Kremlin Suriya avantürası Azərbaycan üçün kritik seçim yaradıb

3-10-2015, 09:13   
Kremlin Suriya avantürası Azərbaycan üçün kritik seçim yaradıb

Türkiyə SQ Baş Qərargah rəisinin Bakı səfərinin mühüm pərdəarxası; ABŞ başqa olmaqla 7 dövlətdən Moskvaya xəbərdarlıq gəldi; tanınmış rusiyalı ekspertdən sensasiyalı açıqlama: “Rusiya üçün dünya müharibəsi başlayıb...”

Rusiya Suriyada Qərbə, Türkiyə başda olmaqla region ölkələrinə “əzələ nümayiş etdirməkdə” davam edir. Sentyabrın 30-dan başlayan və sanki dünyanın acığına müstəsna olaraq Bəşər Əsəd rejiminin xilasına yönəlik bu hərbi güc göstəricisi artıq ciddi müqavimətlə qarşılaşıb.

Məsələn, aviazərbələrin 3-cü günü 7 dövlət - ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə, Qatar və Səudiyyə Ərəbistanı (onların 4-ü BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvləri sırasındadır) Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatla bağlı birgə bəyanat imzalayıb.

Bəyanatda Rusiyadan Suriya müxalifətinə və mülki əhaliyə qarşı hücumlara dərhal son qoyması və İŞİD-lə mübarizəyə yönəlməsi tələb edilir: “ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qatar, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakıları bəyan edirik: Rusiya Federasiyasının Suriyada hərbi qüvvə cəmləşdirməsindən və xüsusən Rusiya Hava Qüvvələrinin dünəndən (sragündən-red.) bəri Hama, Hums və İdlibdə mülki əhali arasında itkilərə səbəb olan və İŞİD-i hədəf almayan hücumlarından dərin narahatlıq duyuruq. Gərginliyi artıran bu hərbi fəaliyyətlər ifrat radikalizmin daha da qızışdırılmasından başqa heç bir məqsəd xidmət etməyəcək. Rusiya Federasiyasını Suriya müxalifətinə və mülki əhliyə yönəlmiş hücumlara dərhal son qoyaraq İŞİD-lə mübarizəyə diqqətini yönəltməyə çağırırıq”.



Xatırladaq ki, Rusiya qırıcılarının bombardmanları nəticəsində Suriyanın Hums şəhərində 36 mülki şəxsin öldüyü barədə məlumatlar yayılıb.

***
Yaranmış vəziyyətdən ən çox narahatlıq keçirən isə təbii ki, qonşu Türkiyədır. Çünki Əsəd rejiminə qarşı döyüşən və mötədil silahlı qüvvə sayılan Azad Suriya Ordusu (ASO) bilavasitə Türkiyə və ABŞ-ın himayəsi ilə formalaşıb, ayaqda saxlanılır və bu üzdən Rusiyanın ASO-nun mövqelərini bombalaması faktiki surətdə Türkiyə və Amerikanın mövqelərini bombalamaq deməkdir.

Bu xüsusda baş nazir Əhməd Davudoğlunun son olaylara reaksiyası diqqətçəkicididr. O deyib: “Rusiya Suriya rejiminə müharibənin başladığı gündən dəstək verir. Boğazlardan keçən rus gəmilərinin nə daşıdığını, hara getdiyini hər kəs bilir” (axar.az).



Baş nazir Rusiyanın Suriyada müxalifəti bombalanmasının fayda gətirməyəcəyini söyləyib: “Tartusa, Latakiyaya gedən gəmilər Suriya rejiminə dəstək üçün gedirdi. Rejimə insan amili dəstəyini İran, silahları isə Rusiya verirdi. Bunu hər kəs bilirdi. Hazırkı situasiyada yeni olan rus təyyarələrinin əməliyyatlara başlaması oldu. Rusiya ilk əməliyyatlarda ASO mövqelərini vurdu. Bu açıq şəkildə çökməkdə olan Suriya rejiminə dəstək mənasını verir. Bəşər Əsəd iyulda döyüşməyə əsgər tapmırdı. Hava gücünü də itirməyə başlamışdılar. Bu gün Rusiyanın Suriyaya müdaxiləsi doğru deyil. İŞİD-ə qarşı mübarizə onsuz da var idi. Müxalifəti yox etmək üçün aparılan əməliyyatların fayda gətirəcəyini düşünmürəm”.

