İŞİD Bakıda da sıxışdı - həbslər var və davam edəcək

23-09-2015, 09:56   
İŞİD Bakıda da sıxışdı - həbslər var və davam edəcək

Türkiyə sərhəddə nəzarəti gücləndirdikdən sonra...; MTN Suriya və İraqda döyüşən daha 5 azərbaycanlını tutdu; Azərbaycandan silahlı qruplaşmalarda iştirak edənlərə qarşı əməliyyatlar İŞİD-in həm İraq, həm Suriyada bombalandığı vaxta təsadüf edir; iqtidar 1 noyabr seçkilərinə xarici qüvvələrin müdaxiləsini minimuma endirsə də, radikal meylli şəxslərin təxribatlarından da sığortalanmaq istəyir

MTN Suriya və İraqda döyüşən 5 azərbaycanlını həbs edib. Onlar “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

“Yeni Müsavat” Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsinə istinadən bildirir ki, həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu şübhəli şəxs qismində tutulublar.



Faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.



Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən ilin 23 sentyabrında da MTN İŞİD və “Cəbhətül-Nusra” sıralarında döyüşmüş 26 Azərbaycan vətəndaşının həbs edilməsi barədə məlumat yaymışdı. Onların bəzilərinə artıq məhkəmə hökmü oxunub, digərlərinin isə istintaqı davam etdirilir.
Bu ilin yanvarında isə MTN Suriyada döyüşən daha 10 nəfəri həbs etmişdi. Daha beş nəfərin həbs xəbəri isə sentyabrın 2-də yayılmışdı.



Məlumdur ki, azərbaycanlılar İŞİD-ə qoşulmaq üçün daha çox Türkiyə ərazisindən istifadə edirdilər. “Daily Mail” qəzeti ötən il dünyanın bir çox ölkələrindən gələn cihadçıların Suriyaya necə keçdiyini araşdırmışdı. Məqalədə bildirilirdi ki, Türkiyənin Hatay vilayətində sərhədçilərə çox xırda məbləğdə rüşvətlə- cəmi 10 dollar “şirinlik” verməklə Suriyaya keçə bilirlər.
Azərbaycandan Suriyaya döyüşməyə gedənlər də əsas nəqliyyat yolu kimi çox vaxt Türkiyəni seçib. Mətbuatda Suriyaya döyüşməyə gedənlərin öncə Türkiyəyə getməsi, oradan da Suriya ilə sərhəddən keçməklə cihadçılara qoşulması haqda xəbərlər yer alıb. Azərbaycandan Suriyaya gedənlərin böyük əksəriyyəti Türkiyə ərazisindən keçiblər. Bu ilin martında Türkiyənin hüquq-mühafizə orqanları bu ölkə ərazisindən keçməklə İŞİD-ə qoşulmaq istəyən 34 nəfəri deportasiya etmişdi. Onların sırasında Azərbaycan vətəndaşları da vardı.
Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlamalarının birində Türkiyənin İŞİD-ə qarşı olduğunu bəyan edərək bildirmişdi ki, Suriyaya getmək istəyən terrorçu qruplaşmalar üçün ölkəsinin sərhədləri bağlıdır.



“Türkiyə üzərindən Suriyaya heç İŞİD-çi getməyib. Bununla bağlı heç bir kəsin əlində sübut yoxdur” deyə, baş nazir bildirmişdi.

Amma hələ bir neçə ay əvvəl belə məlumatlar vardı ki, rəsmi Bakı Azərbaycan vətəndaşlarının məhz Türkiyədən keçərək Suriyada silahlı qruplaşmalara qoşulduğunu təsdiq edən faktları Ankaraya təqdim edib. Hətta iddialar vardı ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarlarından sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarının saxlanılması üçün yardım istəyiblər.



İŞİD Türkiyədə də terror aktı törətdikdən sonra isə rəsmi Ankara Suriyada Əsəd rejiminə qarşı döyüşmək istəyənlərin ölkə ərazisindən keçməsinə ciddi nəzarət etməyə məcbur oldu. Hüquq-mühafizə orqanlarının Bakıda keçirdiyi ardıcıl əməliyyatlar, ibadət evlərinin nəzarətə götürülməsi və Türkiyə sərhədini keçənlərin ciddi şəkildə yoxlanılması bu prosesin qarşısını əhəmiyyətli dərəcədə alıb. Dünyanı lərzəyə salan İŞİD terror təşkilatına qarşı həm İraqda, həm Suriyada başlamış hərbi əməliyyatlar son günlər daha aktiv fazaya keçib.

Bu proses Azərbaycandan da radikal dini çevrələrə qoşulmaq istəyənlərə, o cümlədən müxtəlif dini cərəyanları təmsil edənlərə qarşı əməliyyatlarla bir vaxta təsadüf edir. Üstəlik, “əsas yuvalarında” başına bombalar yağan terror qruplaşmaları nisbətən zəif hesab etdikləri ölkələrdə, xüsusən Şimali Qafqazda təşkilatlanlanmağa çalışır. Təsadüfi deyil ki, iyun ayında İŞİD Şimali Qafqazda yeni administrasiyasının yaradılmasını elan etmiş, Qafqazdakı tərəfdarlarına bu münasibətlə təbrik göndərmişdi.



Sözsüz ki, İŞİD-in Azərbaycanın bir addımlığına gəlməsi rəsmi Bakını da narahat etməyə bilməzdi. Azərbaycanda dinlərə qarşı tolerant yanaşma bu cür radikal dini cərəyanların təşkilatlanması ehtimalını azaldır. Amma müvafiq dövlət qurumlarının vaxtilə bu qruplaşmaların tərkibində vuruşmuş adamları nəzarətdə saxlaması da xüsusi qeyd olunmalıdır. Son həbslər onu göstərir ki, təhlükəsizlik orqanları bu istiqamətdə ciddi addımlar atır. Onu da nəzərə alaq ki, təxminən 40 gün sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək. Azərbaycan iqtidarı bu seçkilərdə xarici qüvvələrin müdaxiləsini minimuma endirsə də, radikal meylli şəxslərin seçkilərdə təxribatlar törədə biləcəyini istisna etmək olmaz. Bu səbəbdən də Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı təqdir edilməlidir. İstisna deyil ki, seçkilərədək bu cür həbslər mütəmadi olaraq həyata keçiriləcək.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.