Tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar

21-09-2015, 03:47   
Tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar
Yeni tədris ilinin başlanması ilə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) cərəyan edən bəzi proseslər də öz intensivliyini artırıb. Mediada yer alan məlumatlara görə, rektor Ədalət Muradovun israrla tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları bu ali təhsil müəssisəsində bir müddət əvvəl yaranmış gərginliyi getdikcə daha da artırır.
İlk növbədə əlbəttə ki, ADİU-da həyata keçirilən rüşvət yığımları tələbələrin və bəzi müəllimlərin ciddi narahatlığına və etirazlarına səbəb olan amil kimi çıxış edir. Universitetin daxilində olan mənbələr də cumhuriyyet.az-a verdiyi məlumatlarda təsdiq edirlər ki, Ədalət Muradovun ADİU-ya rektor təyin olunmasından sonra adıçəkilən təhsil müəssisəsi kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər isə, ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb. Əlbəttə, Şəmsəddin Hacıyevin zamanında da universitetdə hər şeyin ideal vəziyyətdə olduğunu iddia etmək olmaz. Amma bir məqam da unudulmamalıdır ki, Şəmsəddin Hacıyevin rektorluq illərində ADİU bir sıra uğurlara imza atıb, təhsil ocağının nailiyyətləri dəfələrlə ən yüksək səviyyələrdə müsbət qiymətləndirilib. Ədalət Muradovun gəlişindən sonra isə onunla bağlı gözləntilər daha çox idi. Təhsil Nazirliyinin kuluarlarında və ictimaiyyətdə belə bir ehtimal səsləndirilirdi ki, Ədalət Muradov Şəmsəddin Hacıyevdən qalma uğurlu ənənəni layiqincə davam etdirəcək. Amma, nəticələr gözləntilərin tam əksi oldu.
Son bir il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşdi. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və hətta universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etmək barədə fikirlər də səsləndirilir. Əldə etdiyimiz məlumata görə 2014-2015-ci tədris ilində ADİU-da dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilmişdi. Digər tərəfdən isə ADİU-ya işə qəbul məsələləri də artıq ciddi korrupsiya əməlləri ilə müşayiət olunmaqdadır. Qeyd etmək lazımdır ki, bu barədə məlumatlar ölkənin bir çox mətbu orqanlarında da yayımlanmaqdadır. Belə ki, bir müddət əvvəl yayımlanmış məlumatada universitetin keçmiş məzunlarından biri tərəfindən ADİU-ya işə qəbul olunmaq üçün müəllimlərdən birinə 4000 manat məbləğində rüşvət verildiyi iddiası irəli sürülmüşdü. Açıqlamalar görə rüşvətin alınması faktı 2014-cü ilin aprel ayında, yəni Ədalət Muradovun rektor təyin olunmasından az sonra baş verib. Öz növbəsində pulu alan müəllim də şikayətçi ilə telefon danışıqları zamanı ona bildirib ki, bütün məbləği birbaşa rektora təhvil verib. Digər tərəfdən də Ədalət Muradovun ADİU-nun keçmiş rektoruna qarşı apardığı antitəbliğat kampaniyası da universitetdə mövcud gərginliyin artmasını stimullaşdırır. Bununla belə etiraf etmək lazımdır ki, müxtəlif instansiyalara Şəmsəddin Hacıyevə qarşı “kompramat” xarakterli məlumatların ötürülməsinə daha əvvəldən başlanmışdı və prosesdə ADİU-nun bəzi əməkdaşlarının da yaxından iştirakı olmuşdu.
Əldə etdiyimiz başqa bir məlumatda Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın fərqli səbəbləri də diqqət mərkəzinə çəkilmişdi. Mənbə bildirmişdi ki, bir neçə il bundan öncə İqtisad Universitetinin müəllim heyətinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə, məhz Şəmsəddin Hacıyevin təşəbbüsü əsasında “İqtisadçı-2005” MTK şirkəti təsis olunub. Məlumata görə bu şirkət hazırda kifayət qədər rentabelli bir müəssisəyə çevrilmişdir. Ədalət Muradovun Şəmsəddin Hacıyevə qarşı apardığı kampaniyanın daha bir məqsədi də məhz bu şirkət üzərində nəzarəti ələ keçirmək olub…
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.