ABŞ və Rusiya Suriyada anlaşacaq, yoxsa dalaşacaq?

21-09-2015, 09:37   
ABŞ və Rusiya Suriyada anlaşacaq, yoxsa dalaşacaq?

Rusiya isə ilin sonunadək Əsədi cəbhədə güclü tərəfə çevirməyə çalışır...
Suriya ətrafında ciddi hərəkətliliyin olması ilə bağlı yazmışdıq. Qərb mediasının iddialarına görə, Suriyada münaqişənin yekunlaşması istiqamətində həm Rusiya, həm də ABŞ ciddi fəaliyyətə başlayıb.


Son həftələrdə Rusiyanın Suriyada hərbi gücünü artırması ilə bağlı iddiaların artması fonunda hələlik Kreml rəsmiləri təsdiq etməsə də, Suriyada döyüş cəbhəsində Rusiya istehsalı olan yeni silahların istifadəsi nəzərəçarpacaq dərəcədə artıb. Həmçinin, son günlər Suriyada rusiyalı hərbi təlimatçıların, eləcə də Rusiyadan silah və hərbi texnikadan ibarət yüklərin daşınması ilə bağlı kadrların sayı artıb.

Qərb mənbələri, o cümlədən bölgə ekspertləri Rusiyanın Suriyada hökuməti gücləndirmək və son həlledici savaşa hazırlaşdığını qeyd edirlər. Maraqlıdır ki, bütün bu məlumat və analizlərin fonunda Qərbdə Rusiya ilə Suriya məsələsində anlaşma çağırışları eşidilir. Ötən həftə sonu Londona səfər edən ABŞ dövlət katibi britaniyalı həmkarı ilə görüşdən sonra bəyan edib ki, Suriya münaqişəsinin həlli prosesində Bəşər Əsədin prezidentlikdən getməsi ön şərt deyil. Halbuki son günlərə qədər ABŞ tərəfi Suriyada istənilən həll variantına yalnız Əsəd olmadan razı olduqlarını deyirdilər.

Kerri bildirib ki, Suriyada böhranın siyasi həlli üçün danışıqlar prosesi yenidən fəallaşdırılmalıdır. Onun sözlərinə görə, Əsəd getməlidir, ancaq indi deyil, sonrakı mərhələdə də ola bilər. Bundan başqa Con Kerri Tehran və Moskvanı Bəşər Əsədi müzakirələrə cəlb etməyə çağırıb. Kerri bildirib ki, Qərbin əsas hədəfi İŞİD-in məhv edilməsidir.

Bu arada Ağ ev Rusiyanın İŞİD-ə qarşı mübarizəyə qoşulmasını məmnuniyyətlə qarşılayacaqlarını bildirir. Bəzi media orqanlarında rusların Suriyada quru müharibəsinə qoşulacağı və ikinci Əfqanıstan sindromu yaşayacağını iddia edir. Lakin görünən odur ki, hələlik ruslar açıq meydan savaşına girmək istəmirlər. Moskva Qərbi İŞİD-ə qarşı koalisiyada əməkdaşlığa dəvət edir və eyni zamanda İŞİD-lə mübarizə adı ilə Suriya və İraq ordusunu gücləndirir. Rusiya bununla həm ümumi hədəf olan İŞİD-ə qarşı mübarizə aparır, həm də Suriyada öz maraqlarını müdafiə etmiş olur.



Qərb isə İŞİD-in sürətlə böyüməsi, eləcə də Avropanı təhdid edən qaçqınlar probleminin fonunda bölgədə tez bir zamanda terrora son qoymaq, böhranı dayandırmaq üçün Rusiya ilə anlaşmağa, bu məqsədlə Əsədin getməsi şərtindən imtina etməyə razılaşır. Çünki indi vəziyyət o həddə çatıb ki, artıq qaçqınlar və İŞİD terrorunun fonunda Əsəd ciddi təhlükə kimi görünmür.

Bu arada bölgə üzrə tanınmış mütəxəssislərdən olan Tim Anderson “Global Research” jurnalında yazdığı məqalədə Əsədin Suriyada vəziyyəti dəyişə biləcək yekun müharibəyə hazırlaşdığını iddia edib. Müəllif iddia edir ki, ABŞ-ın Suriyada rejim dəyişikliyi və ölkənin bir neçə hissəyə bölünməsi planı baş tutmayıb. Bununla da “Böyük Orta Şərq layihəsi” əslində uğursuzluğa düçar olub.



Andersona görə, Bəşər Əsədin qalib gəlməsinin əsas səbəbi Suriyada xalqın böyük çoxluğunun məzhəbçi, radikal dinçi silahlı qruplaşmalara deyil, orduya dəstək verməsi, ikincisi müttəfiqlərinin Əsədə verdiyi həyati dəstək və nəhayət, qarşı cəbhədə yer alan beynəlxalq qüvvələrin parçalanmış olması, fərqli maraqlar güdməsidir.

Sentyabrın 23-də isə Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan Rusiyaya səfər edəcək. Müşahidəçilər Ərdoğanın Moskva səfərində Putinlə görüşünün əsas müzakirə mövzusunun Suriya olacağı və Putinin Türkiyə prezidentinə Suriya böhranının həlli ilə bağlı hansısa təkliflər verəcəyini qeyd edirlər.

Qeyd edək ki, bir qədər əvvəl beynəlxalq mediada Suriya ilə bağlı yeni həll planının irəli sürüldüyü haqda məlumat yayıb. Bir neçə variantda Suriya planından söhbət gedir ki, bu planlar Suriyada böhranın ilin sonunadək həllini nəzərdə tutur. Ancaq təbii ki, Suriyada böhranın həlli ilə bağlı Rusiya və İranın yanaşması, Qərb, o cümlədən Türkiyə və ərəb müttəfiqlərin yanaşmasından fərqlidir. Bu mənada hazırda Suriyada fəallaşan həm Rusiya, həm də Qərb ilin sonuna qədər status-kvonu öz xeyirlərinə dəyişməyə çalışırlar. Çünki həll variantına Əsədin güclü tərəf kimi getməsi, Qərb onun qalması ilə barışmağa vadar edə bilər və yaxud da əksinə. Bu mənada Suriya ətrafında həm beynəlxalq səviyyədə danışıqlar prosesinin sürətlənməsi, həm də cəbhədə döyüşlərin şiddətlənməsi gözlənilir.

Kənan RÖVŞƏNOĞLU musavat.kom
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.