Ziya Məmmədova daha bir zərbə

1-10-2015, 08:20   
Ziya Məmmədova daha bir zərbə
Nəqliyyat nazirinin italyan tərəfdaşı axtarışa verildi

Azərbaycanda yol-infrastruktur layihələrində uzun müddət podratçı olmuş Italiya şirkəti, Vergilər Nazirliyinə külli miqdarda vergi borcu yaranan “Impresa S.p.A” rəsmən müflis olub.


Vergilər Nazirliyi borcunu tələb edir

Şirkətin Azərbaycandakı layihə meneceri isə Interpolun axtarışındadır və özünün dediyi kimi, heç bir günahı olmadığı halda “qurbanlıq quzu”ya çevrilib.

Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda Italiyanın “La Reppublica” qəzeti yazır. Əhvalatda “Impresa S.p.A” şirkətinin Azərbaycandakı layihə meneceri Marko Di Giokomonun başına gələnlərdən bəhs edilir. Qəzet hazırda Interpolun axtarışında olan bu italiyalı inşaat mühəndisinin başına gələnləri, onun Azərbaycan hökumətinə və Interpola qarşı apardığı mübarizəni Kafkanın romanlarının süjeti ilə müqayisə edir.

1975-ci ildə anadan olmuş bu italiyalı mühəndis Azərbaycanda işlədiyi 2012-2013-cü illər ərzində vergidən yayınmaqda ittiham olunur. O, Asiya Inkişaf Bankının krediti hesabına maliyyələşdirilən, Nəqliyyat Nazirliyinin sifarişi ilə yol-nəqliyyat infrastrukturu layihələrində podratçı kimi iştirak edən şirkətin Azərbaycan təmsilçisi olmayıb. Özünün dediyi kimi, konkret texniki vərdişlərə malik sadə əməkdaş işləyib.

Buna baxmayaraq şirkət müflis elan ediləndən sonra Azərbaycanın Vergilər Nazirliyi şirkətin vergi borcunu ondan tələb etməyə başlayıb.

Bu yaxınlarda Vergilər Nazirliyi vergidən yayınan bir sıra iri şirkətlərin adlarını açıqlayıb. Onların arasında “Impresa S.p.A” şirkətinin Azərbaycan nümayəndəliyi də yer alırdı. “Mən şirkətin Azərbaycandakı qanuni nümayəndəsi olmamışam. ”Impresa S.p.A” şirkəti vergidən yayınmada ittiham edilir. Mən maliyyə məsələlərində hər hansı rola malik olmamışam, sadə əməkdaş idim. Buna baxmayaraq onlar qəzəblərini məndən çıxırlar, qurbanlıq quzuya çevrilmişəm”, – deyə adını Interpolun siyahısından çıxarmaq üçün mübarizə aparan Marko Di Giokomo şikayətlənir.

O bildirir ki, Italiya Xarici Işlər Nazirliyindən Azərbaycan hökumətinə təsir göstərməyi və adının “səhvən daxil edildiyi” Interpoldan çıxarılmasına nail olmağı xahiş edib. Lakin nazirlik onun məsələsinə laqeyd yanaşır.

Italiyalı mühəndis 2013-cü ilin iyun ayında Azərbaycanda işini qurtarıb və “Impresa S.p.A” şirkətinin Oman sultanlığındakı layihəsində işləməyə göndərilib. Ancaq orada cəmi bir ay qala bilib.

Şirkət 700 min avro ödəməyə razılaşır

2013-cü il, iyunun 19-da Markonun ünvanına Azərbaycan məhkəməsinə gəlmək barədə sorğu daxil olub. Sorğuda deyilirdi ki, Marko vergidən yayınmaqda ittiham olunur.

2013-cü il, iyulun 18-də ikinci sorğu daxil olur və Marko məhkəməyə gəlmədiyi üçün daha sonra onun barəsində beynəlxalq axtarış elan edilir.

2013-cü ilin dekabrında Marko Azərbaycanda ona qarşı cinayət işi qaldırıldığını öyrənir və Italiya XIN-ə gedərək bu haqda məlumat verir.

2014-cü ilin yanvarında şirkət Markonu Eritreyaya təyin edir, ancaq mühəndis tezliklə şirkətdəki işindən istefa verir və “vəziyyətini aydınlaşdırmaq üçün” Italiyaya qayıtmağı qərara alır. Çünki o, aeroportdaca həbs olunmaqdan qorxurdu.

