Türkiyə-Azərbaycan hərbi ittifaqı - ədalətli sülhün vazkeçilməz qarantı

7-10-2015, 09:00   
Türkiyə-Azərbaycan hərbi ittifaqı - ədalətli sülhün vazkeçilməz qarantı


Qardaş ölkə Baş Qərargah rəisinin Bakı səfəri ikitərəfli əməkdaşlığın uğurlu davamının nümayişi və məkrli dairələrə növbəti mesajdır; ordu generalı Hulusi Akar: “Ankara Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartlara dözməyəcək”; işğalçı Ermənistanın artan narahatlığı boşuna deyil...

Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə amili heç sübhəsiz, təxminən Rusiya faktoru qədər önəm daşıyır. Əgər Rusiya ilk növbədə işğalçı ölkənin mövcudluq qarantıdırsa, NATO üzvü olan qardaş ölkə Azərbaycanın əsas və təbii müttəfiqi, Qarabağ danışıqlarında Bakının gücünə güc qatan, mövqeyini gücləndirən əsas amildir.

Sevindiricidir ki, son illər Türkiyə ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahələrdə də əməkdaşlıq yüksələn xətlə davam edib və edir.

Bunun ən bariz nümunələri kimi iki ölkə ərazisində intensivləşən hərbi təlimlər, habelə yüksək çinli hərbçi və generalların qarşılıqlı səfərləridir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın rəhbərlik elədiyi nümayəndə heyətinin oktyabrın 5-də başlayan və iki gün çəkən səfəri sözsüz ki, bu qəbildəndir. Gözlənildiyi kimi, ordu generalı və başçılıq elədiyi nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Ali qonaq həmçinin Müdafiə Nazirliyində olub, nazir Zakir Həsənovla bir araya gəlib.

Dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini və daim möhkəmləndiyini deyib. Hərbi sahədə əlaqələrimizin çox yaxşı tarixə malik olduğunu bildirən İlham Əliyev ölkəmizin müstəqilliyi dövründə ikitərəfli əməkdaşlığın daha da genişləndiyini vurğulayaraq son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edib.

Azərbaycanla Türkiyənin dünya miqyasında ən yaxın dövlətlər olduğunu vurğulayan İlham Əliyev ölkələrimizin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini qeyd edib. O, Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılacağına əminliyini ifadə edib.



Öz növbəsində Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib, istər Türkiyədə, istərsə də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi iş birliyinə nail olunduğunu vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Hulusi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını və böyük önəm daşıdığını deyib. O, Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə əlaqələrin qarşıdakı illərdə daha da genişləndiriləcəyini əminliklə qeyd edib.



Qarabağ probleminin həllində Azərbaycanın ədalətsizliklə üzləşməsinə toxunan ordu generalı bəyan edib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə nizamlanması üçün Türkiyənin dəstəyi davam edəcək. Türkiyə beynəlxalq ictimaiyyətin Ukrayna problemində göstərdiyi həssaslığı Dağlıq Qarabağ münaqişəsində də göstərməsini gözləyir”.

H.Akar ardınca qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) (“Çıraqov və digərlərinin Ermənistana qarşı” işi) 2015-ci ilin iyun ayında çıxarmış olduğu qərar Azərbaycanın mövqeyinin haqlı olduğunu bir daha göstərib və önəmli dönüş nöqtəsi olub: “AİHM həm Ermənistanın haqsız mövqeyini təsbit etdi, həm də bu ölkənin münaqişədə əsas məsuliyyət daşıdığını ilk dəfə hüquqi baxımdan sübut etdi”.

*****
Türkiyənin ordu generalı Bakıda ikən iki qardaş ölkə arasında hərbi əlaqələrin səviyyəsinə dəlalət edən maraqlı bir məlumat da yayılıb. Məlumata görə, Azərbaycan Türkiyə ilə milyardlarla dollarlıq silah sövdələşməsinə imza atıb. Virtualaz.org saytı airnewstimes.com-a istinadən xəbər verib ki, Türkiyənin TAİ şirkətindən 60 “T-129 ATAK” döyüş vertolyotunun alınmasına dair razılıq əldə edib. Sövdələşmənin ümumi dəyəri 3 milyard dollardır.
“T-129 ATAK” döyüş vertolyotları İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunur. O, “A-129 Mangusta” döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə yerli şərtlərə uyğunlaşdırılmış versiyasının birgə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub.



