Kreml heç də həmişə pis nümunə deyil...; Rusiya cəmiyyəti qubernatorun, Azərbaycan isə iri şirkət rəhbərlərinin həbsi ilə silkələndi; sabiq nazir Səfər Əbiyevə korrupsiya ittihamı niyə yenidən dövriyyəyə girib?; hədəfdə bir neçə icra başçısı da var; iqtidar texnoloqları prezident İlham Əliyevin “cinayət törətmisənsə get cəzasını çək” tezisini niyə Putin kimi real reytinqə çevirmir...
Bir neçə gündür ki, Rusiya televiziyaları Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzerin həbsinə geniş yer ayırır. Hakim Vahid Rusiya Partiyasının nüfuzlu simalarından biri olan, 2010-cu ildən Komiyə rəhbərlik edən qubernator cinayətkar qruplaşma yaratmaqda və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Onunla bərabər daha 19 yüksək rütbəli vilayət rəhbəri də həbs edilib.
Qayzerin kabinetində axtarış zamanı külli miqdarda pul, bahalı saat kolleksiyası, bir neçə offşor şirkətlərinə aid sənədlər, eləcə də “Bombardier” və “Hawker” təyyarələrinin alınması ilə bağlı layihələr götürülüb. Təkcə seyfdəki saatlardan birinin qiyməti 1 milyon dollar təşkil edir. Rəsmi məlumatda deyilir ki, qubernatorun həbsi Rusiya prezidenti ilə razılaşdırılıb.
Bu ilin aprelində Rusiyada daha bir qubernator -Saxalin vilayətinin rəhbəri Aleksandr Xoroşavin də eyni ittihamlarla həbs edilmişdi. Yüksək çinli məmurların həbs dalğası isə ötən ilin avqustunda Azərbaycanın yaxın qonşuluğunda - Mahaçqalada başlamışdı. Uzun illər Mahaçqalaya rəhbərlik edən Səid Əmirovu Moskvadan gətirilmiş xüsusi əməliyyat qrupu həbs etmişdi. S.Əmirov təkcə dövlət əmlakını mənimsəməkdə deyil, həm də serial qətllərin sifarişində günahlandırılırdı. Bir il davam edən məhkəmə prosesi bu ilin avqustunda yekunlaşdı və birinci qrup əlil (o uzun illərdir əlil arabasında gəzir) S.Əmirov ömürlük həbsə məhkum edildi.
Vladimir Putinin idarəçiliyi dövründə Rusiyada yüksək rütbəli məmurların həbsinə tez-tez rast gəlinir, sadaladığımız faktlardan da görünür ki, bu sırada qubernatorlar da var. Sirr deyil ki, bu cür qalmaqallı antikorrupsiya həbsləri dövlət rəhbərinin reytinqinə ciddi təsir edir. Putin müxalifəti loyallaşdırıb, “radikalları” ya həbsə salıb, ya ölkədən qovdurub. Son illər Putinin reytinqi daima artan xətt üzrə gedib. Levada sosioloji təhlil mərkəzinin apardığı son sorğunun nəticələrinə əsasən, Putinin reytinqi iyun ayında 90 faizə yaxınlaşıb.
Aprel və may aylarında Putinin prezident kimi fəaliyyətini rusiyalıların 86 faizi, yanvarda isə 85 faizi dəstəkləyirdi.
Vyaçeslav Qayzer
2014-cü ilin iyun ayında onun reytinqi 86 faiz, 2013-cü ilin iyununda 63 faiz, 2012-ci ilin iyununda isə 64 faiz təşkil edirdi. Aydındır ki, Krımın işğalı ilə yanaşı, bu cür antikorrupsiya həbsləri də Putinin reytinqini qaldırır. Dünənədək Kremldə prezidentlə üz-üzə oturan qubernatorların rüşvətxorluq və dövlət əmlakını mənimsəmək ittihamı ilə qandallanması sanksiyalar səbəbindən ağır iqtisadi durumda olan Rusiya vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Bu həbslərin xüsusilə daha ağır iqtisadi şərtlər altında yaşayan regionlarda baş verməsi artan sosial gərginliyin qarşını almağa da hesablana bilər. Bu həbslər “sizin yaşayışınız ona görə pisdir ki, bu adamlar dövlət əmlaklını talayır”, təəssürünü yaradır, əsas diqqəti Putinin sərt beynəlxalq siyasətindən yayındırır. Amma o da danılmaz faktdır ki, Rusiyada antikorrupsiya həbsləri Kremlin daxili siyasətində getdikcə daha çox özünə yer edir.
****
Azərbaycan hakimiyyətinin də daxili siyasətdə daha çox “Rusiya modelinə” yer verməsi sirr deyil. Bu, həm müxalifətlə bağlı sərt siyasətdə, həm də bəzi idarəetmə metodlarında özünü göstərir. Mümkündür ki, Kremlin daxili siyasətlə bağlı tətbiq etdiyi metodlar Azərbaycan üçün də cəlbedici və keçərli görünə bilər. Ən azı o səbəbdən ki, Azərbaycan 70 il Kremlin tabeçiliyində olub və bizi əhatə edən dövlətlər sırasında (Türkiyə istisna olmaqla) yenə də ən yaxın münasibət Rusiya ilədir. Təsadüfi deyil ki, Rusiyada baş verən siyasi proseslər, o cümlədən bu kimi həbslər Azərbaycanda da reaksiya doğurur.
