Rusiya Suriya ərazisində hərbi qüvvələrini artırmaqdadır.
Virtualaz.org saytı xəbər verir ki, Zabaykalsk vilayətindəki Domna aviabazasının 120-ci aviapolkunda dislokasiya olunmuş 4 Su-30SM qırıcı-bombardmançısı Suriyada anti-Əsəd qüvvələrinə zərbə endirmək üçün formalaşdırılan aviaqruplaşmanın tərkibinə daxil edilib. Bu barədə “Kommersant” qəzeti məlumat əldə edib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, hava-kosmik qoşunlarının təyyarələri Suriya ərazisində “İslam Dövləti” (İŞİD) terrorçularının yerüstü hədəflərinə dəqiq zərbələrin endirilməsinə başlayıblar.
Onun sözlərinə görə, müdafiə naziri Sergey Şoyqu Rusiya təyyarələrinin terrorçuların hərbi texnikasına, rabitə qovşaqlarına, nəqliyyat vasitələrinə, silah anbarlarına, sursatlarına və yanacaq-sürtkü materialları anbarlarına zərbələr endirəcəyinə dair həmkarlarını məlumatlandırıb.
Xəbər verildiyi kimi, sentyabrın 30-da Rusiya Federasiya Şurası silahlı qüvvələrdən Suriya ərazisində istifadəyə dair rəsmi icazə verib. Bundan cəmi 3-4 saat sonra Suriyadakı Rusiya aviaqruplaşması Homs və Hama əyalətindəki hədəflərə intensiv zərbələr endirib.
Rusiyanın Bağdaddakı rəsmi nümayəndəsi ABŞ səfirliyinə müraciət edərək bu əməliyyatlar zamanı Amerika təyyarələrinin Suriya hava məkanından uzaq durmasını təklif edib. Ancaq Vaşinqton bu təklifə məhəl qoymayıb.
Rusiya Müdafiə Nazirliyindəki mənbələrin bildirdiyinə görə, Suriyanın Latakiyə şəhəri yaxınlığındakı Hmeyim aerodrumunda Su-24M və Su-34 bombardmançılarından, Su-25SM hücumçularından və Su-30SM çoxməqsədli qırıcılarından, habelə Mi-24 zərbə vertolyotlarından və Mi-8 çoxməqsədli döyüş vertolyotundan ibarət qarışıq aviaqruplaşma formalaşdırılıb.
Bu hava döyüş maşınlarının Suriyaya göndərilməsi prezident Putinin qəfil əmri ilə başlayan “Mərkəz-2015” hərbi təlimləri ilə paralel həyata keçirilib. Təlimlər sentyabrın 11-dən 20-nə qədər davam edib.
Domna aviabazasındakı 120-ci polkun 4 Su-30SM qırıcısı əvvəlcə Mozdok aerodromuna uçub. Sentyabrın 18-də isə təyyarələr İl-76 hərbi-nəqliyyat təyyarəsinin müşayiəti ilə Azərbaycanın hava məkanından keçərək İran və İraq üzərindən uçublar, daha sonra Suriyanın Latakiyə şəhəri yaxınlığında yerə eniblər.
Sentyabrın 28-də isə 6 Su-34 bombardmançısı yenə də Mozdokdan havaya qalxaraq bu dəfə Azərbaycandan yan keçməklə Xəzər dənizi üzərindən uçublar, oradan İran və İraqdan keçməklə Suriyaya çatıblar.
Mötəbər mənbələrdən virtualaz.org saytına məlum olub ki, Suriyaya göndəriləcək Rusiya aviaqruplaşmasına Azərbaycanın hava məkanından keçmək üçün dəhliz verilməsi məsələsi xarici işlər naziri Sergey Lavrovun sentyabrın 1-də Bakıya etdiyi qəfil səfər zamanı razılaşdırılıb. Bu səfər barədə çox məhdud informasiyalar verildi və tərəflərdən heç biri səfərin əsl məqsədini açıqlamadı.