Nəhayət, 2014-cü ilin avqustunda Italiya XIN ona cavab verir. XIN bildirir ki, “Impresa S.p.A” şirkəti Azərbaycandakı vergi borcunu ödəyəcək və nəticədə Markoya qarşı ittiham ləğv ediləcək. Buna baxmayaraq onun adı hələ də Interpolun siyahısındadır.

Hazırda “Impresa S.p.A” şirkətinin Azərbaycan nümayəndəliyinin müflis olma prosedura başa çatmaq üzrədir və şirkət ləğv olunma mərhələsindədir.

Şirkət Vergilər Nazirliyinə 700 min avro ödəməyə razılaşıb. Marko Di Giokomo isə Azərbaycan hakimiyyətinə “törətdiyi əməldən peşman olduğunu” bildirən və vergi borcunun ödənilməsinə dair razılığı nəzərə alaraq onun barəsində qaldırılmış cinayət işini bağlamağı xahiş edən məktub yazıb. Deyir ki, heç bir günahı olmadığı halda şantaja boyun əyməli olub.

Habelə avqust ayında Italiya parlamentinin “5 Star” hərəkatından olan deputatı Daniel del-Qros onun məsələsinə dair parlament sorğusu göndərib. Italiya xarici işlər naziri Paolo Centiloni bu sorğuya cavab olaraq bildirib ki, XIN, habelə Bakıdakı səfirlik bu məsələni əvvəldən diqqətdə saxlayıb.

Şirkət Vergilər Nazirliyinə borcunu ödəməyə razılaşıb və nazir ümid etdiyini bildirib ki, bu məsələ nizamlanandan sonra mühəndisin adı Interpoldan çıxarılacaq.

Buna baxmayaraq italiyalı mühəndisin adı hələ də Interpolun beynəlxalq axtarışda olan təhlükəli cinayətkarlar siyahısında qalır.

“Mən uzun müddət xaricdə işləmişəm. Indi bu axtarış üzündən ölkəni tərk edə bilmirəm. Peşəkar mühəndis olsam da ailəmi dolandırmaq üçün kredit götürməyə məcbur olmuşam”, – deyə Marko şikayətlənir.

“Impresa S.p.A” şirkəti Yevlax-Gəncə, Qazax-Gürcüstan sərhədi, Gəncə – Qazax (kənar yol) yol layihələrinin və digər layihələrin iştirakçısı olub. Bu, Azərbaycanda müfls olan ilk italyan şirkəti deyil. Bundan əvvəl Azərbaycanın yol-infrastruktur layihələrində yer alan “Todini” şirkəti də müflis edilmişdi.

Elton Məmmədovdan qardaşı ilə bağlı xəbərlərə sərt reaksiya

Bu arada deputat Elton Məmmədov qardaşı Ziya Məmmədovla bağlı xəbərlərə münasibət bildirib. O, nəqliyyat nazirinin ortalıqda görünməməsini məzuniyyətə çıxması ilə izah edib.

“Hər bir Azərbaycan vətəndaşı kimi Ziya Məmmədovun da konstitusion hüququ var və o, hazırda əmək məzuniyyətindədir”, – deyə Elton Məmmədov modern.az-a bildirib.

O qeyd edib ki, mətbuat nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” ifadəsini işlədərkən diqqət etməlidir: “Hər bir insan hansısa vəzifəyə təyin də oluna bilər, vəzifədən çıxarıla da bilər. Ziya Məmmədov bu gün vəzifəsindədir və cənab prezidentin ətrafında sədaqətlə xidmət edən nazirlərdəndir. Kim vurulur? Ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə kimsə müdaxilə edə bilər? Ədalətli olun, həqiqəti yazın. Ziya Məmmədovun bütün Azərbaycan vətəndaşları kimi konstitusion hüququ var. O, indi əmək məzuniyyətindədir, Ziya müəllimin də istirahət hüququ var”.

Elton Məmmədov bəzi qurumların Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasının mətbuatda geniş müzakirə olunmasına da etiraz edib və qəzəbini gizlətməyib:

“Burada nə problem var ki? Ay nə bilim filan şey ayrıldı, filan qurum çıxarıldı? Bu saat elə müvafiq icra hakimiyyətləri var ki, bütün operatorları qıraqda müəyyənləşdirir, özü mərkəzi müvafiq icra hakimiyyəti olaraq nazir paketini özündə saxlayır. Bu tədbirlər dövlətin, infrastrukturların, idarəetmə sisteminin təkmilləşməsidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.