Azərbaycanda korrupsiya ilə sərt mübarizə tədbirləri 2013-cü il fevralından start götürüb. Prezident “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransdakı çıxışında məmurlara sərt xəbərdarlıq etmişdi: “Özləri üçün təmtəraqlı toylar, yubileylər düzəldirlər. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndikləri adamları mən təyin etmişəm vəzifəyə. Mən də çıxardacam, lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq edib, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Prezidentin daha bir müşavirədə çıxışına diqqət edək: “İstəyirəm ki, məni bütün məmurlar bir daha eşitsinlər. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır”.
Bu il keçirilən müşavirədə də prezident çıxışlarında məmurlara xəbərdarlıqlarını davam etdirib. Mayın 20-da keçirdiyi müşavirədən sitat: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Mən demişəm, bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Cinayət törətmisənsə, get cəzasını çək, vəssalam.”
***
Qeyd edək ki, son iki il ərzində Azərbaycanda bir sıra həbslər həyata keçirilib ki, bunların böyük əksəriyyəti rüşvətxorluq və dövlət əmlakını mənimsəməklə bağlıdır. Doğrudur, bu həbslərin əhatə dairəsi geniş deyil və icra başçısı və ya nazirlər səviyyəsində deyil. Amma məlumatlara görə, yaxın günlərdə cəmiyyət antikorrupsiya tədbirləri çərçivəsində bir sıra sensasion həbslərə şahidlik edə bilər. Onların sırasında icra başçılarının olacağı da iddia edilir.
Son günlər sabiq nazir Səfər Əbiyevin adı yenidən gündəmə gəlib. Belə ki, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Səfər Əbiyevin müavini olmuş polkovnik Mehman Səlimov cinayət işi üzrə məhkəmədə sensasion sayıla biləcək ifadə verib. O deyib ki, verilən ittihamlarla razı deyil: “Bütün işləri Səfər Əbiyevin göstərişi ilə etmişəm” deyə, o bildirib.
Əbiyevin həbs edilə biləcəyi ilə bağlı iddialar onun vəzifədən çıxarılmasından dərhal sonra (2013-cü ilin oktyabrı) gündəmə gəlmişdi. Əbiyevin ən yaxın adamlarının həbsi sabiq nazirin də başı üzərində təhlükəyə çevrilmişdi. Amma məhkəmələrdə Əbiyevə bu cür ittiham irəli sürülməmişdi və ilk dəfədir ki, bu cür açıq şəkildə səslənir. Məhz bu səbəbdən Əbiyevin korrupsiya ittihamı ilə həbs edilə biləcəyi iddiaları yenidən dövriyyəyə girib. Yeri gəlmişkən, Rusiyanın sabiq müdafiə naziri Anatoli Serdyukov yaxın adamının bir neçə ay davam edən məhkəməsindən “sağ çıxa” bilmişdi. Amma Rusiya İstintaq Komitəsi və KİV-lər onu da hələ “dinc buraxmır”...
***
Sentyabrın 21-də Beynəlxalq Bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamlarının həbsi xəbəri yayılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda deyilir ki, Beynəlxalq Bankdan yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.
Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.
Beynəlxalq Bank işi ilə bağlı həbslər bu ilin may ayında başlayıb və davam edəcəyi gözlənilən idi. İş üzrə indiyədək həbs edilənlər sırasında baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov, “Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynov, bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə kimi tanınmışlar da var. Gözlənilir ki, bu istintaq çərçivəsində kredit götürən bəzi iş adamlarını himayə edən məmurlara da artıq növbə çatıb və son həbslər də bunun sübutu sayıla bilər. Çünki iddialara görə, tutulan şirkət rəhbərli sıradan iş adamları deyil və hakimiyyətdə ciddi dayaqları var.
***
Azərbaycanda obyektiv sosioloji sorğular keçirilməsə belə, ictimaiyyət harınların həbsinə, məmurların prezident səviyyəsində xəbərdarlıqlarına və cəzalandırılmasına həmişə müsbət yanaşıb. Daxili auditoriya məmurların bu cür açıq şəkildə tənqidini böyük maraqla izləyir, ictimai yerlərdə müzakirəyə çıxarır və açıq dəstəkləyir də. Amma iqtidarın piar-texnoloqları bu kimi tənqidləri “qara rəngə” boyadıqları televiziyada ictimai müzakirələrdə lazımınca istifadə edə bilmirlər, ya da bayağı təbliğata çevirirlər. Rusiya televiziyaları isə Komi qubernatorunun prezidentlə Kremldəki görüşünün fonunda bu xəbəri yayır və hakimiyyətin hədəflədiyi effekti ala bilir. Rusiya heç də həmişə pis nümunə deyil...
“Yeni Müsavat”