Qərb mətbuatı Obama və Putinin anlaşa bilməməsinin səbəbləri haqda yazdı; “Moskva və Vaşinqton arasında yeni rəqabət erası başlayıb”; “Bu günün qalibi Putindir, lakin...”
BMT Baş Məclisinin 70-ci yubiley sessiyası çərçivəsində ABŞ və Rusiya prezidentləri arasında baş tutan görüş və onun nəticələri beynəlxalq gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Bu da təsadüfi deyil, çünki hazırda dünya faktiki surətdə 3-sü Cahan savaşı qarşısındadır və bu iki supergücün bir-birinə münasibəti və davranışından çox şey asılıdır.
Söhbət öncəliklə Yaxın Şərqdəki (Suriya, İraq, İŞİD) proseslərə və terrorizmlə mübarizəyə yanaşmadan və uzlaşmadırılmış addımlardan gedir. Lakin hələ ki bu istiqamətdə kardinal dönüş gözə dəymir.
Qərb mediası və analitikləri də görüşdən sonrakı durumu şərh və analiz etməkdə davam edirlər. Ortaq qənaət belədir ki, Rusiyanın Putinə Obama ilə görüş şansı verən “Suriya hücumu” iki dövlət arasında yeni rəqabət erasının başlanmasına gətirə bilər.
***
“Barak Obama və Vladimir Putinin BMT-də bir-birini ittiham edən çıxışlarının və tet-a-tet görüşlərinin yekununa əsəsən söyləmək olar ki, Yaxın Şərq və ya Ukrayna böhranları ilə bağlı aradakı uçurumun kiçildiyi haqda hələlik heç bir siqnal yoxdur. Lakin Putin sübut elədi ki, Rusiya regional dövlət deyil. Ola bilsin onun əsas hədəflərindın biri də elə bu idi” - yazır Qərb KİV-ləri.
“Bazar ertəsi Obama və Putin BMT tribunasından çıxış edərək beynəlxalq əməkdaşlığın vacibliyini qeyd elədilər. Lakin bu təlimatlar Suriya böhranının xarakterinə baxışlarda özünü göstərən dərin fikir ayrılıqları ilə sarsılmaqdadır” - “The New York Times” qəzetinin redaksiya məqaləsində deyilir.
Qəzet təhlilini davam edərək yazır: “Putinin Suriyada artan aqressivliyi Rusiya və ABŞ arasında yeni rəqabət erasının başlanmasına və Moskvanın Yaxın Şərqdəki rolunun genişlənməsinə gətirə bilər. Obama da, Putin də İŞİD-i ciddi təhlükə sayır, ancaq yerdə qalan məsələlərdə onların mövqeləri radikal surətdə fərqlənir. Nəzəri olaraq siyasi kompromis üçün onların əsası var. Lakin tezliklə nə Vaşinqtonla Moskva, nə də Əsəd hökuməti ilə müxalifət silahlılar arasında kompromis əldə olunması gözlənilmir”.
***
“The Washington Post”un redaksiya məqaləsi də bu xüsusda diqqət çəkir. “Qana bulaşmış Suriya diktatoruna kömək olaraq cəsarətlə öz qoşunlarını və təyyarələrini bu ölkəyə göndərən Rusiya prezidenti bazar ertəsi dünya ölkələrini İŞİD-i və Yaxın Şərqdəki oxşar qruplaşmaları darmadağın eləmək üçün yaradacağı geniş koalisiyaya qoşulmağa çağırıb. Bəyan edib ki, bu koalisiya antihitler koalisiyası kimi demokratiyanı, diktaturanı və teokratiyanı birləşdirməlidir. Ancaq qoy ölkələr bu bayatılara qulaq asmasın.
Məsələ ondadır ki, Putin belə bir faktın üstündən sükutla keçib ki, ABŞ və müttəfiqləri Avropada təkcə faşizmə qarşı yox, həm də demokratiya uğrunda döyüşürdülər” - qeyd edir nəşr.
Lakin qəzetin analitiklərinə görə, Barak Obamanın öz konsepsiyasını irəli aparmaq və ya Putinə qarşı durmaq üçün heç bir strategiyası yoxdur.
