ABŞ kəşfiyyatı: “Azərbaycan Qarabağı qaytarmaqda Rusiya ilə anlaşa bilər”

5-10-2015, 23:40   


Bu günlərdə ABŞ-ın özəl kəşfiyyat şirkəti “Stratfor” Rusiyanın Qafqaz strategiyasına dair analiz dərc edib.

Virtualaz.org saytının xəbər verdiyi kimi, həmin analizdə Azərbaycanla Rusiya arasında Qarabağa dair hansısa gizli sövdələşmə ehtimalından bəhs edilirdi.

İddia olunurdu ki, bu sövdələşmənin bir hissəsi kimi Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək, ətraf rayonlar Azərbaycana qaytarılacaq.

“Stratfor”un bu analizi geniş rezonans və müzakirələr doğurdu. İndi bu şirkətin strateji analiz üzrə vitse-prezidenti Riva Bhalla Ukrayna KİV-lərinə müsahibəsində Rusiyanın MDB məkanındakı köhnə münaqişələrin “donunu açması” ehtimalından danışır.

Onun fikrincə, belə münaqişələrin “donunu açmaq” münaqişəni qızışdırmaq qədər asan deyik.

“Siyasi məqamın yetişməsi lazımdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı situasiyaya nəzər salaq. Azərbaycan bütün müxtəlif qonşularla balanslaşdırma üzrə ekspertdir, xüsusən də Rusiya ilə Qərb arasında. Lakin keçmişə baxaq. Son aylarda Azərbaycan Rusiyaya daha yaxın olub. Və böyük sual budur ki, Moskva Bakı ilə hansı məsələdə anlaşmağa çalışır”- deyə Riva Bhalla bildirib.

“Stratfor” vitse-prezidentinin sözlərinə görə, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir. Ancaq bunu hansı yolla edəcək?

“Bütün məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağı qaytarmaq üçün hansı güzəştə gedəcək. Əgər söhbət hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman Azərbaycan tək hərəkət etməyəcək. Ermənistan boş yerə narahat deyil ki, Rusiya və Azərbaycan bu məsələdə anlaşa bilər”- R.Bhalla deyib.

Ekspertin fikrincə, Rusiya Qafqazda möhkəmlənmək istəyir. Onun Ermənistanla və Azərbaycanla kifayət qədər möhkəm münasibətləri var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.