Xəbər verildiyi kimi, Rusiyanın Suriya ərazisinə hərbi qüvvələr cəmləşdirməsi avqustun ortalarından başlayıb. Əvvəlcə Rusiya hərbi gəmiləri Suriyaya xüsusi təyinatlılardan ibarət məhdud kontingenti və çoxsaylı döyüş texnikasını, Latakiyə şəhəri yaxınlığında aviabaza yaradılması üçün zəruri avadanlıqları daşıyıb.
Bir neçə günün ərzində 2 minlik hərbi kontingentin yerləşməsi üçün kifayət edən kazarmalar tikilib, hava hücumundan müdafiə vasitələri yerləşdirilib, digər mühafizə tədbirləri görülüb. Hazırlıq işlərinin başa çatmasından sonra Rusiyanın zərbə aviaqruplaşmasının Suriyada yeni yaradılan bazaya yenidən dislokasiyası başlayıb.
ABŞ Rusiyanın qəfildən Suriyaya hərbi qüvvə yeritməsindən çaş-baş qalıb. Vaşinqton Rusiya təyyarələrinin Suriyaya göndərilməsinin qarşını almaq üçün mümkün marşrutların keçdiyi ölkələrlə danışıqlara başlayıb.
Bolqarıstan və bəzi digər ölkələr ABŞ-ın tələbi ilə hava məkanını Rusiya təyyarələrinə bağlayıb. Ancaq belə görünür ki, Azərbaycan ABŞ-ın xahişini rədd edib.
Elə Pentaqonun Rusiya, Ukrayna və Avrasiya regionu üzrə kuratoru Evelin Farkasın sentyabrın 18-də Bakıya etdiyi səfərin əsl məqsədi də Rusiya təyyarələrinin Azərbaycan üzərindən keçərək Suriyaya uçmasının qarşısını almaq idi. Hansı ki, Rusiya təyyarələrinin bir qrupunun məhz həmin gün Azərbaycanın hava məkanından keçib Suriyaya uçduğu indi üzə çıxır.
Bu səfərdən cəmi bir neçə gün sonra Evelin Farkas istefaya göndərilib. ABŞ mətbuatı yazır ki, Pentaqonda Rusiya və Avrasiya regionu üzrə çox azsaylı mütəxəssislərdən olan Evelin Farkasın istefaya göndərilməsi onun sərt anti-Rusiya mövqeyi ilə bağlı ola bilər.
Nüfuzlu Amerika nəşrləri ehtimal edir ki, Obama administrasiyası Rusiya ilə münasibətləri yumşaltmağa çalışdığı üçün Evelin Farkası istefaya göndərib.
Lakin virtualaz.org ehtimal edir ki, Evelin Farkasın istefaya göndərilməsinin səbəbi ona həvalə edilmiş missiyanın-Rusiya aviaqruplaşmasının Suriyaya yolunu kəsməyi tərəfdaş ölkələrlə razılaşdırmaq missiyasının uğursuzluqla nəticələnməsidir.
Çünki Rusiyanın cəmi bir neçə həftə ərzində Rusiyaya iri zərbə qrupalaşdırması yerləşdirməsi və bu ölkədə ildırım sürəti ilə aviabaza formalaşdırması Krımın ilhaqından sonra ABŞ-ın mövqlərinə vurulan ikinci ən sarsıdıcı zərbədir. İndi Rusiyanın Suriyada yaratdığı yeni status-kvo Bəşər Əsəd rejiminin hakimiyyətdən uzaqlaşdırılmasına dair ABŞ-ın çoxillik səylərini heçə endirir. Və Rusiya Yaxın Şərqdə hərbi iştirakını təmin edərək bölgədə söz sahibinə çevrilir.
Təsadüfi deyil ki, Rusiya aviaqruplaşmasının Suriyada endirdiyi ilk hava zərbələrinin hədəfinin İŞİD yox, məhz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırlıq keçdiyi “mötədil müxaliflər” olduğu üzə çıxıb.
Bu barədə “Wall Street Journal” qəzeti xəbər verir. Həmin müxalif qüvvələrin nə qədər itki verdiyi məlum deyil