Parlament üzvündən hesabat tələb etmək həm qanuni, həm də mənəvi hüquqdur. Ona görə deputatın obrazına dair hər kəsin dəqiq təsəvvürü olmalıdır ki, onu mühakimə edərkən haqsızlığa yol verilməsin.
Millət vəkili ilk növbədə, qarşısında dayandığı tribunanı aktiv bir şəkildə çalışdırmalı,ictimai-siyasi problemləri oradan səsləndirməyi bacarmalı, oturduğu kreslonu zəlil etməməli, ölkəsinin daxili və beynəlxalq mənafeləri naminə yorulmadan işləməyi bacarmalıdır. Eyni zamanda hər bir deputat seçildiyi ərazinin sosial həyatına, ictimai qayğılarına bələd olmalı, yerli problemlərin xəritəsini müəyyənləşdirib onu hökumətə daşımağı bacarmalı, bir sözlə xalqını beş ildən bir deyil, hər zaman yada salmalıdır, insanların yanında olmalıdır. Bu baxımdan millətimiz qarşısında alnımız açıqdır və gördüyümüz işləri hamının mühakiməsinə təqdim edə bilərik.
Zahid Oruc ötən illər ərzində yüz dəfələrlə müxtəlif açılış mərasimlərinin, təqdimatın, görüşün müəllifi, əksər hallarda o işlərin görülməsində bir misqal zəhməti olan şəxs kimi təmsil etdiyi bölgəyə gedib. İndi onları hər kəsin bilməsində bir fayda olduğunu düşünüb, fəaliyyətimizin xəritəsini və hansı miqyasda olduğunu göstərməyə etiraz etmədik. "Pulic person" olmağının tələbi bundan ibarətdir.
Gördüyünüz kimi, müxtəlif illərdə fotoobyektivin kamerasına düşmüş hadisələrin məqsədi yeni siyasi xallar qazanmaq deyil, bizi rus boyarları zənn edib paytaxt mediasında linç edənlərə əsil həqiqətləri bilməsinə şərait yaratmaq istəmişik. Əminəm ki, qarşıdakı 40 gündə bütün seçki kampaniyasının dönəmində bizim müxtəlif kommunikasiya vasitələrinə çıxaracağımız hesabat tam mənzərəni formalaşdıracaq və onda hər kəs Zahid Orucun dövləti qarşısındakı xidmətlərini dürüst qiymətləndirə biləcək. Bütün bunlar ölkə qurucusu olan liderə və siyasi elitamıza, təmsil etdiyimiz insanlara bəlli olduğu halda bütün Parlamenti və məmur sinfini qara boyada təsvir edənlərə də aydın olacaqdır.
O şəkilin tarixçəsinə gəldikdə isə, bir daha xüsusi vurğulamağa dəyər ki, onlarla Qarabağ əlilinə dövlətimizin diqqəti və qayğısı ilə verilmiş evləri, sovetlərin dağılması ilə xarabalığa çevrilmiş mavi yanacaq infrastrukturunun tam yenidən qurularaq insanlara rahatlığın bəxş olunmasını, məktəb, xəstəxana açılışlarını deyil, yalnız bir şəkilə, özü də yarımçıq və hiddətli bucaqdan yanaşma etmə, səhv nəticə və qüsurlu qənaət doğuracaqdır.
Təfsilatlı məlumata gəldikdə isə, həqiqətlər bizim ucuz reklam kampaniyası hökmündən tamam fərqlənir. Həmin şəkil məsum bir qızcığazın haqqında aldığım informasiyadan sonra meydana çıxıb. Növbəti görüşlərin birində Bərdədə konkret ünvanda yaşayan əhali qrupu içərisində tüğyan edən qanunsuzluq və kriminal hərəkətlərdən əziyyət çəkən bir uşağa görə təcili tədbir görməyimiz gərək olmuşdu. Söhbət 5 qardaşın narkotika və qeyri-əxlaqi fəaliyyətinə qurban etdiyi qadınların üzündən həmin məhləyə heç hüquq mühafizə orqanlarının belə buraxılmadığı söylənilirdi. Təmsil etdiyim rayonun insanları həmişə imam camaatı sayılıb və o qədim torpağın yüksək ziyalıları ilə yanaşı, sadə zəhmət adamlarının xeyirxahlığını hər zaman uca tutduğumdan, indi də o əhali qrupu haqqında tam gerçəkliyi söyləməyəcəm. Söhbət tam köçəri qaydasında orada yaşayan məhdud saylı adamlardan gedir.
