“Stratfor” Əliyevlə Putinin planlarını açdı

22-09-2015, 09:08   
“Stratfor” Əliyevlə Putinin planlarını açdı
Sülhəddin Əkbər: «Rusiyanın məqsədi Azərbaycanı tam formada nəzarətinə qaytarmaqdır»

“Stratfor” araşdırmalar mərkəzi Dağlıq Qarabağ münaqişəsinə dair növbəti təhlil dərc edib. Təhlildə diqqət çəkən bir sıra məqamlar var. Onlardan birincisi əvvəlki hesabatlarda da əksini tapan bir məqamın bir qədər də dərinləşdirilməsidir. Söhbət Rusiya ilə Azərbaycan arasında gizli Qarabağ danışıqlarının getməsilə bağlıdır.

Mərkəzin mövqeyinə görə, münaqişə tərəfləri tezliklə status-kvonu dəyişəcək plan hazırlayırlar: “Qarabağ münaqişəsinin yeni mərhələyə daxil olduğu görünür. Tərəflər son aylar hərbi təlimləri artırıb və Rusiya rəsmiləri ilə mütəmadi görüşlərə qatılıb. Bunlar da yerli mediada münaqişənin həllinin yaxınlaşmasına dair spekulyasiyalar yaradıb. Düzdür, iki ölkənin xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-25-də Nyu-Yorkda görüşəcəklər. Ancaq, bu, həlledici məqam olmaya da bilər. Münaqişənin həlli Qafqaz regionunu bürümüş siyasi alyanslar və münasibətlər şəbəkəsini yenidən cızmağı tələb edəcək ki, bu da pozucu prosesə çevrilə bilər. Ukraynaya görə Rusiya və Qərb arasında gərginliyin davam etməsi 2014-cü ildən bəri regionda siyasi durumu dəyişib; Rusiya, Ermənistan və Azərbaycanda Dağlıq Qarabağda dəyişikliklər hazırlaya bilərlər”. “Stratfor”ÿvurğulayır ki, münaqişənin trayektoriyası həmişə üç oyunçudan asılı olub: Ermənistan, Azərbaycan və Rusiyadan.


Status-kvo dəyişməyə başladı

“Stratfor” yazır ki, Kiyevdə Avromaydan hadisələri, Rusiya-Qərb qarşıdurmasından sonra status-kvo dəyişdi. Rusiya Ermənistanın daha az etibarlı himayədarına çevrilməyə başladı. Azərbaycanın isə Qərb üçün dəyəri artdı, belə ki, Rusiyaya alternativ enerji mənbəyinə çevrilə bilərdi. Və 2014-cü ildən Azərbaycan cəbhə xəttində daha inamlı tədbirlər görməyə başladı ki, bu nə Ermənistan, nə də Rusiyanın qarşılıqlı cavabına səbəb olmadı. “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi yaxşılaşıb, Ermənistan və Rusiyanınkı isə zəifləyib. Bu dəyişikliklər son aylar diplomatik fəaliyyətin görünməmiş səviyyədə güclənməsi ilə müşayiət olunub. Rusiya və Azərbaycanın, eləcə də Ermənistanın siyasi və hərbi rəsmiləri bir neçə dəfə görüşüblər. Rusiyanın Azərbaycanda hərbi radar qurğusu tikəcəyi barədə məlumatlar yayılsa da, Moskva onları təkzib edib. Ermənistan və Azərbaycan mediası ciddi danışıqların getdiyini yazıb. Bütün bu təsdiqlənməmiş məlumatlar belə deməyə əsas verir ki, tərəflər tezliklə status-kvonu dəyişəcək plan hazırlayırlar”.

Hansı variantlar var?

Məqalədə münaqişənin həllinə dair bir neçə mümkün ssenarinin irəli sürüldüyü vurğulanır. Birinci varianta görə, ermənilər Qarabağ ərazisini çıxmaqla, bitişik yeddi rayondan çıxır. Bu zaman erməni əsgərlərini Rusiya sülhməramlıları əvəzləyir. Bu, Rusiyanın nəzarəti altında beynəlxalq sülhməramlı qüvvələr də ola bilər. Ermənistan Qarabağ və Laçın dəhlizinə çıxışı saxlayır, ancaq bitişik rayonlarda yaşayan ermənilər Qarabağ və Ermənistana yerləşdirilir. Bu cür geriçəkilmə əvəzində Ermənistan iqtisadi və təhlükəsizlik bonusları qazanır. Buraya Rusiyadan maliyyə və hərbi yardım, Türkiyə və Iran kimi regional oyunçularla sərhədlərin açılması və ticarətin asanlaşdırılması daxil ola bilər.

