Amerikadakı tarixi görüş gərgin “heç-heçə” ilə bitdi

30-09-2015, 08:26   
Amerikadakı tarixi görüş gərgin “heç-heçə” ilə bitdi
İki saata yaxın çəkən Obama-Putin görüşü nə Suriya, nə də Ukrayna məsələsində uzlaşmaya gətirmədi; Rusiya liderinin “Suriya məsələsinə kömək əvəzinə sanksiya rejimini yumşaltmaq” taktikası da boşa çıxdı

Görüşdən qabaq iki lider BMT Baş katibi Pan Gi Munun dünya liderlərinin şərəfinə təşkil elədiyi yemək ziyafəti zamanı bir araya gəliblər. Lakin ziyafətdə Obama ilə Putin arasında baş verən soyuq münasibət diqqətdən yayınmayıb. Az sonra Pan Gi Mun stulundan qalxaraq gedib və onları faktiki, yanbayan qoyub. Mərasim zamanı liderlər badə qaldıraraq sağlıq deyiblər.

Qeyd edək ki, Amerika və Rusiya liderləri - Barak Obama və Vladimir Putin 2013-cü ilin yayından sonra Ukrayna böhranı ilə bağlı bir araya gəlməmişdilər, yalnız bir neçə dəfə telefonla ünsiyyətdə olmuşdular və ilk dəfə idi ki, tet-a-tet görüşürdülər.

Gözlənildiyi kimi, ikitərəfli təmasın əsas müzakirə mövzusu Suriya və Ukrayna oldu. İlkin informasiyalara görə, hər iki məsələ üzrə Birləşmiş Ştatlar və Rusiya arasında fikir ayrılığı qalmaqdadır.

***
İki ölkənin rəhbərləri BMT-nin mənzil-qərargahında - yəni beynəlxalq qanunlara görə neytral ərazidə görüşüb. Danışıqlardan dərhal sonra Vladimir Putin bildirib ki, “əsas diqqət mərkəzində olan məsələ Suriyadakı situasiya və bu konfliktin nizamlanmasında Rusiyanın iştirakı, həmçinin Ukraynanın şərqindəki münaqişə olub”.

ABŞ prezidenti administrasiyanın nümayəndəsinin sözlərinə görə, tərəflər vaxtın yarısını Ukraynadakı vəziyyətə, başqa yarısını isə - Suriya münaqişəsinə həsr edib. Rusiya prezidenti görüşü çox “faydalı və açıq” adlandırıb.



“Bugünkü (dünənki-red.) söhbət çox konstruktiv, işgüzar və nə qədər təəccüblü də olsa, çox açıq oldu”, - deyə Putin jurnalistlərə açıqlamasında qeyd edib. “Biz çoxlu təmas nöqtəsi tapdıq, ancaq fikir ayırılıqları da qalır” deyən Rusiya prezidenti daha sonra bildirib: “Bizim amerikalı tərəfdaşlarımız bir çox məsələlər üzrə, o cümlədən Ukraynadakı situasiyanın nizamlanması və Suriya tematikası üzrə öz mövqelərini kifayət qədər açıq ifadə elədilər”. Onun sözlərinə görə, Obama Ukraynada baş verənlərlə bağlı tam xəbərdardır və işin içindədir.
***
Görüşdə diqqət yönəldiləcək prinsipial məqamlardan biri də Suriya rejimin başçısı Bəşər Əsədlə bağlı olub. Məlumatlara görə, Obama və Putin Bəşər Əsədin rolu və gələcək taleyi ilə bağlı məsələdə bir-birinə zidd mövqe sərgiləyiblər.

