Hakim Yeni Azərbaycan Partiyasının (YAP) formal namizədləri partiyanın rəhbərliyinə ultimatm verməyə hazırlaşırlar. YAP-dakı mənbənin iddiasına görə, həmin namizədlər parlament seçkilərində alət kimi istifadə olunmalarını istəmirlər.
Qeyd edək ki, YAP 117 dairədən namizəd irəli sürüb. Lakin bu namizədlərin ən azı 50-55 nəfəri “qurbanlıq” hesab edilir. Yəni, YAP seçkilərdə onlara yox, gizli siyahıda olan namizədlərə dəstək verəcək. Əvvəlki seçkilərdə də belə olub.
Mənbəmiz bildirir ki, bu dəfə “qurbanlıq namizədlər” YAP rəhbərliyinin vədlərinə inanmırlar. Onlar hakim partiyadan açıq dəstək istəyirlər. “Yaxın günlərdə bu barədə YAP rəhbərliyinə ultimatum veriləcək. Yəni, əgər həmin namizədlərə dəstək verilməzsə onlar etiraz səslərini ucaldacaqlar. YAP-ın formal namizədləri hesab edir ki, hakim partiyanın siyahısından kənar namizədliyini irəli sürənlər barədə tədbir görüləcəksə, o zaman onlara dəstək verməyən yerli icra strukturları barədə tədbir görülməlidir. Formal namizədlər bilir ki, yerli icra strukturları gizli siyahıdakı namizədlərə dəstək verəcək. Ona görə də indidən bu məsələ ilə bağlı şərtlərini irəli sürmək istəyirlər”, – deyə mənbə bildirib.
Yeri gəlmişkən, YAP rəhbərliyi partiyanın qərarına əhəmiyyət verməyib namizədliyini irəli sürənlərə dəfələrlə xəbərdarlıq etsə də, nəticəsi olmayıb. Xeyli YAP-çı namizədliyini müstəqil şəkildə irəli sürüb. Bu günlərə qədər olan məlumata görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP-ın üzvü olan “Azərsutəchizat tikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Mirzəcan Xəlilov, 59 saylı Salyan seçki dairəsindən “Çörək” Açıq Səhmdar Cəmiyyətinin direktoru, hakim partiyanın üzvü Yusif Ələkbərov, 62 saylı Saatlı seçki dairəsindən YAP-çı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Minayə Əliyeva, 81 saylı Beylaqan seçki dairəsindən işsiz, YAP-ın üzvü Rəşad Əliyev, 87 saylı Ağsu-Ismayıllı seçki dairəsindən YAP üzvləri – “Real Press” qəzetinin baş redaktoru Raqif Əsgərov, Ağsu “Su tikinti” ASC-nin hüquqşunası Vidadi Məmmədov, fiziki şəxs Vüqar Nuriyev,
109 saylı Balakən seçki dairəsindən təqaüddə olan YAP-çı Məmməd Xanayev və 112 saylı Qax seçki dairəsindən rayonun təhsil şöbəsinin məsləhətçisi YAP üzvü Hacıxan Isgəndərov namizədliyini irəli sürüb. Onların hamısının namizədliyi qeydə alınıb. Göründüyü kimi namizədliyini müstəqil şəkildə irəli sürən YAP-çılar arasında vəzifəli şəxslər də var. Məhz bu şəxslərin namizədliyini müstəqil şəkildə irəli sürməsi inandırıcı görünmür. Mümkündür ki, bu şəxslər hakimiyyətdəki hansısa qrupların maraqlarını təmsil edir. Bu fakt onun göstərir ki, hakimiyyət daxilində parlament seçkiləri ilə bağlı ciddi parçalanma var.
Azadliq.info