Vertolyotlar Türkiyənin TUSAŞ (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti-TAİ) və ASELSAN şirkətləri ilə İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunmaqdadır. İlk sınaq uçuşlarını 2011-ci ildə keçirib. Vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə hazırlanır. O cümlədən döyüş maşınlarının elektron sistemlərini ASELSAN təmin edir.

“T-129 ATAK” vertolyotları iki pilotludur. Qanadlarının altında Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan 76 “hava-yer” tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir. Vertolyotun silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 mm-lik avtomatik top da daxildir. Vertolyotun seriya istehsalına ötən il başlanılıb və 2018-ci ilə qədər Türkiyə Silahlı Qüvvələrinə 50 belə vertolyot təhvil verilməlidir.

“Amerikalı analitik: “Ukrayna və Suriya böhranları Qarabağa dair sülh əldə edilməsi ehtimalını azaldır...”“Kələki gündəliyindən”...)


“T-129 ATAK” vertolyotlarına maraq göstərən ilk xarici ölkə Azərbaycan olub. 2013-cü ildə əldə edilmiş anlaşmaya görə, TAİ 3 milyard dollarlıq 60 ədəd ATAK vertolyotu ixrac edəcək. Lakin sövdələşmənin detalları, vertolyotların nə zaman təhvil veriləcəyi haqda məlumat yoxdur. Hələlik bu vertolyotların Azərbaycan ordusunun silahlanmasına daxil olması barədə məlumat yoxdur. Bildirilir ki, Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya da TAİ-dən bu vertolyotların alınmasına dair danışıqlar aparır.
Qeyd edək ki, Azərbaycanın öhdəsindəki döyüş vertolyotları Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib. İndi Türkiyədən 60 “T-129 ATAK” vertolyotlarının alınmasına dair sövdələşmə şübhəsiz ki, Azərbaycanın işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyünü daha da möhkəmləndirməklə yanaşı, onu regionun ən güclü hava qüvvələrinə malik ölkələrindən birinə çevirəcək.



*****
Şübhəsiz ki, işğalçı ölkəni indi Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ilə yanaşı, hərbi-texniki sahədə genişlənən əməkdaşlıq da ciddi narahat edir, bərk qorxudur. Maraqlıdır ki, düşmən tərəfin hərbi rəhbərliyi cəbhə xəttindəki son böyük itkilərdən sonra (4 ölü, onlarla yaralı) iddia etmişdi ki, Azərbaycan ermənilərə qarşı Türkiyə istehsalı olan silah-sursatdan istifadə edir.

Təcavüzkar qonşumuzun narahatlığı, qorxusu əslində boşuna deyil, eyni zamanda Azərbaycanın xeyrinə işləyir. Çünki əraziləri işğal altında olan bir ölkə istənilən yolla öz hərbi gücünü artırmaq haqqına sahibdir...

Bu arada Vaşinqtondakı “Kornegi” fondunun analitiki Tomas de Vaal erməni portalına müsahibəsində təmas xəttində gərginliyin artmasında erməni tərəfinin də məsuliyyət daşıdığını bildirib. Qarabağ probleminin həllinin uzanma səbəblərindən danışan analitik məsələyə xarici amillərin təsirinə də toxunub və ilk növbədə Qərblə Rusiya arasındakı Ukrayna münaqişəsini qeyd edib.



Sitat: “Ukraynadakı müharibə Qarabağa dair sülh əldə edilməsi ehtimalını azaldıb. Minsk Qrupu həmsədrləri də indi ”minimum-proqram"la - təmas xəttində atəşkəsin qorunması və prezidentlərin görüşünü təşkil etməyə çalışmaqla məşğuldur. Ancaq bu gün çox az adam Qarabağ probleminin real həllinə inanır".

Xarici amillər sırasında Suriya böhranının rolundan danışan de Vaal bildirib ki, Suriya ilə bağlı Rusiya ilə Qərb arasında bəzi ümumi məqsədlər olsa da, istənilən halda Dağlıq Qarabağ məsələsində çoxsaylı fikir ayrılıqları olacaq: “Məsələn, konkret hansı ölkənin Qarabağda sülhməramlı missiyanı həyata keçirməsi məsələsində”.

Ekspert həmçinin narahatlıq ifadə edib ki, konflikt zonasında situasiya yaxşılaşmaq əvəzinə daha da pisləşə bilər. “Heç kim Qarabağ məsələsinə yetərincə diqqət ayırmır. Və hökmən təmas xəttində nəsə pis bir şey baş verməlidir ki, Vaşinqton və Paris əmin olsun ki, Moskva ilə əməkdaşlıq eləmək və diplomatik səyləri artırmaq lazımdır” - əlavə edib Tomas de Vaal.musavat.kom
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.