***
Gözlənildiyi kimi, bir çox ərəb dövlətləri də öz narazılıqları açıq ifadə etməyə başlayıb. “Rusiya bütün ərəb dünyasını ayağa qaldıra bilər. Rusiyanın hədəfi İŞİD yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur”. Bu sözləri isə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Politoloq Rusiyanın çox böyük bir münaqişənin içərisində olduğunu bildirib: “Rusiya Suriyaya daxil olmaq məsələsində israrlıdır. Moskva Əsəd rejimini qorumağa və Yaxın Şərqdə öz təsir dairəsini genişləndirməyə çalışır. Rusiyanın Suriya ilə birbaşa sərhədi olmadığından ancaq aviazərbələr endirir. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hər halda bu, Rusiya üçün çox ciddi və riskli bir addımdır. Hətta buna görə bütün ərəb dünyası Rusiyaya qarşı qalxa bilər. Xüsusilə də nəzərə alsaq ki, Rusiya təyyarələri artıq Əsəd əleyhdarlarının mövqelərini bombalamağa başlayıb”.



Politoloq əmindir ki, Rusiya artıq böyük bir münaqişəyə cəlb olunub: “Belə görünür ki, Rusiyanın hədəfi, İŞİD yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur. Çünki İŞİD-lə konfliktə getmək hazırda Rusiyaya bir o qədər də lazım deyil”.

***
“Rusiya üçün dünya müharibəsi başlayıb”. Belə bir sensasiyalı açıqlamanı isə rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk özünün facebook səhifəsində edib. “Faktiki surətdə 30 sentyabr 2015-ci ildən Rusiya və onun xalqı üçün dünya müharibəsi başlayıb - hansı ki, çoxdan, Belqradın bombalanması ilə hazırlanmağa başlamışdı və indiyədək Rusiyanın iştirakı olmadan gedirdi”.



Qriqori Trofimçuk

“Bu gün - 2015-ci ildə Rusiya 2001-ci ildə Amerika torpağında tarixi serial terror aktlarından sonra olduğu kimi, beynəlxalq terrorizmlə mübarizədə ABŞ-la həmənki və olduqca təhlükəli qarşılıqlı münasibətlər sisteminə çıxmağa cəhd edir (təkrar edirəm, məhz cəhd edir). Yada sala ki, məhz bu hadisələrin nəticəsində genişmiqyaslı terror dalğası Rusiya ərazisinə adlamışdı (”Nord-Ost", Beslan və s.) - hələ xarici dünyada baş verənləri nəzərə almasaq: bir-birinin ardınca Əfqanıstan, İraq, Liviya və s. ölkənin cəlb edilməsi. Başqa sözlə, yeni mərhələdə ABŞ-ın radikalizmə qarşı qlobal savaşına qoşulmaq Rusiya və bilavasitə onun bütövlüyü üçün daha ağır nəticələrə gətirə bilər" - qeyd edib Trofimçuk.

***
Yaranmış vəziyyət Azərbaycan üçün də keyfiyyətcə yeni situasiya formalaşdırıb. Söhbət təkcə Rusiya hərbi təyyarələrinin Azərbaycan hava məkanından istifadə eləməklə Suriyaya uçması barədə dolaşan xəbərlərdən getmir. İş ondadır ki, həmin təyyarələr Suriyada qardaş ölkənin də strateji maraqlarını, o cümlədən ABŞ-la birgə bufer zona yaratmaq planını bombardman etməyə başlayıb.

Bu mənada Rusiyanın son Suriya avantürası rəsmi Bakını da yetərincə ciddi seçimlə üzləşdirdiyini söyləmək olar. Bu barədə ötən sayımızda bəzi məqamlara toxunmuşuq. Böyük ehtimalla, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hülusi Hakarın bazar ertəsi ölkəmizə başlayacaq iki günlük səfərində Azərbaycanda (Dağlıq Qarabağda) Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə yanaşı, Kremlin yeni Suriya planlarında Bakının nə dərəcədə yer alması və yeni situasiyadan dolayı ortaq strategiyanın müzakirəsi əsas diqqət mərkəzində olacaq.

Tarixi təcrübə isə diktə edir ki, Azərbaycan bu kimi böhranlı situasiyaları Türkiyənin önündə yox, məhz yanında qərar tutmaqla minimal itkilərlə adlaya bilər. Azərbaycanın qardaş ölkənin yanında qərar tutmasını isə həm də vəfa borcu (1915) tələb edir.

İstisna deyil ki, Moskvanın Suriya planlarında əsas hədəflərdən biri məhz iki qardaş ölkənin arasını vurmağa, ardınca da “bulanıq suda balığı” daha asan tutmağa hesablanıb. Yəqin ki, Baklı və Ankarada bunu artıq yetərincə anlayıblar.

Siyasət şöbəsi musavat.kom
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.