İqbal Ağazadə: “Seçkilərin nəticələrini tanımamaq anlayışı yoxdur”; Gülağa Aslanlı: “Bütün bunlar Azərbaycana yaxşı bir şey vəd etmir”
Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatının DTİHB-in mandatına zidd olduğunu bəyan etməsindən sonra Bakı ilə bu beynəlxalq qurum arasında ziddiyyətlər daha da kəskinləşib.
Qeyd edək ki, Avropa Parlamentinin seçkiləri boykota çağırışın da əksini tapdığı məlum qətnaməsindən sonra ATƏT 1 noyabr seçkilərinə müşahidəçi göndərə biləcəyini bəyanlamışdı, həmçinin konkret say da açıqlamışdı. E. Məmmədyarov isə cavabında deyib ki, 100 milyondan artıq əhalisi olan ATƏT-ə üzv dövlətlərə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsi hər hansı normal məntiqə sığmır və tamamilə qeyri-mütənasib xarakter daşıyır.
ATƏT-dən fərqli olaraq AŞ PA seçkiləri izləməyə həvəslidir və qurum təmsilçilərinin Bakıdakı son görüşləri də bunu təsdiqlədi. Ancaq belə yanaşmalar da var ki, beynəlxalq təşkilatlar konfrantasiya mühitinin hökm sürdüyü bir vaxtda keçirilən seçkilərin legitimliyini şübhə altına ala, tanımaya bilər.
İndiyə qədər seçkilərin qeyri-legitim olması qənaətini Azərbaycan daxilindəki bəzi müxalif qüvvələr bəyan etsə də, beynəlxalq təşkilatlar fərqli mövqedən çıxış edib, demokratiyaya doğru irəli addım atıldığı barədə mövqe bildiriblər. Bəs bu dəfə fərqli taktikanın ortaya qoyulması ölkəmiz üçün nə vəd edir?
Milli Məclis sədrinin müavini Bahar Muradova “Yeni Müsavat”a deyib ki, beynəlxalq institutların tutduğu mövqe seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. Sitat: “Seçki prosesindəki nəticələri seçicilər müəyyən edir. Qalan rəylər də buna uyğun şəkildə formalaşdırılmalıdır. O ki qaldı kimlərinsə seçkini boykot etməsinə, Avropa Parlamentinin mövqeyinə, biz bu qurumun üzvü deyilik və onun üzvü olmayan ölkədəki proseslər haqqında qəbul etdiyi qətnaməyə münasibətimizi bildirmişik”.
ATƏT və Avropa Parlamentindən fərqli olaraq Avropa Şurası nisbətən fərqli mövqe tutur, qurum təmsilçilərinin Bakıya son səfəri də bunu təsdiqləyir. Sentyabrın 21-22-də AŞ PA seçkiqabağı missiyası Azərbaycanda səfərdə olub, parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalar, insan hüquqları müdafiəçiləri, QHT-lər, vətəndaş cəmiyyəti fəalları və KİV nümayəndələri ilə görüşlər keçirib.
Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov isə APA-ya deyib ki, AŞ PA nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək seçkilərin müşahidə edilməsi bu qurumun öhdəliklərinin tərkib hissəsidir.
“Avropa Parlamenti parlament seçkilərini müşahidə etməyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da seçkiləri müşahidə etməkdən imtina etdi. Deyə bilərsinizmi, nə baş verir”-sualına cavabında E.Süleymanov deyib ki, aparıcı güc mərkəzlərində və beynəlxalq təşkilatlarda anti-Azərbaycan isterikası hədsiz dərəcədə güclənib və müəyyən qüvvələr seçkilərdən öz məkrli məqsədləri üçün istifadə edərək Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə çalışırlar: “Həmin qüvvələr Avropa Parlamentində seçkiləri müşahidə etməmək barədə qərarın qəbul edilməsinə nail oldular.
Anti-Azərbaycan qüvvələrin planlarına əsasən AP-nin qəbul etdiyi bu qərar seçkilərlə bağlı Azərbaycanın təcrid edilmə kampaniyasına start verməli idi. Təəssüflər olsun ki, DTİHB də sentyabr ayında müxtəlif bəhanələrlə seçkiləri müşahidə etməkdən imtina etdi. DTİHB-də seçkiləri müşahidə etməkdən imtina qərarı qəbul edilərkən anti-Azərbaycan qüvvələri bütün beynəlxalq təşkilatların oxşar qərarlar verəcəyinə ümid edirdi. Odur ki, DTİHB-də bu qərarın qəbul edilməsi ölkəmizin Avropa cəmiyyətindən təcrid olunmasına əmin olmaq üçün təşkil edilib”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, seçkilərin nəticələrini tanımamaq anlayışı yoxdur: “Belə hallar separatçı rejimlər, qeyri-qanuni qurumlarla bağlı olur. Bir dövlətin nəticələrini tanımaya bilməzlər. Sadəcə olaraq, seçkilərin nəticələrinə şübhə ilə yanaşa bilərlər, lakin seçilmiş strukturlarla əməkdaşlıq dayanmadan... Yəni prosedur belədir. Yoxsa seçkinin nəticələrini qəbul etməsinlər, tanımasınlar, belə şey yoxdur. Seçkinin nəticəsini o zaman tanımırlar ki, onu separatçı rejimlər keçirir”. Partiya sədri münasibətlərdə gərginlik olmasına rəğmən tərəflərin dialoq yolunu axtardığını vurğuladı: “Sonda masa arxasında anlaşma olacaq. Mən buna əminəm, tərəflər də buna çalışır. Hesab edirəm ki, bunun ortaq bir yolu, çözümü tapılacaq”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə hesab edir ki, seçkilərin legitimliyinin şübhə altına alınması gözlənilən haldır: “Xüsusən də Avropa Parlamentinin son qətnaməsindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun göndərmək istədiyi müşahidəçilərin sayına Azərbaycan hökumətinin etiraz bildirməsi vəziyyəti bir az da qəlizləşdirdi. Onların Azərbaycana gəlməkdən imtina etməsi onu göstərir ki, ATƏT təmsilçiləri onsuz da burdakı vəziyyəti bilirlər və seçkilərin nəticələrini tanımaya bilərlər, bu, gözlənilən haldır. Amma Azərbaycan hakimiyyətinin bundan çıxardığı nəticələrin necə olacağını demək xeyli çətindir. Çünki hakimiyyətin harada, nə zaman, hansı addım atacağını ancaq birinci şəxs bilir. Ona görə də söylənilənlər yalnız ehtimal olaraq qalacaq”. G.Aslanlının fikrincə, görünənlər hakimiyyətin seçki keçirmək fikrindən çox uzaq olduğu qənaətini yaradır: “Yəni bizim namizədlərimizə törədilən maneçiliklər, onların yaxınlarına olan basqılar, imza verənlərin imzalarından imtina etməsi üçün təzyiqlər onu göstərir ki, hakimiyyət heç bir halda demokratik seçki keçirmək niyyətində deyil. Sadəcə, əvvəllər imitasiya xarakterli bir şeylər edirdilər, indi onu da etmək istəmirlər. Bütün bunlar isə Azərbaycan üçün yaxşı bir şey vəd etmir, mənim ümidim azdır”.
Cavid TURAN