“Stratfor” vurğulayır ki, istənilən həll prosesi Türkiyə və Iran kimi regional oyunçulara da təsir göstərəcək. Türkiyə 2009-cu ildə Ermənistanla münasibətləri normallaşdırmaq istəyəndə Bakını qəzəbləndirdi. “Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində kompromisə inandıra bilsə, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması, Iranla ticarətin güclənməsi kimi şərtlər olacaq. Bu, Rusiyaya xeyli riskli addım ola bilər, belə ki, əsasən Moskvanın nəzarətində olan regiona Türkiyə və Iran dəvət olunacaq. Risk ondadır ki, heç nə etməmək də Rusiyanın mövqeyini pisləşdirəcək”.

Razılaşdırılmış əməliyyatlar…

Təhlildə qeyd olunur ki, digər bir potensial ssenari Azərbaycanın danışıqlar prosesini irəlilətmək naminə quruda münaqişəni gücləndirməsidir. Indiki fəaliyyət hələlik Ermənistanı mövqeyini dəyişməyə məcbur etməyib. Ancaq Azərbaycan Yerevanın siyasi cəbhədə güzəştlərə getməsi üçün Yerevana təzyiq məqsədilə əməliyyatları genişləndirə bilər: “Ancaq hərbi eskalasiya Bakıyla Moskvanın dilsiz anlaşması ilə baş tuta bilər. Əks halda, Azərbaycan Rusiyanın münaqişəyə cəlbi ilə üz-üzə qala bilər. Moskva Azərbaycanın cəbhə xəttində hərbi əməliyyatlarına daha çevik reaksiya göstərsə də, Ermənistanı tam tərk etmiş kimi də görünməməyə çalışmalıdır. Rusiyanın əsas məqsədi tərəflər arasında balans yaratmaq və baş vasitəçi rolunu oynamaq olmalıdır. Azərbaycanın Qərblə insan haqları məsələlərində düzələşməməsi bu işi asanlaşdırır. Münaqişənin eskalasiyası Moskvanın dözəcəyi, ancaq mürəkkəb risk ola bilər. Əlbəttə, əgər bu, Ermənistanı danışıqlarla məcbur edəcək və Rusiyanın hər iki ölkədə nüfuzlu rolunu saxlayacaqsa”.

“Danışıqlar prosesi, əgər doğrudan da baş verirsə, hələ ilkin mərhələdədir; danışıqlar dayana və hər iki tərəf status-kvoya qayıda bilər. Ancaq diplomatik və təhlükəsizlik cəbhələrində xeyli hərəkətlilik yaranıb, hərbi təlimlər, cəbhə xəttində atışmalar artıb. Bütün bunlar münaqişənin güclənməsindən çox, danışıqlar prosesinin sürətlənməsi kimi yozula bilər. Bu münaqişənin həlli yolunda siyasi əngəllər çoxdur, ancaq son əlamətlər bəzi dəyişikliklərin tədarük edildiyini göstərir”, deyə təhlildə vurğulanır.

“Azərbaycan Rusiyanın şirnikləndirici təkliflərinə getməməlidir”

sulheddin

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər də hesab edir ki, Rusiya ilə Azərbaycan arasında gizli Qarabağ danışıqları həqiqətən də gedir. Rusiyanın Azərbaycana müxtəlif təzyiqlər göstərdiyini deyən S.Əkbər vurğuladı ki, bu təzyiqlərdə məqsəd Azərbaycanı tam formada Rusiyanın nəzarətinə qaytarmaqdır. Artıq postsovet məkanında geosiyasi qarşıdurmanın şiddətləndiyini deyən S.Əkbər qeyd etdi ki, Rusiya Cənubi Qafqazda ən zəif bəndini qapatmaq istəyir. Rusiyanın regionda zəif yeri isə Gürcüstan və Azərbaycandır: “Ona görə Rusiyanın Azərbaycana təzyiqlərin artması gözlənilən idi. Bu təzyiqlərin isə Qarabağ münaqişəsi üzərindən ediləcəyi daha effektiv sayılır. Rusiya bir tərəfdən münaqişə üzərindən təzyiqlərini artırır, digər tərəfdən isə Azərbaycana şirnikləndirici təkliflər verir. Azərbaycan isə bu təkliflərə getməməlidir. Lavrovun son səfərində bu məsələ müzakirə olunub. Hətta Azərbaycanın cənub sərhədlərini Rusiyanın qoruması təklif edilib”.

Rusiyanın qoşunlarını Azərbaycan ərazisində yerləşdirməsi üçün yollar axtardığını deyən S.Əkbər vurğuladı ki, bu istək reallaşarsa, Rusiyanın Azərbaycana təzyiqi daha da güclənmiş olacaq.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.