Praqanın Mərkəzi Parkındakı elit yaşayış kompleksindən 3,3 milyona mənzil alan məmur kimdir?
Çexiyanın paytaxtı Praqada on milyonlarla krona elit daşınmaz əmlak alan azərbaycanlıların sayı artır. Bu haqda Çexiyanın “Mlada Fronta Dnes” qəzetinə istinadən “virtualaz.org” məlumat yayıb.
Məlumatda bildirilir ki, son vaxtlar Çexiyada elit daşınmaz əmlak alanların arasında rusiyalılarla yanaşı, azərbaycanlıların da sayı çoxalmaqdadır. Onlar öz pulları üçün sığınacaq axtaran zənginlərdir.
Xatırladaq ki, Çexiya prezidenti Miloş Zeman ötən həftə Bakıda səfərdə olub. Azərbaycan prezidenti Ilham Əliyevlə görüşündə o, azərbaycanlıları Çexiyaya investisiya yatırmağa çağırıb.
“Çexiyada çoxlu gözəl yerlər, o cümlədən kurortlar və otellər var. Əgər siz pullarınızı Çexiyaya yatırsanız, əmin olun ki, onu itirməyəcəksiniz”, – deyə Miloş Zeman Çexiya-Azərbaycan biznes forumunda bildirib.
Qəzet yazır ki, Miloş Zemanın bu çağırışı zəngin azərbaycanlıların Çexiyada bahalı mülklər almasının motivlərini izah edir.
“Belələri üçün bu, əgər onların ölkələrində siyasi vəziyyət dəyişərsə, pullarının taleyindən arxayınçılıq deməkdir”, – deyə Azərbaycandan olan bir sıraÿmüştərilərin Çexiyada daşınmaz əmlaka investisiya yatırmasında vasitəçi kimi çıxış etmiş vəkil adının açıqlanmaması şərtilə deyir.
Sövdələşmələrin həssas xarakter daşıdığını nəzərə alaraq, o, anonimlik xahiş edir.
Vəkil bildirir ki, Azərbaycan pulları bir müddətdir kütləvi şəkildə Çexiyaya axır. Bu keçmiş sovet respublikasından olan güclü və nüfuzlu adamlar Praqanın dəbdəbəli mənzillərinə maraq göstərirlər.
Məsələn, 2011-ci ilin iyununda 57 yaşlı Durya Nuriyeva Praqada 116 kvadratmetr sahəsi olan üçotaqlı mənzil alıb. O, həmin mənzilə 7,4 milyon kron (təxminən 300 min dollar) ödəyib. Müştəri mənzilin pulunu 60 gün içində ödəyib və dərhal Praqa elitasının üzvünə çevrilib.
Bildirilir ki, Praqada mənzil alan azərbaycanlıların sayı ruslardan daha azdır, ancaq onlar getdikcə daha çox Praqanın yeni tikilən mənzillərinə investisiya yatırırlar.
Ruslar Praqada mənzilləri məxsusi olaraq bu iş üçün ixtisaslaşmış Rusiya daşınmaz əmlak şirkətləri üzərindən almağa üstünlük verir, azərbaycanlılar isə əsasən birbaşa alırlar.
Məsələn, Cəmil Məlikov adlı Azərbaycan vətəndaşı kimi. O, Praqanın Mərkəzi Parkındakı elit yaşayış kompleksindən Manhetten göydələnlərini xatırladan binada 3,3 milyon krona özünə mənzil alıb.
Qəzet yazır ki, bu şəxsin kimliyi barədə Çexiyanın daşınmaz əmlak reyestrində məlumat yoxdur. Ancaq Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbərinin ad və soyadı da Cəmil Məlikovdur.