. Ərizə yəqin həmişəki kimi, Gəncə şəhər Icra Hakimiyyətinə göndəriləcək. Qəbuldan çıxarkən oradakı rütbəli bir polis əməkdaşının dediyinə görə, Gəncə şəhər Icra Hakimiyyətindən Prezident Administrasiyasına xəbər verilib ki, guya biz onlardan 250 min manat kompensasiya istəmişik. Bunu eşidəndə şoka düşdüm. Eşitdiyimizə görə onlar özü mağazamın yerini başqasına 250 min manata satmaq istəyirlər. Hər dəfə də məndən mağazamdan imtina etməyim barədə ərizə yazmağımı tələb edirdilər. Gəncədəki vəzifəli polislər bizə hədə-qorxu gəlirdilər. Indi başa düşdüm ki, bunlar nəyə görə belə edirlərmiş…”


Nahib Hüseynovun sözlərinə görə, ona kömək üçün prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova müraciət etmək məsləhət görülüb: “Söhbətimizi eşidən bir vətəndaş yaxınlaşaraq, Bəylər müəllimə müraciət etməyimizi məsləhət gördü. O dedi ki, Bəylər müəllim Gəncənin icra başçısının həm qohumu, həm də ağsaqqalıdır.

Mən qəzet vasitəsilə Bəylər müəllimə müraciət edirəm. Bəylər müəllim, son ümidimiz sizədir. Bizə kömək edin, ailəmizi aclıq çəkməyə qoymayın. Ailəmiz sizdən səbirsizliklə cavab gözləyir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.