Şəkildə gördüyünüz uşağın ağır yanğılar içərisində ölümlə vuruşduğunu eşidəndə dərhal rayon rəhbərliyindən xahiş etmişəm ki, keçirdiyimiz görüşdən sonra həmin ünvana gedək. Deyildiyinə görə, həmin narkomanlar yuvasında başqa cinayətlər də baş verirdi və məqsədim həm də uşağı o “qansız” adamlardan almaq idi. Müxtəlif ərzaq yardımı və toplanan maddi vəsaitlə həmin yerə gedəndə niyyətimiz fərdi faciələr üzərində xeyirxahlıq mücəssiməsi kimi tanınmaq və kameranı özümüzə bağlayıb şöhrət zirvəsinə çıxmaq deyildi.
Gözlədiyimiz kimi üstümüzə yeridilən bir neçə şəxsin hücumundan sonra nəhayət, son dərəcə bərbad və antisanitar daxmaya daxil olduq. Hərçənd, oradakı şəraiti ifadə etmək, çirkab içərisinə atılmış qızcığazı pərdəyə çevirib onun ağrıları arxasında gizlədilənləri tanımaq üçün gərək həmin səhnəni reallıqda yaşayasan.
Mən o uşağı həmin cinayətkarların əlindən alıb xəstəxənaya qoydum və həm mənəvi, həm maddi yardımı üçün bütün müvafiq qurumlara müraciət etdim. Dərhal xüsusi maşın ayrıldı və həmin uşağı əllərində girova çevirənləri neytrallaşdırıb oradan xilas etdik. Uşağın yanıq mərkəzində bütün lazımi köməklikləri alması üçün məsələni xeyli müddət şəxsi nəzarətimdə saxladım. Həmin ünvana apardığımız geyim və ərzağı belə mənfəətə çevirənləri sonralar digər əməllərinə görə məhkəmə orqanları cəzalandırdı. Həmin vaxt kimsə nəvazişli görünməyi, yalnız kameralara yansıyan saxta qayğıkeşlikdə bulunmağı ağlına gətirmirdi və həmin fotoqraf da bizim şəxsi rezidentimiz deyildi. İcra orqanlarının növbətçi işçisi həmin kadrları əks etdirib və indi onlardan biri çox normal şəkildə işıq üzü görübsə, bizim günahımız nədən ibarətdir? Siz müftəxorları lənətləyirsiz, real zəhmətə qatlaşanları da. Bolşevizmin banilərinin dediyi kimi, siz çirkli su ilə bərabər, uşağı götürüb atırsınız!
Burada niyyət yalnız indi gedib seçici dərdinə qatlaşmaq kimi təqdim oluna bilməz. Üstündən 6 il keçibsə, onu 2010-cu ilin siyasi mübarizlərində ortaya qoymamışıqsa, bütün iddiaların kəsildiyini zənn edirəm.
Biz müxtəlif siyasi texnologiyaları, maraqların münaqişəsini və digər seçki savaşlarını hər zaman anlayışla qarşılamışıq, çağırışlara hazır olmuşuq. Lakin mənəvi ölçüləri itirmədən, əxlaqi qaydaları qoruyaraq etmişik bunu.
Parlament seçkilərinə hakim partiyanın böyük siyasi dəstəyi ilə qatıldığımıza, buna görə onlara ürəkdən təşəkkürlərimizə rəğmən bundan sonra da millətimizə canı-dildən və bütün gücümüzlə xidmət edəcəyik. İttiham ən asan janrdır. Gerçəkdə insanların həyatında iştirak etmək-bax bu əsil siyasi mübarizədir!
Ölkə.az