Bundan əlavə, Ağ Ev rəsmisinin sözlərinə görə, Barak Obama Putinə Ukraynanın şərqi ilə bağlı əldə edilmiş Minsk anlaşmasının yerinə yetirilməsinin gedişi, o cümlədən qondarmaDXR və LXR rəhbərliklərinin yerli seçkilər keçirmək niyyəti ilə əlaqədar öz narahatlığını çatdırıb.
Danışıqlar bitdikdən sonra Suriya məsələsinə toxunan Putin qeyd edib ki, suriyalıların taleyini suriyalılar özləri müəyyən eləməlidir. O, Rusiya silahlı qüvvələrinin Suriyada quru əməliyyatlarda iştirak etməyəcəyini bildirib. Eyni zamanda təsdiq edib ki, Moskva İSİD-ə qarşı hava əməliyyatlarında ölkəsinin iştirakının mümkünlüyünü nəzərdən keçirir.

Ancaq Putinin sözlərinə görə, bu əməliyyatlar beynəlxalq normalara uyğun olmalıdır: o hesab edir ki, hava hücumlarının həyata keçirilməsi Suriya hökumətinin müvafiq xahişi olmalıdır.

Kreml başçısı görüşdə habelə, son vaxtlar Vaşinqtonla pisləşən münasibətləri bərpa eləməyə hazır olduğunu söyləyib. “Biz həmişə münasibətləri inkişaf etdirməyə, onları tam həcmdə bərpa etməyə hazırıq” - vurğulayıb Rusiya lideri.



***
Qeyd edək ki, görüşdən az öncə hər iki prezident BMT Baş Məclisinin tribunasından çıxış eləmiş, bir sıra beynəlxalq məsələlər, o cümlədən Suriya məsələsi üzrə bir-birinə diametral zidd mövqe sərgiləmişdilər. Bununla belə, siyasi müşahidəçilərə görə, hər cür fikir ayrılıqlarına rəğmən, tərəflər terrorizmlə mübarizədə əməkdaşlığın zəruriliyini yaxşı başa düşür.
Öz növbəsində ABŞ lideri bəyan edib ki, Bəşər Əsəd hakimiyyətdə qaldıqca Suriya böhranın həlli mümkün olmayacaq. Putin isə Əsədə kömək etməyə çağırıb, çünki onun fikrincə, “Bəşər Əsəd ölkədə yeganə legitim liderdir”. Kreml başçısı həmçinin Birləşmiş Ştatların “terrorizmlə real şəkildə mübarizə aparan” Suriyanın indiki hökuməti ilə əməkdaşlıqdan imtinasını “səhv” addım adlandırıb.

Lakin Obama hesab edir ki, öz xalqına qarşı müharibə aparan Bəşər Əsəd Suriyada barışa yardımçı ola bilməz və onun bunca törətdiyi ağır cinayətlərdən sonra Suriya diktatorunun geriyə yolu bağlanıb. Ağ Ev rəhbəri Suriyada hakimiyyətin mütəşəkkil şəkildə başqa bir siyasətçiyə keçməsinə çağırıb. Bu zaman hər iki lider bir daha İŞİD-lə birgə mübarizənin vacibliyi məsələsində eyni mövqe sərgiləyiblər.



***
Beləliklə, ABŞ və Rusiya prezidentlərinin görüşü ciddi nəticə hasil olmadan, idman termini ilə desək, gərgin “heç-heçə” ilə yekunlaşıb. Bir çox təhlilçilərə görə, bu görüş daha çox Putinə lazım idi və görüşdən öncə də Ağ Ev rəsmisi açıqlama yaymışdı ki, təmasa daha çox Putin can atır.

Bu görüş Rusiya başçısının ilk növbədə ölkəsinin dünyada təklənmədiyini nümayiş etdirmək və Suriya məsələsində Qərbə kömək qarşılığında sanksiyaları yumşaltmaq niyyəti güdürdü. Çunki Moskva rəsmilərinə görə, Suriya böhranın həlli Qərbi miqrant problemindən də qurtara bilərdi.

Göründüyü kimi, hər iki məsələdə anlaşma baş tutmayıb və Putinin ümidləri boşa çıxıb.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.