"Gəmi Təmiri" ASC və "Səyyar dəniz balıq ovu" ASC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyinə keçirilib.
Adıçəkilən ASC-lər bunadək Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) nəzarətində olub. Müəmmalı qalan onların nə vaxt və hansı şəkildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə verilməsidir. Bu barədə etibarlı mənbə bildirilib.
Mənbənin dediyinə görə, "Gəmi Təmiri” və "Səyyar dəniz balıq ovu”nun sözügedən QSC-nin tabeliyinə necə verildiyi qaranlıq qalır: "Məsələ burasındadır ki, sentyabrın 18-də hər iki ASC ilə bağlı rəsmi dövlət qəzetlərində elan yerləşdirilib. Elanlarda ayrı-ayrılıqda həm "Gəmi Təmiri”, həm də "Səyyar dəniz balıq ovu”nun səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəyi bildirilir, qeyd olunur ki, icra orqanının formalaşdırılması ilə əlaqədar məsələyə baxılacaq”
Mənbənin sözlərinə görə, sözügedən elanlardan məlum olur ki, hər iki ümumi yığıncaq Səbail rayonu, M.Rəsulzadə küçəsi, 5 nömrəli ünvanda yerləşən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin inzibati binasında baş tutacaq. Hər iki ümumi yığıncağın keçiriləcəyi tarix bu il oktyabrın 19-udur. Elanlarda da hər iki ASC-nin sözügedən QSC-nin tabeliyinə olduğu qeyd edilib.
"Qaranlıq qalan məqam isə ondan ibarətdir ki, vaxyilə "Azərbalıq” Dövlət Konserni də adıçəkilən SC-ləri investisiya müsabiqələrinə çıxarmış və həmin müsabiqələrin nəticələri açıqlanmamışdı. İndi isə Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin (yəni ƏMDK-nin – red.) nəzarətində olan bu iki qurumun nə vaxt, hansı yolla "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyinə keçirildiyi maraq doğurur” – deyə mənbəmiz bildirir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə” Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. QSC-nin sədri Rauf Vəliyevdir.
QSC-nin rəsmi saytında şirkətə daxil olan strukturların siyahısında "Gəmi Təmiri” ilə "Səyyar dəniz balıq ovu” açıq səhmdar cəmiyyətlərinin adlarına rast gəlinmir. /xəzər xəbərtv/