Putinin 80 yaşlı baş nazir Artur Rasizadəni qoyub, onun 70 yaşlı müavin-rəqibi Eyyub Yaqubovu təltifləməsnin pərdəarxası; Rusiya Azərbaycanda gələcək baş nazirin kim olacağını nişan verir?..
Rusiya Bakının Qərblə münasibətlərindəki ziqzaqvari dinamikanı diqqətlə izləyir. Təəccüblü deyil. Çünki bu münasibətlərin xarakteri ABŞ və Avropa Birliyi ilə ikinci ildir böhranlı durum yaşayan Moskvadan ötrü mühüm əhəmiyyət kəsb edir. Kreml indiki vəziyyətdə Azərbaycan kimi vacib və strateji ölkəni müstəsna olaraq öz yanında görmək istəyir və bu istəyi gizlətmir də.
Təsadüfi deyil ki, Bakının Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı son sərt ritorikasına Moskvadan dərhal dəstək reaksiyası gəldi - Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi açıq mətnlə Avropa Birliyini qınadı, Azərbaycan hakimiyyətinə rəğbətini nümayiş etdirdi.
Təbii ki, belə bir dəstək yalnızca iki ölkədəki siyasi sistemlərin oxşarlığından qaynaqlanmır.
Həmçinin, boşuna da verilmir; ən əvvəl Bakını bir yandan Qərbə qarşı sərt tövrə davamlı şəkildə şirnikləndirmək məqsədi güdürsə, digər yandan ona incə mesajdır ki, Azərbaycan Rusiyaya arxalana bilər. Paytaxtımıza rus emissarlarının intensivləşən səfərləri də təxminən eyni hədəfə hesablanıb.
***
Moskva Azərbaycan siyasi isteblişmentini öz tərəfinə çəkmək uçun başqa ənənəvi rıçaq və vasitələri də işə salıb. Məsələn, diqqətçəkicidir ki, Qərblə münasibətlər korlanandan sonra şimal qonşumuz Azərbaycanın rəsmi şəxslərinə səxavətlə Rusiyanın yüksək orden və adlarını paylayır.
Axırıncı dəfə belə bir lütfə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov layiq görülüb. Prezident Vladimir Putin onu “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Fərmanda bildirilir ki, Eyyubov “Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində, iqtisadi-mədəni əlaqələrin inkişafına böyük töhfəyə” görə təltif edilib.
“Dostluq” ordeni heç də Eyyubovun yubiley yaşı ilə (70) bağlı deyil. Ona qalsa, 2015-ci ildə baş nazir Artur Rəsizadənin 80 yaşı tamam olub. Amma Putin onu ordenə layiq bilməyib. Demək, Kremlin ölçü meyarları düşünüldüyü qədər bəsit deyil və yubiley yaşından qaynaqlanmır.
O zaman niyə Artur Rəsizadə yox, məhz Eyyub Yaqubov? Olmaya Moskvada 80 yaşlı Artur bəyin artıq “havasının çalındığı” qənaətindədirlər? Bəlkə də. Ancaq bu da var ki, 2003-cü ildən baş nazirin 1-ci müavini işləyən cənab Eyyub Yaqubov keçmiş xələfi Abbas Abbasovdan sonra Rusiya ilə iqtisadi və digər əlaqələrin inkişafında, onların kurasiyasında yetərincə ciddi rol oynayan ən iri məmur sayılır.
Bəzi iddialara görə, Eyyubov Abbas Abbasov getdikdən sonra Rusiya hakimiyyəti ilə, eyni zamanda Dağıstan, Çeçenistan və başqa Şimali Qafqaz toplumları, hətta kriminal aləmlə işləməyə bacarıb. Sonradan bu işbirliyi onu Rusiyanın silah sənayesində, dəmir-filiz karxanaları və taxta-şalban sexlərində ortağa çevirib. Başqa sözlə, Eyyubov Kreml üçün “kəşf edilməmiş” adam da deyil .
Üstəlik, Azərbaycanın yeni baş nazirliyinə iddiaçılar arasında zaman-zaman onun da adı hallanmaqdadır. Mükafatlandırmanın Qərb-Bakı münasibətlərinin daha soyuq dönəminə düşməsi isə ehtimalı eləməyə əsas verir ki, Yaqub Eyyubova Rusiyanın “Dostluq” ordeni həm də siyasi konyunkturaya nəzərən verilib.
Bu jesti Kremlin baş nazir postuna öz namizədi ilə bağlı incə bir çatdırışı (xəfif təzyiqi), yaxud Eyyubovla bağlı bir avans da saymaq mümkündür, hərçənd qeyd edildiyi kimi, o, artıq 70-i haqlayıb. Ancaq Azərbaycan reallığında yüksək dövlət postu tutmaq üçün çoxdan “yaşın heç bir fərqi” qalmayıb - baxmayaraq ki, konkret olaraq Yaqub Eyyubova qarşı cəmiyyətdə birmənalı münasibət mövcud deyil.
İstənilən halda, baş nazirin 1-ci müavininin bu dar macalda Moskvadan öz qocaman müdiri - baş nazir Rəsizadə (təkcə onunmu?) qarşısında əlavə bir immunitet, siyasi üstünlük qazandığını söyləmək mümkündür. Bu yerdə xatırladaq ki, Rəsizadə-Eyyubov münasibətləri xeyli vaxtdır soyuqdur və hətta iddialara görə, ikinci məhz acığa öz postundan getmir ki, nə vaxtsa onu əvəzləsin...
***
Əlbəttə ki, Rusiyanın ödülünü almaq avtomatik o anlama gəlmir ki, onların hamısı “Moskvanın adamlarıdır”. Ancaq aydın görünür ki, Kremldə ən azından buna ümid edirlər ki, onun mükafatını alan məmurlar kritik anlarda, fors-major vəziyyətlərdə, xüsusən də seçki ilində Rusiya maraqlarını müdafiə etməsələr belə, onun əleyhinə də getməyəcəklər. Yəni “qarmaq” məsələsi.
Bu xüsusda Putinin bizimkilərə lütfkarlıqla “Dostluq” ordenləri paylamasının, bu dəfə hökumətdə “öz adamını” nişan verməsinin Azərbaycanın siyasi rəhbərliyində hansı assosiasiya yaratdığı maraq doğurur. Axı, hər necə olmasa, proses onun iradəsindən kənarda gedir və ortada bir qanqaraldıcı Abbas Abbasov nümunəsi də var.
Nəhayət, sonda Moskvanın keçmiş MTN şefi Nəriman İmranov və Rusiya ədliyyəsinin keçmiş generalı İlqar Qasımovun əli ilə Azərbaycanda “Avrasiya hərəkatı” ideyasını yaymaq üçün yeni bir qurum yaratmaq kimi uğursuz cəhdini də yada salmaq olar. Hətta bir ara hakimiyyətin bu iki şəxsi həbs etməyə hazırlaşması barədə informasiyalar yayılmışdı...
/musavat.com/