ASLAN İSMAYILOVDAN ADİL VƏLİYEVLƏ BAĞLI SENSASİYALI ARAŞDIRMA

25-09-2015, 00:19   
ASLAN İSMAYILOVDAN ADİL VƏLİYEVLƏ BAĞLI SENSASİYALI ARAŞDIRMA
Tanınmış vəkil Aslan İsmayılov Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ətrafı ilə bağlı araşdırmalarını davam etdirir. Bu dəfə A.İsmayılov İH-nin hüquqşünası, bir neçə gün əvvəl ona fiziki təzyiq göstərən Rəfail Abdullayevlə bağlı araşdırma aparıb, bu şəxsin ali təhsil diplomunun saxta olduğunu üzə çıxarıb. Vəkilin bu haqda araşdırma yazısını təqdim edirik.
Adil Vəliyevin saxta diplomlu hüquqşünası
Bəli, Azərbaycan universitetlərinin hüquq fakültələrini bitirmiş minlərlə gənc işsiz olduqları halda, SAXTA DİPLOMUNU Adil Vəliyevə yaxınlığı ilə seçilən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində rəsmiləşdirən, bu gün də İcra Hakimiyyətində hüquqşünas işləyən (FOTO 1), Adil Vəliyevin adı ilə rayonda qoçuluq, reketlik edən (FOTO 2) Rəfail Abdullayev olmuşdur. Onun saxta diplomunu Apellyasiya Məhkəməsinin hakimi, prinsipiallığı ilə seçilən Elmira Nağıyeva sənədlərlə ifşa etmiş və 2 saylı Bakı İİM-nin qanunsuz qərarını ləğv etmişdir. Adil Vəliyevin özünə layiq “müdafiəçilər”i “yalandır”, deməsinlər deyə bu saxtakarlığı ətraflı, sənədlərdən çıxarışlarla işıqlandırıram.
Rəfail Abdullayev 23.11.2012-ci il tarixdə Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İİM-ə müraciət edir (FOTO 3). İddia ərizəsində RF Dağıstan Dövlət Universitetinin DİS 0039928 saylı 26.06.2006 tarixli diplomunun tanınması Təhsil Nazirliyindən tələb edilir, çünki onun bu xahişini, diplomun saxta olması səbəbindən, Təhsil Nazirliyi 05.10.2012 tarixli məktubla rədd etmişdir. Məhkəmə iclasının protokollarından görünür ki, iddiaçı R.Abdullayev hakim Rüstəm Kərimlinin sədrliyi ilə keçirilən proseslərdə iştirak edir və hər dəfə iddia edir ki, həqiqətən də 2000-2006-cı illərdə RF Dağıstan Dövlət Universitetinin ƏYANİ bölməsində təhsil alıb. 2 saylı Bakı İİM-nin 11.02.2013 tarixli qərarına əsasən, iddiaçı R.Abdullayevin diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi Təhsil Nazirliyinin üzərinə qoyulur.
2 saylı Bakı İİM-nin yuxarıda qeyd edilən qərarından (2in(82)-642/2013 nömrəli) 14.05.2013 tarixində təhsil naziri Mikayıl Cabbarovun verdiyi etibarnamə əsasında apellyasiya şikayəti verilir. Prosesə rəhbərlik edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın 12 sentyabr 2013-cü ildə iş üzrə çıxardığı qərarından bəzi məqamları diqqətinizə çatdırıram:
Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə rəsmi xəbərdarlıq olsa da, 2 saylı Bakı İİM-nin bütün iclaslarında iştirak edən R.Abdullayev bu məhkəməyə gəlməkdən imtina edir (FOTO 4). R.Abdullayev iddia ərizəsində qeyd edir ki, RF Dağıstan Dövlət Universitetində 6 il müddətində əyani təhsil almışdır. Bu hal həm birinci instansiya məhkəməsinin protokolunda, həm də diploma əlavə edilmiş qiymət cədvəlində (FOTO 4) öz təsdiqini tapmışdır. Lakin, Təhsil Nazirliyinin RF Dağıstan Dövlət Universitetinə ünvanlanmış sorğusuna universitetin prorektoru U.Maqomedbekovun imzası ilə verilmiş cavab (FOTO 5) məktubunda iddiaçının Dağıstan Dövlət Universitetində əyani yox, qiyabi təhsil aldığı deyilir. Belə olan halda məhkəmə kollegiyası bu ziddiyətli məqamı aydınlaşdırmaq məqsədiylə iddiaçını rəsmi qaydada məhkəməyə dəvət etmiş, lakin tərəf bundan boyun qaçırmışdır. Ancaq məhkəmə iclasında R.Abdullayevin nümayəndəsi həmin məsələni iddiaçı ilə dəqiqləşdirdiyini (FOTO 4) və onun Mahaçqala şəhərində, Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində 2000-2006-cı illər arasında ƏYANİ təhsil aldığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi məsələni dəqiqləşdirmək üçün R.Abdullayevin təhsil aldığı dövr ərzində Azərbaycan Respublikası ərazisindən çıxması və daxil olmasına dair 09.07.2013 tarixdə DSX-ya sorğu göndərir. Sorğuya cavab olaraq 23.07.2013 tarixdə bildirirlər ki (FOTO 6), Azərbaycan Respublikası vətəndaşı Abdullayev Rəfail qeyd edilən 6 il ərzində ölkə ərazisini 7 dəfə tərk etmişdir – İran İslam Respublikası, 2 dəfə Gürcüstan və 4 dəfə Birləşmiş Ərəb Əmirlikləri istiqamətində. Bu illər ərzində R.Abdullayev bir dəfə də olsun Rusiya (Dağıstan) ərazisində olmamışdır. Bu halları nəzərə alaraq, cavabdeh Təhsil Nazirliyinin Apellyasiya şikayəti təmin edilir. 2 saylı Bakı İİM-nin qərarı ləğv edilir. İddiaçı Rəfail Abdullayevin DİPLOMUN TANINMASI və bu barədə şəhadətnamənin verilməsinə dair iddia tələbi rədd edilir! (FOTO 7,8)
Gördüyümüz kimi, R.Abdullayev bütün sənədlərdə iddia edir ki, o, 6 il, yəni 2000-2006-cı illərdə RF Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində əyani təhsil almışdır. Təqdim etdiyimiz sənədlərdən başqa araşdırmalarımız təsdiq edir ki, R.Abdullayev 2000-2004-cü illərdə Sabunçu rayonunun Bakıxanov qəsəbə nümayəndəliyində, 2004-cü ildən bu günə qədər isə Sabunçu Rayon İcra Hakimiyyətində (FOTO 1) çalışır və heç vaxt Dağıstan Dövlət Universitetinə ayaq basmamışdır.
Tək bu yazıda göstərilən hallar Rəfail Abdullayev və Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçiləri barəsində cinayət işi qaldırılması üçün əsasdır. Bu barədə əlavə olaraq Azərbaycan Respublikası Prokurorluğuna da müraciət ediləcək. Qısa müddət apardığım araşdırmalar göstərir ki, həqiqətən Sabunçu rayonunda baş verənlərə İtaliya mafiyası da həsəd apara bilər.
P.S. Əminəm ki, bu gün Adil Vəliyevin ətrafının, onun müdafiəsinə qalxan pavlik morozovların, stepan razinin nəvələrinin tərcümeyi halını araşdırsam, onlarla cinayət işi qaldırılmalıdır.
Redaksiyadan: Rəfail Abdullayevin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.