Rusiyanın güclənən Qarabağ diplomatiyasında Suriya “izi”

25-09-2015, 10:52   
Rusiyanın güclənən Qarabağ diplomatiyasında Suriya “izi”

“Deutsche Wellle”nin siyasi analitiki: “Rusiya Suriyaya Qarabağdan yol axtarır...”

Son aylar Dağlıq Qarabağ məsələsi ətrafında nəticəsi hələlik olmasa da, bir dinamika, siyasi-diplomatik fəallıq müşahidə edilməkdədir. Yaxın və Orta Şərqdəki böhranlı hadisələr, Rusiya ilə Qərb (ABŞ) arasında artan gərginlik və adı çəkilən region uğrunda qlobal güclərin şiddətlənən mübarizəsinin növbəti mərhələyə adlaması bu prosesə xüsusi rəng qatmaqdadır.

Belə bir durumda politoloq, siyasi elmlər namizədi, Mərkəzi və Şərqi Avropa üzrə ekspert, bir sıra KİV-lərin siyasi icmalçısı İvan Preobrajenskinin “Deutsche Wellle” alman nəşrinə təqdim elədiyi və Qarabağ münaqişəsinə həsr olunmuş “Rusiya Suriyaya Qarabağdan yol axtarır” analitik məqaləsi diqqət çəkir.

Musavat.com məqaləni olduğu kimi təqdim edir:

Avropa Parlamentinin tənqidi qətnaməsi ilə özünü aşağılanmış sayan rəsmi Bakı Avropa Birliyini (AB) “Şərq tərəfdaşlığı” proqramından çıxacağı ilə hədələdi. Azərbaycanın AB-dən uzaqlaşması sözsüz ki, Rusiyanın əlinə işləyir. Təsadüfi deyil ki, Kreml dərhal yaranmış diplomatik boşluğu doldurmağa girişdi. Axı, bu, ona ən azından iki mühüm xarici siyasət hədəfinə çatmağa imkan verir.

Birincisi – dondurulmuş vəziyyətdən çıxmaq üzrə olan Qarabağ konfliktinin təzədən qızışmasına imkan verməmək. Çünki hər iki münaqişə tərəfi “Krım presedenti”ndən öz maraqları üçün istifadə eləmək istəyərdi. Bu gün də Bakı və İrəvanda Krımın işğalı özünəməxsus şəkildə interpretasiya edilir: əgər İrəvanda Dağlıq Qarabağın indiki sərhədlərdə və işğal edilmiş rayonlarla birgə tanınması mümkünlüyündən danışmağa başlayıblarsa, Bakı Krım insidentinə öz ərazilərini güc yolu qaytarmaq insidenti kimi baxır.

Yerli KİV-lərin təhlilləri əsas götürülərsə, Azərbaycanda ictimai rəy “qələbəyə gətirəcək kiçik müharibə”yə tamamilə hazır görünür. Separatçı Dağlıq Qarabağın “silahlı qüvvələri” də (aydın məsələdir ki, Ermənistanın qeyri-rəsmi dəstəyi ilə) Bakı üzərinə yürüsdən söz açır və belə hesab edirlər ki, guya ötənlərdə yalnız atəşkəsi rejiminin əldə olunması Gəncə şəhərini götürməyə onlara imkan verməyib.

Ancaq Qafqazda genişmiqyaslı müharibə Moskvanın maraqlarına uyğun deyil. Kremlin Azərbaycanda və Ermənistanda diplomatik fəallığının kəskin artması ilk növbədə bununla izah edilir.

Moskvanın ikinci hədəfi – (əgər ehtiyac yaranarsa) Azərbaycanın ərazisindən və hava məkanından Suriyaya tranzit yol təmin eləməkdir. Məsələ ondadır ki, Suriya əməliyyatları tədricən Rusiyanın əsas siyasi-hərbi kozırlarından birinə çevrilməkdədir və bu kozırı uğursuzluqdan maksimum dərəcədə sığortalamaq gərəkir.

Ona görə də Kreml bacardıqca Azərbaycanın AB ilə mübahisəsindən yararlanmağa çalışır və Bakının onun nüfuz dairəsinə qayıdacağına ümid edir. Qarabağ təklifi və sülh nizamlanması planının qismin reallaşması bu işdə Rusiya üçün ideal vasitə olardı.

Bəs Kreml sentyabrın ortalarında qəfildən Moskvaya səfər edən Ermənistan prezidenti Serj Sərkisyana kompromis qərarın hansı variantını təklif edə bilərdi?

Yəqin ki, son illər ərzində resept güclü dəyişikliyə məruz qalmayıb. Söhbət Azərbaycanın işğal edilmiş rayonlarının azad edilməsindən gedir. Ancaq hamısından yox – yalnız beşindən, o da tədricən. Yerdə qalan iki rayonu isə İrəvan ciddi zəmanət almadan heç vaxt qaytarmaz, çünki həmin rayonlar Ermənistanla Qarabağdakı separatçılar arasında “körpü” rolunu oynayır. Bəs qarşılığında nə alacaq İrəvan? Birbaşa və dolayı təzminatlar və Rusiyanın yeni hərbi zəmanətini.

Təkcə Ermənistanda deyil, Azərbaycanda da Rusiya bazaları yaratmağı nəzərdə tutan (tutaq ki, Suriyaya yüklərin ötürülməsi üçün Azərbaycanda tranzit məntəqə yaratmaq adı altında) mürəkkəb bir variant da mümkündür.

Moskvada hadisələrin bu cür inkişafına çox sevinərdilər, nədən ki, o halda nəinki bütöv Güney Qafqaz regionu onun nəzarətinə qayıdardı, üstəlik, bölgə Suriya əməliyyatı üçün ideal bazaya çevrilərdi. Əslində bu motivlə də Azərbaycana baza təklifi oluna bilər – ABŞ-dan sərt təpki almadan.

Kreml üçün bu plan ideal həll yolu olardı, çünki o zaman Qarabağda konflikt yenidən dondurulur, lakin həllini tapmır, Moskvanın bölgədə mövcudluğu güclənir və Ermənistana da, Azərbaycana da təsir yalnız artır.

Bu sxemdə qüsur tapmaq praktik olaraq mümkün deyil. Bu sxem həm Ermənistan hakimiyyətinə, həm də Qarabağ separatçılarına problemlər yaradacaq, çünki ərazilərdən imtinanın səbəbini ermənilərə izah eləmək lazım gələcək. Eyni zamanda İlham Əliyevə problem yaradacaq. Kreml isə yalnız mənfəət götürəcək.

Hazırladı: Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.