***
“The Wall Street Journal”ın redaksiya məqaləsində isə deyilir: “Suriyada Putin və Tehran Əfqanıstandan tutmuş, Aralıq dənizinin şərqindəki ”nüfuz qövsü" yaradır. Onlar Obamanın bu regiondan çıxmaq istəyi üzərində oynayaraq Amerikanın nüfuzunu zəiflətməyə çalışırlar. Obama BMT-də bəyan elədi ki, Suriyada müharibəyə qədərki status-kvoya qayıdış mümkün deyil və hakimiyyətin Əsəddən yeni liderə idarə olunan şəkildə verilməsi lazımdır. Ancaq Obama buna necə nail olmağa hazırlaşır? Putin isə hər gün Suriyada “baş vermiş faktlar” yaradır - ora hər gün daha çox aviasiya və tank atmaqla".
Nəşr ardınca qeyd edir: “Dövlət katibi Con Kerri Suriyadakı situasiya üzrə yeni bir dialoq təşkil etməyə ümidlidir. Fəqət, Bəşər Əsədin əlində kompromisə getmək üçün heç vaxt olmadığı kimi indi daha az əsas var, çünki bilir ki: Rusiya və İran ”Hizbullah"ın köməyi ilə Suriyada hansısa “ələvi protektorat” yaradacaq. Böyük ehtimalla, yekunda Barak Obama Rusiyanın Suriyada mövcudluğu ilə və Əsədin, yaxud Kreml və Tehranın digər bir qulluqçusunun hakimiyyətinin qalması ilə barışacaq. Hərçənd Obama yenə də inkar edir ki, onun Amerikanı geri çəkmək siyasəti vakuum yaradıb və bu vakuumu da əclaflar doldurmaqddaır".
***
“Obama, Putin, Ruhani, Si Tsinpin - bu gün hər biri öz yolu ilə gedir” - bunu isə “Avrasiya” analitik-konsaltinq mərkəzinin təsisçisi Yan Bremmer “Corriere della Sera” nəşrinə müsahibəsində deyib. “Bu gün qalib Putindir. Bu - onun siyasi triumfudur. Lakin sonra o, çox baha qiymət ödəyəcək, çünki rus əsgərlərinin meyitləri qayıtmağa başlayacaq, Əsədin qanlı əks hücumları isə dünyanın dörd bir yerindən İŞİD tərəfdə döyüşmək istəyən könüllülərin cəlb olunması işini asanlaşdıracaq” - deyib ekspert.
Bu arada ABŞ-ın Bəşər Əsədin labüd istefası tələbindən imtina etdiyi və bu ölkədə hakimiyyətin “nizamlı” şəkildə ötürülməsində təkid elədiyi bəlli olub. Bu barədə dövlət katibi Con Kerri CNN-ə müsahibəsində deyib.
Kerrinin sözlərinə görə, Suriya konfliktinin həlli ölkə sünnilərini siyasi həyata cəlb eləmədən mümkün deyil və bu da “müəyyən zaman” alacaq. “Əsədin təcili istefası Suriyada vətəndaş institutlarının dağılmasına və çöküşünə gətirə bilər. Odur ki, nizamlı bir keçid olmalıdır ki, qisasla bağlı, həyata görə qorxu hissi olmasın” - qeyd edib Kerri və etiraf edib ki, Birləşmiş Ştatların Suriyada hakimiyyət dəyişikliyi məsələsinə əvvəlki yanaşması işlək olmayıb.
Rusiyanın Suriya konfliktinin həllində iştirakını mümkün sayan Con Kerri əlavə edib ki, əgər Moskva Əsədin ələvi hökumətini dəstəkləməkdə davam eləsə, o zaman onu əhalisinin əksəriyyəti sünni olan Yaxın Şərq ölkələri ilə problemlər gözləyir. “Bu da o deməkdir ki, Rusiya da cihadçıların hədəfinə çevrilə bilər” - deyə xəbərdarlıq edib ABŞ xarici siyasət idarəsinin başçısı.
Siyasət şöbəsi musavat.kom