10 gün bundan əvvəl Təhsil Nazirliyindən mətbuata açıqlandı ki, 15 rayonun təhsil şöbə müdiri təlim-tədris prosesini aşağı səviyyədə apardıqlarına və ürəkaçan nəticələr göstərmədiklərinə görə tutduqları vəzifədən azad olunublar. Onlardan bəzilərinin yerinə müdir təyin olunub, bir neçə rayonun təhsil şöbə müdirinin yeri isə vakant olaraq qalmaqdadır. Nazirlik qabağa gedərək qeyd etdi ki, rayon təhsil şöbə müdirlərini rayon icra başçıları ilə razılaşdırma əsasında təyin edirlər. Şübhəsiz ki, bu təhsilin inkişafına xidmət göstərən amillərdəndir.
Qazax rayonundan faktinfo.az saytına daxil olan məlumatlarda isə bildirilir ki, 2 ay əvvəl Qazax rayon Təhsil Şöbəsinə Nizaməddin Babanlı adlı şəxs təyin olunub. O, bu vəzifəyə təyinat almazdan əvvəl Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında Əlavə Təhsil, İxtisasartırma, İxtisasdəyişmə və Yenidən Hazırlama üzrə direktor müavini işləyib. Həmin vəzifədə olduğu müddətdə Azərbaycan Kənd Təssərrüfatı Universiteti və digər ali məktəbləri bitirmiş qeyri- peşə sahiblərinin ixtisasını dəyişərək, rayonun kənd orta məktəblərində müəllim kimi çalışmasına əsas yaradıb. Məsələn, zootexnik və baytarlıq ixtisasını qurtaranlar biologiya müəllimi, rus ədəbiyyatını bitirənlər tarix müəllimi, Azərbaycan Texniki Universitetini bitirən rabitəçilər isə informatika müəllimi kimi fəaliyyət göstərirlər. Bu siyahını uzatmaq və onlarla şəxsin adını çəkmək olar. Buradan aydın olur ki, N. Babanlının əsas məqsədi təhsilin inkişafına nail olmaq deyil, bir zamanlar Qazaxda verdiyi saxta diplomları ört-basdır etməkdir. Çünki, 15 rayonun təhsil şöbə müdiri təhsildəki uğursuzluqlarına, həm də milyonlarla dövlət vəsaitini mənimsədiklərinə görə işdən azad olunub. Bu olduğu kimi etiraf olunsa, daha yaxşı olar. Çünki, Təhsil Şöbə müdirləri ilə bərabər onlara külli miqdarda dövlət əmlakını mənimsəməyə şərait yaradan rayon maliyyə şöbə müdirləri də işdən çıxardılır. Bunun səbəbi məktəblərdə tarifləşmənin düzgün aparılmaması, hərbi rəhbərlərə əlavə əmək haqlarının yazılması, məktəblərdə sahə rəhbərlərinə mövsümi deyil, illik məvacibin verilməsi, fənn kabinetlərinin sayının şişirdilməsi, siniflərdə kompeksləşmə tələb oldunduğu halda bunun edilməməsi, məktəblərin tipini dəyişdirərək əlavə siniflərin yaradılmasına görə əmək haqqının ödənilməsidir. Psixoloq təhsili olmayanlara psixoloq vəzifəsinin verilməsi nəticəsində məvacib yazılması, məşqçi müəllimlərin əməyinin ödəniş dərəcəsinin düzgün müəyyən edilməməsi, siniflərin qanunsuz yarımqrupa bölünməsidir və s. işlərdir. Bundan başqa, təyinatdan yayındırma, iş yerlərindən mərhum olmuş, lakin orta aylıq əmək haqqı alan digər büdcə təşkilatlarında çalışan şəxslərə əmək haqqı verilməsi Təhsil Şöbəsində təchizatla bağlı alınan avadanlıqların qiymətinin bir neçə dəfə şişirdilməsidir, tenderlərin özləri tərəfindən uddurulmasıdır. Bütün bunlara qol qoyan Təhsil şöbə müdirləri milyonlarla dövlət vəsaitini mənimsəyiblər. Hətta, belə təhsil şöbə müdirləri arasında elə şəxslər var ki, 20 ilə yaxındır bu vəzifədə çalışır. Təbii belə olduğu halda onlar təlim-tədrislə deyil, maliyyə maxenasiyaları ilə məşğul olublar, təhsil isə kənarda qalıb. Belə olan halda təhsildə hansı yüksək göstəricilərdən danışmaq olar? Təhsil Nazirliyi 15 təhsil şöbə müdiri işdən çıxarılıb deyəndə, bu kimi halları da etiraf etsə idi pis olmazdı.