Hökumət yenə də «xəstəliyi» səhv müalicə edir
Ölkə səhiyyəsinin bərbad vəziyyətdə olması, ölkə əhalisinin müayinə və müalicə üçün Gürcüstana, Irana üz tutması, dərmanların keyfiyyətsizliyi hər kəsə məlum faktdır. Vəzifəli şəxslər öz sağlamlıqlarını Avropa səhiyyəsinə, kasıb təbəqə isə qonşu ölkələrə etibar edir. Amma analoqsuz hökumətimiz bu sahədə də analoqsuz addım atır. Belə ki, Azərbaycan və Rusiya arasında əczaçılıq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin qanunverici və icraedici hakimiyyətləri səviyyələrində fəal müzakirə olunur.
Bunu Rusiyanın sənaye və ticarət nazirinin müavini Sergey Tsıb XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi çərçivəsində təşkil edilmiş “Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumunda deyib. Onun sözlərinə görə, əczaçılıq sahəsində əlaqələrin inkişafında birinci aspekt Rusiya dərman preparatlarının Azərbaycana ixracının artırılmasıdır. S.Tsıb qeyd edib ki, iki ölkə birgə müəssisələrin, daha doğrusu, Azərbaycanda Rusiya dərmanlarının istehsalı üzrə müəssisələrin yaradılmasını qarşıya məqsəd qoyub.
Deməli, səhiyyə sahəsində yüksək nəaliyyətlər əldə etmiş Avropadan qaçıb, Rusiya ilə ortaq müəssisə yaratmaq fikrinə düşüblər. Qeyd edək ki, Qərbin Rusiyaya sanksiya tətbiqindən sonra, Rusiya da anti-sanksiya siyasətinə start verdi. Amma az müddətdən sonra Putini inandırdılar ki, anti-sanksiya dərman preparatlarına tətbiq edilməməlidir. Çünki, Rusiyanın Avropa istehsalı olan dərmanlardan asılılığı var və belə bir sanksiya əhalinin sağlamlığına ciddi zərbə vurar. Yəni Rusiyanın özü dərman preparatlarına görə anti-sanksiya qərarından imtina etməli oldu.
Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının deputatı Iosif Kobzonun Avropada müalicəsi üçün çətinliklə tibbi viza aldılar. Çünki, Kobzon Avropa Ittifaqının qadağan olunmuş şəxslər siyahısına daxil olmuşdu. Putin bu məsələyə görə Avropa Birliyinə müraciət etməyə məcbur oldu.
Demək istəyirik ki, bu gün Rusiya özü də Avropa səhiyyəsinə möhtacdı. Ola bilər ki, Rusiya istehsalı olan hansısa preparatlar keyfiyyətlidir, tələbat var və s. Amma ümumilikdə Rusiya səhiyyəsi Avropadan xeyli geri qalır. Ona görə də Azərbaycan səhiyyəsinin inkişafı, dərman preparatlarının istehsalı baxımından Avropaya üz tutmaq lazımdı. Rusiya öz dərdinə çarə tapa bilmirsə, Azərbaycana hansı töhfəni verə bilər?
Göründüyü kimi, hakimiyyət bu məsələyə də şəxsi maraqlar prizmasından yanaşır və qabaqcıl dünya təcrübəsinə arxa çevirir. Onu da qeyd edək ki, bu gün ölkə apteklərində satılan dərmanların 80-90 faizi Avropa istehsalıdı. Amma hökumətimiz Rusiya dərmanlarının istehsalı üzrə müəssisə yaratmaq istəyir.
Bir sözlə, hökumət yenə də “xəstəliyi” səhv müalicə edir.
Samir